Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
18.03.2019

AHISKA TÜRKLƏRİ VƏ AZƏRBAYCAN

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Müasir Azərbaycan dili şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İsmayıl Kazımov Türk Ocaqları Dərnəyi Bursa Şöbəsi və Bursa Uludağ Universiteti tərəfindən 11 mart 2019-cu il tarixində düzənlənən «II Uluslararası Türk Toplulukları Bilgi Şöleni: Ahıska Türkleri» simpoziumda iştirak etmişdir. O, «Ahıska türklərinin dili və etnik tarixi» mövzusunda məruzə ilə çıxış etmişdir.
Həmin məruzəni olduğu kimi təqdim edirik.

 

AHISKA TÜRKLERİNİN DİLİ VE MENŞEYİ

Prof. Dr. İ.B.Kazımov
Azerbaycan, Bakı, AMEA- Nesimi adına
Dilçilik İnstitutunun bölme başkanı

Açar kelmeler: Ahıska türkleri, ahıskalıların dili, etnik menşe.

Biz bu ad altında ayrıca bir dili yox, ahıskalıların danışdığı dilin xüsusiyyətlərini nəzərdə tuturuq.

90-cı illərdə, yəni SSRİ dağılandan sonra BMT çərçivəsində azsaylı və dəfələrlə deportasiyalara məruz qalmış türk xalqlarının siyasi və etnik tarixinin, mədəniyyəti və folklorunun, həmçinin dil xüsusiyyətlərinin öyrənilməsinə xüsusi diqqət yetirilmişdir.
Dilçilikdə Vhıska türklerinin dili və menşeyi araşdırılmamasından, çağdaş tədqiqatlarda bu problemin obyektik injələnməsi bu elmin çox mühüm məsələlərindəe sayıla bilər. Problemin öyrənilməsini məhz bu jəhət şərtləndirir. Ahıskalılar Qafqazın qədim etnoslarından biri olmuşlar. Ahıska türkləri iki dəfə deportasiya olunmuş kiçik xalqlardandır; hələ də kompakt şəklində öz əzəli torpaqlarına qayıda bilməmişlər. Onların qat-qat çox olan problemlərinin bütün mürəkkəb kompleksini öyrənib dərk etmək üçün həmin toplumun dilinin indiki durumunu da dərindən təhlil edib öyrənmək lazım gəlir. Təəssüf ki, keçən dövr ərzində bu sahədə tədqiqatlar aparılmamış, bu topluma və onun dilinə maraq göstərilməmişdir.
Ahıska türkləri buntürk, mesheti, Qafqaz türkü, adları ilə tanınmışdır. Ahıska türklərinin dili daha çox qıpçaqlara bənzəyir. Bu toplumun oğuz tipoloji quruluşuna malik olması da təsbit edilmişdir. Osmanlı türkləri olaraq da bilinən Ahıska toplumunun osmanlı fizionomiyası ilə heç bir bənzərliyi yoxdur. Bu gün Azəri olaraq bilinən xalq dil cəhətdən Ahıska türklərindən fərqlidir. Ahıska toplumunun dili Azərbaycan və Türkiyə türkcələri ilə müqayisədə daha qaba və sərt cizgilərə malikdir.
Ahıska toplumunun mənşəyində fikir ayrılığı yaranmışdır.Miladdan əvvəl VII-VIII yüzilliklərdə onların məskun olduğu Gürcüstan ərazisində iskitlər, sakalar hökmranlıq etdiyi üçün Ahıska adını bunlarla əlaqələndirirlər. Miladdan əvvəl II minillikdən Qara dənizin cənub-şərq sahillərində yaşamış mosxlar(mosak, moşk) min ildən çox Ahıskadan Frikiyaya qədər böyük bir ərazidə fatehlik etdiyi üçün bunlar mesxeti türkləri də adlandırılmışdır.
