Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
07.11.2018

Möhsün Nağısoylu
AMEA Nəsimi adına Dilçilik
İnstitutunun direktoru, akademik

Azərbaycan dilinin saflığının qorunması ilə bağlı tədbirlər haqqında

1 noyabr 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ana dili ilə bağlı daha bir dövlət sənədinə imza atmışdır. Bu, “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər planı haqqında” Fərmandır. Ölkə başçısının bu Fərmanı ana dilimizin tətbiqi və təbliğinə, onun saflığının qorunması və inkişafına böyük diqqət və qayğının daha bir bariz nümunəsidir. Sözügedən Fərman dünya dilləri sırasında istər lüğət tərkibinin zənginliyinə və ahəngdarlığına, istərsə də mükəmməl qrammatik quruluşuna və rəngarəng ifadə vasitələrinə görə özünəməxsus yeri və çəkisi olan müasir Azərbaycan dilinin tətbiqi sahəsində hüquqi tənzimləmənin və daimi dövlət nəzarətinin təmin edilməsi məqsədini daşıyır. Mühüm əhəmiyyət kəsb edən bu mötəbər dövlət sənədi eyni zamanda televiziya və radio kanallarında və internet resurslarında, mətbu nəşrlərdə və reklam daşıyıcılarında açıq-aşkar şəkildə özünü göstərən ədəbi dilin normalarının kobud şəkildə pozulması, fonetik, leksik və qrammatik qaydalara əməl edilməməsi hallarının qarşısının alınmasına yönəldilmişdir. Fərmana əsasən Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında yaradılacaq Monitorinq Mərkəzi məhz bu funksiyanı yerinə yetirəcək və düşünürəm ki, bu qurum publik hüquqi şəxs kimi bir tərəfdən dilimizin saflığı ilə bağlı mövcud olan boşluq və nöqsanları aradan qaldıracaq, digər tərəfdən isə dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi istiqamətində səmərəli fəaliyyət göstərəcəkdir.
“Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir”. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin bu sözləri dünya şöhrətli dövlət xadiminin ana dilimizə nə dərəcədə böyük önəm verdiyini açıq-aşkar şəkildə sübut edir. Ulu öndərin rəhbərliyi altında işlənib hazırlanmış və 1995-ci ilə ümumxalq səsverməsi ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası, eləcə də Azərbaycan Respublikası Prezidentinin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli, 2002-ci ildə qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu dilimizin hüquqi və dövlət statusunun müəyyənləşdirilməsi məsələsində mühüm rol oynamışdır. Ümummilli liderin layiqli varisi olan və onun dövlət siyasəti kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də dövlət dilinə daima qayğı və diqqət göstərmiş və bu istiqamətdə bir sıra Sərəncam və Fərmanlara imza atmışdır. Onlar sırasında 2012-ci il 23 may tarixli “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə dair Dövlət Proqramı haqqında”, 2013-cü il 9 aprel tarixli “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi haqqında”, 17 iyul 2018-ci il tarixli “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamları xüsusi yer tutur. Bütün bu Sərəncamlar ana dilinə dövlət qayğısının artırılması və ölkədə dilçilik sahəsində sanballı araşdırmaların aparılması üçün əlverişli şərait yaratmışdır.
Xüsusi olaraq vurğulamaq lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 9 noyabr 2015-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının70 illik yubileyində söylədiyi dərin məzmunlu çıxışında ədəbi dilimizdə xarici kəlmələrin işlədilməsi ilə bağlı narahatlığını bildirmiş və bu kimi halların yolverilməz olduğunu bildirmişdir: “Bu gün bəzi hallarda görəndə ki, dilimizə xaricdən müdaxilələr edilir və bəzi hallarda bu müdaxilələr Azərbaycanda da dəstək qazanır, bu, məni doğrudan da narahat edir. Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyacı yoxdur. ... İmkan verilməməlidir ki, ana dilimizə yad kəlmələr daxil olsun. Bəzi ictimai xadimlərin, hökumət üzvlərinin çıxışlarında, bəzi televiziya verilişlərində, Milli Məclisdə eşidirəm ki, kənar kəlmələrdən istifadə edilir. Buna ehtiyac yoxdur”. Onu da qeyd etmək lazımdır ki, AMEA Nəsimi adına Dilçilik İnstitutunda artıq bir neçə ildir ki, həm Monitorinq şöbəsi, həm də Qaynar xətt fəaliyyət göstərir. Monitorinq şöbəsinin əməkdaşları vaxtaşırı olaraq ədəbi dilin saflığının qorunması və onun normalarının gözlənilməsi istiqamətində maarifləndirmə işləri aparmış, konfranslar keçirmiş və bütün bunlar müəyyən qədər öz səmərəsini vermişdir. Bununla belə, düşünürük ki, sözügedən şöbənin istər səlahiyyətlərinin məhdudluğu, istərsə də əməkdaşlarının sayca azlığı bu dövlət əhəmiyyətli işin yüksək səviyyədə həllində yetərli olmamışdır. Bu baxımdan Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin yaradılması kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında yol verilən ədəbi dil normalarının pozulması hallarının qarşısının alınması məsələsinə müsbət təsir göstərəcək və qısa bir zamanda bu sahədə ciddi irəliləyişlər və müsbət nəticələr əldə ediləcəkdir.
Ölkəmizdə dilçilik üzrə fundamental elmi araşdırmaların mərkəzi və aparıcı təşkilatçısı kimi tanınan AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşları ölkə Prezidentinin bu Fərmanını alqışlayır və ilk növbədə yeni yaradılacaq Monitorinq Mərkəzinin səmərəli fəaliyyəti üçün tədbirlər planı hazırlayır. Düşünürük ki, istər Dilçilik İnstitutunun əməkdaşlarının, istərsə də ölkəmizin digər tanınmış dilçi alimlərinin yeni yaradılacaq qurumla birgə əməkdaşlığına böyük ehtiyac vardır. Bu istiqamətdə mütəxəssislərin səylərinin birləşdirilməsi, birgə fəaliyyəti məqsədəuyğundur və ədəbi dilimizin saflığı ilə bağlı mövcud nöqsanların aradan qaldırılması məsələsində olduqca əhəmiyyətlidir.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.