Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
11.05.2019

ELMİLİK VƏ ZİYALILIQ TƏCƏSSÜMÜ

Azərbaycan Milli Elmlər Akademiyasının
Dilçilik İnstitutunun Elmi katibi,
filologiya üzrə fəlsəfə doktoru, dosent
AYNEL MƏŞƏDİYEVA

Mayın 15-i görkəmli dilçi alim, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun müasir Azərbaycan dili şöbəsinin baş elmi işçisi, Milli Məclisin yanında Toponimiya komissiyasının daimi üzvü, filologiya elmləri doktoru, professor Qara Məşədiyevin doğum günüdür.
AZƏRTAC Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynel Məşədiyevanın “Elmilik və ziyalılıq təcəssümü” məqaləsini təqdim edir.
Hər bir ailədə, nəsildə, kollektivdə doğmalar, qohumlar, həmkarlar tərəfindən ən çox seviləni, hamının xüsusi hörmətlə yanaşdığı insan var. Bizim soy-kökümüzün orta nəsli arasında professor Qara Məşədiyev özünün təmkinliyi, dünyagörüşü, elmiliyi, səmimiliyi, dosta, qohum-əqrəbaya, çalışdığı kollektivə sədaqəti və digər insani keyfiyyətləri ilə fərqlənir. Bu və başqa müsbət xüsusiyyətlərinə görə Qara müəllimə böyük ehtiramımız var. Onun haqqında müsbət fikirlər söyləndiyinin hələ orta məktəbə getməmişdən şahidi olurdum. Ailəmizdə onun məktəb, tələbəlik illəri, AMEA-da işlədiyi zaman qazandığı uğurlar, zəhmətkeşliyi barədə söhbətlər gedirdi.
Uşaq təxəyyülü ilə onun barəsində daha çox öyrənmək istəyirdim. Zaman keçdi, taleyin qisməti məni Qara müəllimin həm sənətinə, həm də 1968-ci ildən indiyədək (nə az, nə çox düz 51 il) işlədiyi AMEA-ya gətirib çıxardı. Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin türk filologiyası şöbəsini bitirdikdən sonra ixtisasım üzrə akademiyanın aspiranturasına qəbul oldum. On doqquz illik birgə əmək fəaliyyəti zamanı Qara müəllimin mənə məlum olmayan xüsusiyyətlərini, yaradıcılıq uğurlarını daha dərindən öyrəndim. Onun elmi yaradıcılığı ana dilimizin qorunub saxlanmasında, inkişafında və zənginləşməsində diqqətəlayiqdir.


Professor Qara Məşədiyev dilçiliyin müxtəlif sahələrinə nüfuz etmişdir. Bunu onun yaradıcılığı ilə qısa tanışlıqdan da aydın görmək mümkündür. Onu da hiss edirsən ki, bu alicənab, xeyirxah, zəhmətkeş insanın həyatı o qədər də asan olmayıb. Bütün uğurlara gərgin zəhməti hesabına nail olub. Yeddiillik məktəbə də, onillik təhsil ocağına da dərəli-təpəli, daşlı-çınqıllı dağ yolları ilə müvafiq olaraq 10-25 kilometr məsafəni qət edərək gedib. Yola 2-3 saata yaxın vaxt itirməsinə baxmayaraq Qara Məşədiyev dərs əlaçısı olub.
1939-cu il mayın 15-də İbrahim kişinin, Əzət xanımın ailəsində dünyaya göz açan Qara müəllimin doğulduğu Gədəbəy rayonunun Göyəmli kəndindən üç əmimdən və atamdan başqa ali təhsil alan olmayıb. Babamla nənəm övladlarının ali təhsil almaları üçün çalışmış və zəhmətlərinin bəhrəsini görüblər. Bunları deməkdə bildirmək istəyirəm ki, çəkilən zəhmətin arxasında uğurlar dayanır. Qara müəllimin də zəhməti hədər getməyib. O, Gədəbəy rayonunun 18 iri kəndi birləşdirən Şınıx mahalında yeganə orta təhsil ocağı olan Çayrəsullu kənd orta məktəbini əla qiymətlərlə bitirərək M.F.Axundov adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun alman dili fakültəsinə müvəffəqiyyətlə imtahan verib tələbə adını qazanıb. Təhsilini başa vurub alman dili və Azərbaycan dili ixtisaslarına sahib olub.
Ali təhsil diplomu alan Qara Məşədiyev təyinatla doğma rayonunun Maarif kəndi yeddiillik məktəbinə müəllim göndərilir. Qısa müddət ərzində həm dərs dediyi məktəbdə, həm bütövlükdə rayonun təhsil sistemində, eyni zamanda, ictimaiyyət arasında böyük nüfuz qazanan Qara müəllimi təhsilini davam etdirmək, elmin daha yüksək səviyyəsində bilik və bacarığını sınamaq, ana dilimizin inkişafına töhfə vermək arzusu yenidən Bakıya gətirdi. Onun müraciəti doğma institutu – indiki Azərbaycan Dillər Universitetində də, Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda da müsbət qarşılanır. O, elm məbədi akademiyanı seçir. Dilçilik İnstitutunun ovaxtkı direktoru, tanınmış türkoloq, dilçi alim, akademik Məmmədağa Şirəliyev Qara Məşədiyevlə qısa söhbətdən sonra onu müasir Azərbaycan dili şöbəsinə laborant vəzifəsinə götürüb.