Gürcü alimləri ahıskalıların müstəqil dilə, mədəniyyətə, etnik psixologiyaya məxsus xalq saymır, onları İslam dinini qəbul etmiş, «müsəlman gürcüləri», yerləşmə-coğrafi baxımdan is mesxetlilər, Mesxeti gürcüləri adlandırmışlar (Barataşvili K. Qruzinskie familii mesxov-musulğman. Tbilisi, 1997, s.3)
Xalqın dili onun milli mədəniyyətinin ayrılmaz hissəsidir. Ahıska türklərinin dilinin türk dilləri qrupuna daxil olması danılmaz gerçəklikdir.
Ahıskalılar haqqında olan tarixi gerçəkliklər həm də təhrif olunur. Beləliklə, Axısqa türklərinin mənşəyi danılır, onların türk deyil, türkləşmiş gürcü olmaları haqqında da boş xülyalar səsləndirilir. Məqsəd isə bu etnosu dünyanın etnik xəritəsindən silməyə cəhd etməkdir. Gürcü alimlərinin mesxi adlandırdığı Axısqa türkləri isə özlərinin etnosa məxsus bütün komponentlərini, ədət-ənənələrini, etnik psixologiyasını milli-mənlik şüurunu qoruyub saxlamaqla özlərinin gürcü deyil, ondan fərqli olan bir etnosun nümayəndələri olduğunu sübut etmişlər. (Bax: Kazımov İ. Axısqa türkləri: dil, tarix və folklor. Bakı, «Elm və təhsil», 2012).
Ahıska türklərinin dil xüsusiyyətləri ilk dəfə akademik Y.N.Marr (1) akademik S.S.Cikiya (2), S.Cəlilov (3) və İ.Kazımov (4) tərəfindən öyrənilmişdir. Ahıska türklərinin dili qıpçaq mənşəlidir. Ancaq onların məskunlaşdığı coğrafiya oğuz yolunun üçtüdür.
Hər hansı bir dil sosial hadisə kimi cəmiyyətin həyatında öz məqsəd və vəzifəsini müxtəlif sferalarla yerinə yetirərkən təkmilləşmək, mükəmməlləşmək, öz daxili resupslarını inkişaf etdirmək üçün başqa dillərlə də qarşılıqlı əlaqəyə girməlidir. Bu əlaqə bəzən dil normalarının pozulmasına, yeni xüsusiyyətlər qazanmasına səbəb olur.
Dil dar mühitə, durğunluq vəziyyətinə düşəndə ictimai funksiyasını itirir, onun yayılma arealı isə zəifləyir. Ahıska türklərinin də dili belə olmuşdur. Bu dil Qafqazda da, Ukraynada da, Orta Asiyada da əsas funksiyanı yerinə yetirməmiş, ancaq ünsiyyət və təsərrüfatla bağlı mövqeyini qoruyub saxlamışdır.
Maraqlıdır, eyni dil müxtəlif regionlarda fərqli əlamətlər qazana bilər. Məsələn, Moldavada və Ukraynada yaşayan qaqauzların dili ilə Qazaxıstanda yaşayan qaqauzların dili arasında, eləcə də orada yaşayan azərbaycanlılarla, Qafqazda yaşayan azərbaycanlıların dili arasında müəyyən diferensiya mövcuddur.
Ahıska türkləri dilini sevən, onun qədir-qiymətini bilən bir toplumdur. Dil də Vətən kimi bu xalqın yüzilliklər boyu mənəvi dünyası olmuş, savadlı da, savadsız da bu dilin keşiyində dayanmış, onu sevmiş, yad təsirlərdən qorumağa çalışmışdır. Təbiidir ki, öz dillərini inkişaf etmiş ədəbi dillərdən saymış, həmişə bu dilin varlığı uğrunda əzmlə mübarizə aparmışdır.
Dil bu xalqın öyüdlərində, nəsihətlərində xatırlanır: «Bən kocaldım, geder oldum, sen dilini koru oğul! Vətəndədir hər insanın həyat adli nuri, oğul» (G.Şahin).
