Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
Elmi şura
İctimaiyyətlə əlaqələr şöbəsi
Qaynar xətt
Azərbaycan dilinin dialektologiyası şöbəsi
Təhsil şöbəsi
Elmi kitabxana
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
LİNKLƏR
 
 
 
   
 
SAYĞAC
 
free counters
13.06.2018

AMEA-nın Dilçilik İnstitutu “Saytların dil mənzərəsi” mövzusunda Mətbuat konfransı keçirib

Tədbiri giriş sözü ilə Dilçilik İnstitutunun direktoru akademik Möhsün Nağısoylu açaraq “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” ilə bağlı görülən işləri diqqətə çatdırıb. Akademik bu proqramın Azərbaycan dilinin inkişafı üçün geniş imkanlar açdığını vurğulayaraq KİV nümayəndələri ilə belə görüşlərin tez-tez keçirilməsinin əhəmiyyətindən danışıb.

İnstitutun Monitorinq şöbəsinin müdiri f.e.d., dos. Sevinc Əliyeva isə bildirdi ki, irəliyə doğru atılan addımlarda Monitorinq şöbəsinin rolu böyükdür. Yaxın günlərdə “Musiqi ifaçılarının nitqində ədəbi dil normalarının pozulması” mövzusunda aparılmış monitorinqin nəticəsini açıqlayacağıq.

İnstititutun aparıcı elmi işçisi fil.ü.f.d, dos. Şahlar Məmmədov çıxışında saytlarda dilin inkişafına təsir edəcək ciddi proseslərin müşahidə edildiyini deyib: “Saytlar publisistik üslubun yazılı kütləvi nitq forması olduğu üçün danışıq dilinə çox yaxındır. Saytlarda dilin dinamikliyi, sərbəstliyi, yığcamlığı, bəzən də obrazlılığı onun kütləviliyindən irəli gəlir. Məsələn, “Bakıda avtomobil bazarında QİYMƏTLƏR oynayır ”,“Firuzə İbadovanın boşanan qızı hicaba keçdi” və s. Bu cür xəbər başlıqları adətən danışıq dilinin təsiri ilə yaranır.

Saytların dilində ədəbi dilin təmizliyini pozan sözlərə də rast gəlirik. Məsələn, “L.Əkbərova onlara 100 min manatdan çox pul “atıb”. 

Monitorinqə cəlb etdiyimiz APA, Lent.az, AZƏRTAC, Axar.az, Moderator.az, Müsavat.com, Trend.az, Teleqraf.az, Modern.az, Bakupost.az, Arqument.az, Qaynarinfo.az, Milli.az, Qafqazinfo.az İlkxəbər.org, Turkustan.info, Azpress.az, Azxəbər.com, Reaksiya.az, Aydınlıq.az, Cebhe.Info, Minval.info, Report.az və digər saytlarda norma pozuntuları müxtəlif dil səviyyələrində özünü göstərir.

Fonetik normanın pozulması halları əksər saytlarda müşahidə olunur: “ Şəhərdə gəzərkən ehtiyyatlı olun”, Rusiya açıqladı: 200 tonluq balisti k raket...” “...borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılaraq aidiyya tı üzrə təhvil verilib”, “...Türk Dil Qurumunun sabiq sədri, Hacettepe Universitetinin professoru Şükrü Haluku Akalınla görüş keçirilib”və s. Xəbər mətnləri ilə müqayisədə müsahibə mətnlərində səhvlər daha çox olur. Adətən mətnlər ciddi şəkildə redaktə olunmadan yayımlanır. Məsələn, bir cümlədə eyni mürəkkəb adın iki formada yazılışı da bunu göstərir: Xarici İşlər nazir i Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan Monqolustanın xarici işlər naziri Damdin Tsogtbatarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib”.

Ümumiyyətlə, saytlarda xüsusi adların yazılışında ciddi qüsurlar mövcuddur.

Burada yazılışı fərqli formalarda olan elə terminlərə də rast gəlirik ki, onlar Orfoqrafiya lüğətində (2013) yoxdur. Məsələn: “Kim kimi döyəcək: jurnalist bloqqeri , yoxsa bloqqer jurnalisti?”

Saytların dilində leksik, üslubi və qrammatik normanın pozulması halları da özünü göstərir. Məsələn, “ Teleqraf.az  qafqazinfo-ya istinadən xəbər verir ki, belə ki, 1 şagird 700 bal, qalan 7 şagird isə 600-dən yuxarı nəticə göstərib”, “ Tədbir iştirakçıların a təqdim olunan Azərbaycandan təşrif buyurmuş «Təzadlar» qəzetinin əməkdaşı Elçin Məmmədli tədbir iştirakçılarını salamlayaraq...”, “Paşinyandan Qarabağla bağlı İNANILMAZ ADDIM: müharibə çağırışı rəsmən TƏTİKLƏNDİ ”, “ ABŞ-ın Havay adalarında 3 mayda fəaliyyətə keçən Kilauea vulkanı 23 gündür lava püskürməyə davam edir” və s.

Cümlədə söz sırasının dəyişməsi nəticəsində qrammatik normanın pozulduğu hallar da mövcuddur. Bu cür norma pozuntuları daha çox danışıq dilinin təsiri ilə baş verir: “Sumqayıtda yaşlı qadına səhv iynə vurdular –ÖLDÜ”, “Sumqayıtda 61 yaşlı qadın vurulan səhv iynədən ölüb”. Dildə səhv iynə ifadəsi yoxdur.

Saytlarda müşahidə olunan norma pozuntularından biri də cümlədə durğu işarələrinin düzgün qoyulmamasıdır: “ Axı , hazırda Azərbaycanda əhalinin gəlirləri ilə xərcləri uyğun deyil”, “Amma bir məsələ var ki, kainat durmadan genişlənə bilməz. Çünki , onu genişlənməyə sövq edən qüvvə hər şeyi genişləndirməli idi”, “ Halbuki,  kim nə bilir ki, insanda nələr var ? ” və s. Qaydaya görə bu köməkçi nitq hissələrindən (axı, çünki, halbuki) sonra vergül qoyulmur.

Sonda alimlər KİV nümayəndələrinin suallarını cavablandırıblar.

 

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.