Qara Məşədiyev fəaliyyətə başladığı ilk günlərdən institutun şöbə müdiri, AMEA-nın müxbir üzvü Zərifə Budaqovanın rəhbərliyi altında araşdırmalar aparmağa səy göstərir. Çox keçmir ki, kollektivə qaynayıb-qarışır, məcmuələrdə, toplularda elmi məqalələri dərc edilir. Onun ilk elmi əsəri – “Vasitəsiz və vasitəli nitq” əsəri akademik nəşr olan “Müasir Azərbaycan dili” kitabında yer alıb. Qeyd etməliyik ki, Qara müəllimin zəhmətsevərli, elmi araşdırmalarının nəticələri institut rəhbərliyinin diqqətini çəkir və o, kiçik elmi işçi, az sonra isə böyük elmi işçi vəzifəsinə keçirilir. Pillə-pillə yüksələn Qara Məşədiyev baş elmi işçi, şöbə müdirliyinədək irəli çəkilib.
1974-cü ildə onun müdafiə etdiyi “Müasir Azərbaycan dilində adlıq cümlə” mövzusunda namizədlik dissertasiyasını tanınmış dilçi alimlər, türkoloqlar yüksək qiymətləndiriblər. Nüfuzlu alimlərin Qara Məşədiyevin elmi yaradıcılığı barədə söylədikləri müsbət fikirlər onu arxayınlaşdırmayıb, əksinə daha da ruhlandırıb. Bunu Qara müəllimin dilçilik elminin yeni sahəsinə - onomastikaya nüfuz etməsi də sübut edir. On beş ildən çox bu problemin araşdırılması ilə məşğul olan alimin müxtəlif məcmuələrdə, kitablarda dərc olunmuş sanballı məqalələri elmi ictimaiyyətdə müsbət qarşılanıb, dilimizin inkişafına, ümumiyyətlə, tariximizə dəyərli töhfə kimi qiymətləndirilib. Qara müəllimin həyat və elmi yaradıcılığı barədə çoxlu məqalələr yazılıb.
Professor Qara Məşədiyev 15 il onomastika şöbəsini müvəffəqiyyətlə idarə edib. Otuzdan çox elmlər namizədi, 6 elmlər doktoru yetişdirib, onlarca iddiaçının opponenti olub. Onun 120-dən çox elmi məqaləsi işıq üzü görüb. O, on monoqrafiya və kitabın müəllifi, üç əsərin isə həmmüəllifidir. Alimin onomastikaya dair “Zaqafqaziyanın Azərbaycan toponimləri”, “Azərbaycan toponimlərinin tarixi-linqvistik təhlili”, “İzahlı onomastik terminlər lüğəti”, “Azərbaycan toponimləri -ensiklopedik lüğət (əsas müəlliflərindən biri)”, “Bakı küçələri: adlar və talelər”, “Azərbaycan dilində ayamaların izahlı lüğəti” kimi sanballı kitab və monoqrafiyaları nəşr olunub.
Qara Məşədiyevin “Qafqazın ərazi və tayfalarının təsviri materialları məcmuəsi”ndə (SMOMPK) qeydə alınmış Azərbaycan (türk) mənşəli toponimlərin tarixi-linqvistik təhlili” mövzusunda 1991-ci ildə müdafiə etdiyi doktorluq dissertasiyası və “Zaqafqaziyanın Azərbaycan toponimləri” monoqrafiyası dilçiliyimizə aid ən mükəmməl və dəyərli əsərlərdəndir. Bu əsərlər tarixi əhəmiyyət kəsb edir. Azərbaycanın tarixini, qanuni haqqını həyasızcasına inkar edən ermənilər və ermənipərəstlər Azərbaycan mənşəli toponimləri, hidronimləri və antroponimləri guya erməni mənşəli olduqlarını qələmə verməyə çalışmışdılar. Hətta Gəncə, Şəki, Zaqatala, Göyçə, Bərdə, Tovuz, Naxçıvan, Araz və s. coğrafi adlarının da “erməni yozumu” göstərilirdi. Professor Qara Məşədiyev bu yozumların elmlə heç bir əlaqəsi olmayan uydurma, cəfəngiyyat olduğunu konkret dəlillərlə sübut edib və həqiqəti ortaya qoyub. Qara müəllimin araşdırmaları Alban, Aran, Bakı, Dərbənd, Şamaxı kimi məşhur yer, şəhər adlarımızın da erməni, fars, yunan yozumları olması xülyalarını ifşa edib. Dilçilik İnstitutunun elmi şurasının qərarı ilə hələ 1990-cı ildə çap olunan “Zaqafqaziyanın Azərbaycan toponimləri” əsəri qiymətli dərs vəsaitinə çevrilib.