Dili qorumaq təşəbbüsü hələ 1930-cu illərdə Adıgündə çap olunmuş «Qızıl rəncbər» (1933), «Adıgün kolxozçusi» (1936), Axalsixdə çap olunmuş «Kommunist» (1930), «Qızıl bayraq» (1938), Alpinzada çap olunmuş «Bağban» (1933), «Sosializm kəndi» (1940) və s. qəzetlərdə qaldırılırdı. Əsasən təsərrüfat qəzetləri olsa da, bu mətbu orqanlarda dilin ənənələrinə toxunulurdu. Dil və əlifba birliyindən yazılar verilirdi. Milli dildə, milli ləhcədə teatrlar səhnəyə qoyulurdu.
«Vətən» cəmiyyətinin təsis etdiyi «Vatan aşkı» qəzeti birinci sayında (baş məqalədə) 3 mart 1992-ci ildə yazırdı: «Hər xalqın varluğunun birinci göstəricisi onun doğma dili- ana dilüdür. Dünya işığına göz açan gündən eşitdumuz, anamızın tatlı-tatlı nənniləriynən canımıza, qanımıza keçmiş, bizdən ötri dünya dillərinin həpsindən əziz, doğma, gözəl olan ana dilidur. Ona görə biz çalışacayux ki, qazeti ilk dövrlərdə xalqın əksəriyyətinin oxiya bilməsi üçün, əsasən, ana dilimizdə kiril və latın qrafikasıynan, bazi rasmi yazılari isə rusca, iki haftada bir dəfə çap edax».
«Ziyalılar, hay verin!» yazısında oxuyuruq: «Gürcüstanın bazi şovinist alimləri və bizim yüzdən irak düşüncəsiz, uzağı görmiyan «ziyalilarımız» dilimizə qarşı qara yaxmaya çalışiyerler. Biz türk kimi kendi tariximizi, mədəniyyətimizi, ədəbiyyatimizi, dilimizi və milli bənluğumuzi müəyyən etmaliyux. Bunun üçün- dilimizin ögrənilməsi vətəbliği; türk dili dərsluxlarının tərtibatına nail olmax; ayrı-ayrı regionlarda türk dilinin tədrisini həyata keçirmax; regionlarda radio və televiziya verilişlərini türk dilində təşkil etmax; türk dilində kütləvi, bədii və digər ədəbiyyatların çapına nail olmax».
«Həmdərdlərimə» adlı yazıda (27 mart 1992-ci il (№ 2) oxuyuruq: «Bizim bir-birimiznan öz ana dilimizdə qonuşmamızı dünya malına- sərvətinə degişmam. Bunun qiyməti, bahasi, narxi yoxdur. Ana dili! Gözümizi açıb dünyaya baxan gündən sayca az olan xalqımızın vətənə deyib agi söyləduğini, acı göz yaşlari tökən analarımızın beşigimiz üstündə sızıltı mənilərini bu dildə eşitdux: Of dedim dilim yandi, Od dutdu kilim yandi. Bən vətəndən ayrıldim, Toprağım, elim yandi.
Ana dili, bu xalqın başbilənlərinin fikrincə, indiki vaxtda xalqı birləşdirən bağdır. Ona görə də dilin safluği, təmizluği, onun hərkeş tərəfindən ağnaşılmasi, ham gündəlux həyatımızda, ham da elmi-ədəbi aləmdə onun aktiv işlənməsi xalqi daha da möhkəm tellərinən bir-birinə bağliyer».
«Əgər xalqımız 47 yillux repressiyaya məruz qalmışsa, dilimiz yüzyilluxların repressiyasına məruz qalmışdur. Öncə, gürcü dilinin əhatəsində olduğundan dilimizə çoxli gürcü səsi və sözləri keçmiş, sohunki 47 yildəysə ayrı-ayrı xalqlar aoasına səpələnduğundan bir qaç qola haçalanmağinan safluğini daha da yitürmişdur» («Vatan aşkı» qəzeti, № 1 (6), 1992).
1944-cü ildə Orta Asiya torpaqlarına sürgün edilən Ahıska türklərinin faciəli həyatının bir hissəsi dillə bağlı xatırlanır: «Onlar yad ölkələrdə dillərini, ənənələrini unutmağa başladılar. Bu xalqın öz dilində bir dənə də məktəbi yoxdur. Başqa mədəni müəssisələrdən, təşkilatlardan isə heç danışmağa dəyməz. Xalq öz dilini unutmaq təhlükəsi qarşısındadır. Onu da nəzərə almaq lazımdır ki, ölməz «Dədə Qorqud»un dili onların dilinə daha çox yaxındır. Heç olmasa, «Dədə Qorqud»un xatirinə bu dili məhv olmaqdan qorumaq lazımdır».
Beləliklə, yad mühitdə, müxtəlif dillərin əhatəsində uzun bir inkişaf yolu keçmiş Ahıska türklərinin dili (tarixən bun türkləri, mesxetiitürkləri) bu gün ancaq təsərrüfatla bağlı mövqeyini qoruyub saxlamışdır. Müxtəlif mənbələr, sənədlər göstərir ki, əvvəllər bu dilin intişar və işlək dairəsi yüksək olmuşdur. Bu dilə 30-cu illərdə «tatar dili» və «Azərbaycan dili» də deyilib. Gürcüstanda gürcülər, firənglər və digər millətlər həmin dildə danışır, mahnı oxuyur və qoşqular qoşurdular. Bu dildə folkor örnəkləri yazıya alınırdı. Həmin fikirlərə akademik N.Y.Marrın qeyd və gündəliklərində rast gəlirik (Marr N.Ə., Marr Ö.N. Zametki o tureükom əzıke okrestnostey Abastumani. M., L., İzd-vo Akademii Nauk SSSR, 1937, s. 27-31).
Bu xalqın böyük oğlu Ömər Fai hələ 19125-də «Yeni iqbalda yazırdı: «Məhəbbətimizin ən üst qatına dil məbəbbətini çıxarmalayırıq. Dilimimizi sevmək hamımızın ən birinci müqəddəs borcu olmalıdır. Biz özümüzü bilməsək, öz dilimitzi bəyənməsək, kim bizə hörmət edəcək və nədən ötrü də etsinlər. Nədən gözəl, dadlı dilimizi bəyənmirik? Nədən bu gözəl dilimizi yaymağa can-başla çalışmırıq? Sözlərim doğru isə gəlin birləşək! Dil məhəbbətini mildlət məhəbbətinin başlanğıcı bilək. Dilimizə ən dərin eşq və məhətlə sarılaq. Bunun xatirini heç bir xatirə dəyişməyək. Millət düşüncəsini yenə milli dil dil ilə ürəklərə birləşdirək! («Yeni iqbal» qəzeti, 2 iyul 1915, № 57).
Ahıska türklərinin dilinin leksikasının 2%-dən çoxunu gürcü-kartvel mənşəli sözlər təşkil edir: karaki (kərə yağı), satxi (qoyun pendiri), çadi (qarğıdalı çörəyi), pəpə (çörək), xinkal (düşbərəyə oxşar xörək), xaçapur (pendirdən və soğandan hazırlanmış duzlu salat), lazut (qarğıdalı), çarxala (çuğundur), kurka (meyvə), zığel (diş əti), nikart (dimdik) və s.
Qədim gürcü dilindən qalma substratlar da Ahıska türklərinin dilində işləkliyini itirməmişdir. Məs.: kuç- kuçi (gürcücə)- mədə; tuç- tuçi (gürcücə)- dodaq; tün –gürcücə tvini (beyin); kud (quyruq); menz- menze (gürcücə)-beyin və s.
Qazaxıstanda qazax dilinin təsiri ilə Ahıska türklərinin dilinə aşağıdakı sözlər keçmişdir: kəsmə (əriştə), toxaç (bağırsaq), kömbəç (çörək bişirilən tava), taxya (araqçın), masak (çuğundur), qüzlük (payızlıq buğda), dombura (xalq çalğı aləti) və s.
Cənubi Gürcüstandan sürgün edilən Ahıska türklərinin bir hissəsi Rusiyanın vilayətlərində yaşamağa başladılar. Onlar yunanlarla qaynayıb-qarışdılar. Yunan dilindən kiramet (kərpiç), laxana (kələm), tırpan (dəryaz), dirqən (yaba), sinor (sərhəd), nənni (beşik), umuz (çiyin) və s. sözləri aldılar.