Burada mərhum Əjdər Fərzəli Qorqudun fikrini xatırlamaq yerinə düşür: “Azərbaycan onomastikasının ən layiqli nümayəndələrindən biri olan Qara Məşədiyev bu sahədə öz məktəbini yaradıb. Bu məktəb doğma xalqına, onun qədim və zəngin mədəniyyətinə, dilinə, tarixinə, ədəbiyyatına, tarixi coğrafiyasına, mifologiyasına, milli təsdiqinə əvəzsiz xidmət göstərir. Qara Məşədiyevin məktəbindən gənc nəsil bundan sonra da öyrənəcək və faydalanacaq”.
Professor Qara Məşədiyevin pedaqoji sahədə də əməyi böyükdür. O, gənc kadrların yetişdirilməsi ilə daim məşğul olur. Azərbaycan Dövlət Pedaqoji, Lənkəran Dövlət, Avrasiya universitetlərində və başqa ali təhsil ocaqlarında pedaqoji fəaliyyəti yüksək qiymətləndirilən Qara müəllim Azərbaycan Dillər Universitetində, Naxçıvan Dövlət Universitetində dövlət imtahan komissiyasının sədri kimi məsuliyyətli işin öhdəsindən şərəflə gəlib. Onun imzası ilə yüzlərlə gənc mütəxəssis diplom alıb, müstəqil işə başlayıb.
Görkəmli alim bir çox xarici ölkələrdə keçirilən simpozium və konfranslarda, elmi konqreslərdə iştirak edib, respublikamızı layiqincə təmsil edib. Respublikamızda keçirilən elmi konfranslarda həmişə fəallıq göstərib. Qara müəllimin Bakı, Mahaçqala, Daşkənd, Ankara, Tbilisi və başqa şəhərlərdə keçirilən elmi tədbirlərdə etdiyi məruzələr, çıxışlar tanınmış dilçi alimlər tərəfindən həmişə rəğbətlə qarşılanıb.
Professor Qara Məşədiyev 14 il Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının Dilçilik İnstitutunda namizədlik və doktorluq dissertasiyaları üzrə müdafiə şurasının katibi olub. 2008-ci ildən Azərbaycan Respublikası Milli Məclisinin Toponimiya Komissiyasının daimi üzvüdür.
1992-ci ildən professor dərəcəsinə layiq görülən Qara Məşədiyevin qələminin məhsulu olan bütün əsərləri diqqətəlayiqdir və dilçiliyimizin inkişafına xidmət edir. Təsadüfi deyil ki, görkəmli dilşünas, tanınmış türkoloq alim, akademik Ağamusa Axundov Qara müəllimin 1991-ci ildə işıq üzü görən “Müasir Azərbaycan dilində nitq hissələrinin semantikası (oçerklər)” kitabını “İlin ən yaxşı kitabı” kimi dəyərləndirib.
Qara Məşədiyev çox sadə adamdır. Lakin sadəliyi qədər də sərtliyi var. Dedi-qodu, qeybət sevməyən, açıqfikirli, ailəcanlı, dostluğa möhkəm, etibarlı insandır. Ona görə də bu görkəmli dilçi alimi 50 ildən çox müddətdə çalışdığı kollektivdə, doğulduğu məmləkətdə, yaşadığı məkanda sevir, ona böyük hörmət bəsləyirlər. Qara müəllim gözəl ailə başçısı kimi də hörmət-izzət qazanıb. Atalarına “müəllim” deyə müraciət edən oğlanları Fazil və Fariz, qızları Gülnarə və İranə, onların övladları Qara müəllimdən aldıqları tərbiyəyə görə daim ona minnətdar olduqlarını bildirir, hörmətini əziz, uca tutur, gördükləri qayğıya ikiqat cavab verməyə səy göstərir və bu borcu qaytarırlar.
Professor Qara Məşədiyevin çoxşaxəli fəaliyyətinin cüzi hissəsini işıqlandırdığım bu yazımı onun 75 illiyi münasibətilə qəzetlərin birində dərc olunmuş bir məqalədə oxuduğum fikrə uyğun cümlə ilə bitirmək istəyirəm: Filologiya elmləri doktoru, professor Qara Məşədiyevin ömür yelkəni 80-ci sahilə yan alır. Ömrünün arxada qalan illərinə onun alim axtarışları, müəllim narahatlığı, ən başlıcası isə ata sevgisi, baba məhəbbəti hopub. Əmi sevgisini də hiss etdiyim professor Qara Məşədiyevi 80 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, yeni-yeni yaradıcılıq uğurları, nəticə qisməti arzulayıram.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.