Özbəkistanda yaşamış Ahıska türkləri bu dilə məxsus çekiş, çamaşır, paxta (pambıq), fərzənt, kisla (qışlaq), asiman və s. sözləri mənimsədilər.
Ukraynada yaşayan türklər öz dilini, etno-mədəni və tarixi birliklərini qoruyub saxlamışlar. Eyni zamanda onlar dil, ədəbiyyat, folklor, tarix və etnoqrafiya, maddi və mənəvi mədəniyyətlərinə biganə olmamış, həmçinin də Ukrayna və türk xalqları arasındakı münasibətlərini inkişaf etdirmişlər. Sosiolinqvistik təsirlər bu xalqları bir-birinə yaxınlaşdırmışdır. Bu millətlərin Ukrayna və digər ərazilərdə təmərgüzləşməsi sosioloji prosesləri doğurmuşdur. Hər bir dildə baş verən hadisə və proseslər müəyyən sosiolinqvistik amilləri formalaşdırmışdır. Onların bir yerdə yaşamaları kommunikativ prosesin vəhdətini yarada bilmişdir. Bu zaman cəmiyyətin sosial diferensiallaşması və nitq davranışı kimi faktorlar meydana gəlmişdir. Yad mühitdə həmin dilin qorunması və dəyişməsi, dil millətçiliyi, dil planlaşdırılması kimi anlayışları da ortaya çıxmışdır. Sosial faktorların dil sisteminə və onun inkişafına təsiri problemi yaranmışdır. Bu mənada bu gün yad ərazilərdə, qonşuluq şəraitində yaşayan türkdilli xalqların dillərinin fəaliyyətinin, inkişafının və bir-birinə qarşılıqlı təsirinin ümumi, xüsusən, sosial şərtlənməsi qanunauyğunluqlarını və s. öyrənmək qarşıda duran mühüm məsələlərdəndir.Dillərin öyrənilməsinin sosiolinqvistik aspekti cəmiyyətin inkişafı ilə şərtlənən, cəmiyyətin dillərin qarşılıqlı təsirinə və hər hansı bir dilin fəaliyyətində dil elementlərinin qarşılıqlı münasibətinə göstərdiyi təsirlə səciyyələnən bütün dil hadisələri ilə bağlı olan problemlər məcmusunu əhatə edir.
I. Ahıska türklərinin özünəməxsus dil özəllikləri, birincisi, fonemlər sistemində görünür. Fonetik sistemin ətraflı tədqiqi göstərir ki, müxtəlif quruluşlu, müxtəlif sistemli dillərin əhatə və təsiri altında olmasına baxmayaraq, ahıskalıların dili milli və orijinal xüsusiyyətlərini qorumuş, uzun bir mübarizə yolu keçərək başqa dillərin assimilyativ təsirindən özünü xilas edə bilmişdir. Əksəriyyət etibarilə öz varlığını qorumaqla bəzi yad təsirlərə də məruz qalmışdır. Fonetik xüsusiyyətlər bütövlükdə dilin özünə məxsusdur və onu yalnız Qafqaz dillərindən deyil, şərqində, qərbində və cənubunda yerləşən qohum türk dillərindən də fərqləndirir. Ahıskalıların dilində p, g, k, t, ç səslərindən ibarət maraqlı abruptiv-nəfəsli səslər vardır və bunların mənşəyinin öyrənilməsi maraqlı elmi nəticələr çıxarmağa imkan verər. Fiziki, fizioloji və etnik-psixoloji kökləri izah edilməli olan samit keçidləri: n-v (könül-kövül), q-x (eşq-aşx), y-q (söyüd-söqüt, iynə-iqnə), s-z (sərxoş-zarxoş, sanki-zanki), c-j (canavar-janavar, camuş-jamuş), samit qoşalıqları (həppiniz, təqqət, doxxuz, aşşaği, ottuz və s.), qonşu türk dillərində cingiltili d ilə tələffüz edilən bir çox sözlərin t ilə tələffüzü (dağ-tağ, daş-taş), aydın nəzərə çarpan h-laşma (haçar, harx), söz önündə y səsi (yigit, yuca, yüz-üz), bir sıra sözlərdə labiallaşma (xoroz, savux, avuç), oğuz qrupunda sonralar o-laşmada olan bir çox sözlərdə əks prosesin- qədim formanın saxlanması (av, avçi, tavux), sağır n və qovuşuq nq səslərinin dildə sabitliyi- bütün bunlar bu toplumun dilinin fonosemantik sisteminin müəyyənləşməsində, təşəkkülündə fonetik qanun və hadisələrin həlledici rolunu üzə çıxarır.
Ahıskalıların dilində ts və dz qovuşuq səslərinə Azərbaycan şivələrində də təsadüf olunması Qafqazın qədim türk etnik tərkibi ilə bağlıdır. Bəzi şivələrdə çay sözünün tsay, çəmən sözünün tsimən fonetikası ilə ahıskalıların türkcəsinə uyğunluğu nə Ahıska türkcəsinin azərbaycancaya, nə də azərbaycancanın Ahıska türklərinin dilinə təsiri sayıla bilər. Bu, qədim, hun-qıpçaq dalğasının bütün Qafqazı əhatə etməsi faktının təzahürlərindəndir. Tarixçilər bunu tarixi-etnik, dil arxeologiyası kimi qəbul etməlidir.

II. Bu toplumun dilinin lüğət tərkibi öyrənilərsə, türkoloji dilçilik üçün çox zəngin və maraqlı material əldə oluna bilər. Çünki bu dil bütün təsir və təzyiqlərə baxmayaraq, bir çox arxaik formaları qoruyub saxlamış, yad təsirlərə daim güclü müqavimət göstərmişdir. Əkinçiliklə, kənd təsərrüfatı, bağçılıq, heyvandarlıqla bağlı sözlər, zəngin məişət leksikası, geyim, xörək adları, toy mərasimləri ilə bağlı leksika, qohumluq anlayışlarını, bədən üzvlərinin adlarını bildirən terminoloji sözlər, ay, həftə adları, xalq təbabətinə aid leksik vahidlər əksərən türk dillərinə məxsus ümumi kökdən gələn qədim leksik layı mühafizə edib saxlamışdır. Bütün hallarda lüğəvi vahidlərin fonoloji quruluşunda özünəməxsusluq var: dirqən-yaba, tırpan-dəryaz, cəb- otun yerdə qalanı, lazut-qarğıdalı, patlican-pamidor, laxana-kələm, cançur-gavalı, küfə-sırğa və s.
Terminoloji səciyyəli leksikanın məzmunu özlüyündə tarixi yük daşıyır. Kənd təsərrüfatı, əkin-biçin və heyvandarlıqla bağlı terminlər Ahıska türklərinin qədimdən oturaq əməklə məşğul olmasından xəbər verir.
Ahıska türklərinin ay (zəmhəri, qüçük, kirəz, oraq, xarman, bökrüm, şarap, koç, karakış) adları özünəməxsusluğu ilə qaqauz, türk və Azərbaycan dillərinin ay adlarından fərqlənir. Yalnız qaqauz dili ilə müqayisə edək: büük ayı, qucuk ayı, çiçek ayı, pipiruda ayı, ay perti ayı. Ay iliya, xarman ayı, panaya ayı, kasım və s.
Məkrli siyasət nəticəsində (Stalin siyasəti) Ahıska türklərinin soykökündə dəyişiklik də edilmişdir. Bir çox ad və familiyalar gürcüləşdirilmiş, bir sıra el şairləri Aşıq Mahmud Yaralaşvili, Aşıq Murad İsparaşvili və b. gürcü sənətkarları kimi təqdim edilmişdir.- dze,-şvili şəkilçili ahıska türklərinə məxsus familyalar geniş yayılıb: Zakir Tutadze, Sariya Lomidze, Xəlil Quzalaşvili, Lətifşah Barataşvili və s.
III. Ahıska türklərinin dili öz morfoloji quruluşuna görə də türk dillərindən fərqlənir. Türk dilləri ilə müqayisədə Ahıska türklərinin dilində bir sıra morfoloji proseslərin «ləngiməsi» müşahidə olunur. Dördvariantlı şəkilçilər bu toplumun dilində özünü yalnız bir variantda göstərir. Üçüncü şəxsin mənsubiyyət şəkilçisi –i (quzusi, babasi), birinci şəxs cəmin xəbərlik şəkilçisi- ux (adamux, gəlinux), əmr şəklinin birinci şəxs təkinin şəkilçisi- em (şəkil çəkem), xəbər şəkli birinci şəxs cəmin şəkilçisi- ax (gedax, edax), indiki zaman şəkilçisi- iyer (gəliyer, baxiyer) və s. birvariantlı olub, ahəng qanununun tələblərinə cavab verəcək şəkildə variantlaşmışdır.
IV. Ahıska türklərinin azlıq təşkil etməsinə və pərakəndə halda yaşamasına baxmayaraq dillərinin mükəmməl sintaksisi var. Məhz bu sintaksisin kamilliyi ilə Ahıska manilərinin dilindəki bədii-emosional məzmun və təsir qədim və zəngin ədəbi dil olan Azərbaycan türkcəsindəki bayatıların səviyyəsində görünür.
Ahıska türklərinin dilinin cümlə sintaksisində qaqauz dilində olduğu kimi nisbi sərbəstlik vardır. İstər sadə, istərsə də mürəkkəb cümlə sintaksisində cümlə üzvlərinin və mürəkkəb cümlə komponentlərinin yerləşməsinin sərbəstliyi qədim türk dilindən, ondakı güclü informasiyavericiliklə bağlı olan analitizmdən irəli gəlir.
Beləliklə, yad mühitdə, müxtəlif dillərin əhatəsində uzun bir inkişaf yolu keçmiş Ahıska türklərinin dili bu gün ancaq təsərrüfatla bağlı mövqeyini qoruyub saxlamışdır.
Ahıska türklərinin dilini nə Türkiyə türkcəsinin, nə də Azərbaycan dilinin dialektlərindən biri hesab etmək olmaz. Diferensiallığın-fərqli cəhətlərin çoxluğu dillərin müstəqilliyini şərtləndirən amillərdən olsa da, şifahi və yazılı ədəbi dilin inkişafı üçün əlverişli zəmin olmaması, «qaba və sətr cizgiləri»nin, qədim əlamətlərin daha çox saxlanması ona müstəqil dil kimi yanaşmağı yox, məhz tayfa dili kimi öyrənmək imkanı vermişdir. Ümumi kökü- ana kökü qıpçaqlardan olan bu dil çağdaş dövrdə də hər iki dil arasında orta (keçid) mövqedə dayanan özənəməxsus dil qrupudur. Çünki hədə çox qədimlərdən Qafqaz və sonralar Orta Asiya mühiti belə bir spesifik tayfa dilinin qalmasına şərait yaratmışdır.
Bu gün Ahıska türkləri öz tarixi torpaqlarında yaşayan və siyasi təşəkkülü olan xalq deyildir.
Biz onların dil və etnik tarixini Gürcüstanın türk dünyası ilə uzunmüddətli əlaqə və münasibətləri çərçivəsində araşdırmağa çalışmışıq.

Ədəbiyyat

Алиев Ф. Очерки по лексике турок Казахыстана. Алма-Ата, 1978.
Марр Н. Я., Марр Ю.Н. Заметки о турецком языке окрестностей Абастумани. М., Л., Изд-во Академии Наук СССР, 1937, с. 27- 31;
Джикия Ъ.Ъ. К названию месяцев в месхетском диалекте турецкого языка. –«Вопросы тюркологии», Баку, 1971, с. 116-122.
Джалилов С. Особенности склонения имен существительных в месхетском диалекте турецкого языка.- Изв. АН Груз. ССР, сер. Инст. яз. и. лит-ры, 1982, № 1, с. 122-128
Kazımov İsmayıl. Axısqa türklərinin dili. Bakı, «Elm», 1999, 278 s.
Kazımov İsmayıl. Axısqa toponimləri. Bakı, «Nurlan», 2001, 48 s.
Kazımov İsmayıl. Axısqa türkləri: Dil, tarix və folklor. Bakı, «Elm və təhsil», 2012, 492 s.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.