Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
15.05.2019

Ömür kitabı-80

Bu gün tanınmış dilçi alim, Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun baş elmi işçisi, Milli Məclisin Toponimiya Komissiyasının daimi üzvü, professor Qara Məşədiyevin 80 yaşı tamam olur.

AZƏRTAC Nəsimi adına Dilçilik İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Təranə Şükürlünün “Ömür kitabı-80” məqaləsini təqdim edir.

İnsanı zamanla tanıyır, zamanla kəşf edirlər. Şəxsin gördüyü iş, dilindən çıxardığı hər kəlmə, əməlləri onun daxili aləmindən, dünyaya baxışından xəbər verir. Qara Məşədiyev elm adamı olaraq dil bilicisi, işinin peşəkarı, tədqiqatçı, araşdırmaçı kimi mənim üçün çox qiymətlidir. Mən onu aspiranturaya qəbul olanda tanımışam. O illərdə Qara müəllim Nəsimi adına Dilçilik İnstitutunda müdafiə şurasının katibi vəzifəsində çalışırdı. O, dəyərləri yaşadan alimdir. Onda keçmişə baxmaq mədəniyyəti var. Professor hər zaman öz yetirmələrinin tədqiqatlarını bitirib müdafiə etməsinə nail olub. Qara müəllim doğma xalqına məhəbbətini yurd-yuva adlarının izahını toplayıb nəşr etməklə ifadə edib. Bunlar el-obaya bağlılığın təzahürüdür. Qara Məşədiyevin “Azərbaycan toponimlərinin tarixi-linqvistik təhlili” kitabı tarixin sözünü öyrənmək baxımından dəyərlidir. Azərbaycan ərazisindəki toponimlər tarixin müxtəlif dövrlərində meydana gəlmişdir. Məlumdur ki, toponimlər bilavasitə coğrafiya elmi ilə bağlıdır. Lakin onların mənası dilçilik elminin köməyilə açılır. Zəhmətkeş alim həssaslıqla seçdiyi nümunələri, poetik faktları səliqə ilə sistemləşdirir. Azərbaycan dilçiliyinin inkişafında Qara Məşədiyevin xidmətləri sözün həqiqi mənasında əvəzolunmazdır.

Qara Məşədiyevin elmi yaradıcılığında Azərbaycan dilinin təmizliyinin qorunması problemi xüsusi yer tutur. Onun şəxsiyyətində öz yaradıcılığı, həyatı ilə bir ömrün, zamanın romanı, obrazı var. Bu isə onun 80 illik ömür kitabıdır.

Alimin yaradıcılığı milli dəyərlərə sadiqliyi ilə seçilir. Qara müəllim 80 illik ömrünün çoxunu doğma ana dilinin tədqiqinə, öyrənilməsinə həsr edib. Onun elmi yaradıcılığını vərəqlədikcə orada dilimizin zənginliyini, qədimliyini, yayılma areallarını görürük. Alimin fərqli düşüncə mədəniyyətinə malik olması onun özəlliyidir.

Məlumdur ki, dil tarixinin və etnoqrafiyasının öyrənilməsində onomastik göstəricilər etibarlı mənbələrdən biridir. Çünki bunlarda nəinki coğrafi adlar, şəxs adları, hətta dilin leksik-morfoloji xüsusiyyətləri müəyyən sinxronik aspektdə əks olunur.

Azərbaycan ədəbiyyatının qüdrətli nümayəndəsi, şair Səməd Vurğun “Bakının dastanı” poemasını yazdı. Qara müəllim isə “Bakının küçələri: adlar və talelər” kitabını yazdı. Bu əsərin adında emosionallıq da var. Əsərin adı, ümumi ruhu, ritmi, düşüncə sırası bir şəhərə tabedir. Ayrı-ayrı dövrlərdə yazılan bu əsərlərin adlarında sanki bir harmoniya var.

Qara Məşədiyev Azərbaycan dilçilik elminə dəyərli töhfələr bəxş edib. Mühüm nəzəri problemlərlə zəngin olan bu əsərlər müəllifin qüdrətli alim şəxsiyyətini təsdiq edir. Qara müəllimin yaradıcılığının iki əsas istiqaməti var. Onlardan biri Azərbaycan dilinin onomastik tədqiqatıdır. Alimin yaradıcılığındakı ikinci istiqamət müasir Azərbaycan dilində nitq hissələrinin semantikası ilə bağlıdır.

Toponimlərin tədqiqi nəinki xalqın tarixi, yayılma arealı, təfəkkürü və sosial şəraiti ilə əlaqədar məsələlərin açılmasına kömək edir, eyni zamanda, toponimlərin öyrənilməsi ilə bağlı müəyyən dil vahidlərinin formalaşması barədə orijinal fikirlər irəli sürmək imkanları yaradır. Toponimlərin tədqiqi xalqın tarixinə, adət və ənənələrinin, həmçinin onun yayılma arealına dair bir çox açılmamış səhifələrin işıqlndırılmasında mühüm addımlardan biridir. Məlumdur ki, dil tarixinin, eləcə də xalqın tarixinin və etnoqrafiyasının öyrənilməsində onomastik göstəricilər etibarlı mənbələrdən biridir. Çünki bu vahidlərdə nəinki coğrafi adlar, etnonimlər, şəxs adları və dilin leksik-morfoloji xüsusiyyətləri müəyyən sinxronik aspektdə əks olunur.

Azərbaycan ərazisi müxtəlif mənşəli toponimlərlə zəngindir. Onların araşdırılması təkcə forma və məzmun xüsusiyyətlərinin müəyyənləşdirilməsilə məhdudlaşmır. Eyni zamanda, xalqın qədim təsəvvürü, dünyagörüşü, məskunlaşması və s. barədə məlumat almağa imkan yaradır. Onun onomastika sahəsindəki izini, böyük uğurunu “Zaqafqaziyanın Azərbaycan toponimləri” əsərində anlamışdım. Bu əsər onomastika elminə yeni bir istiqamət, yeni bir maraq gətirdi. Bu əsər Azərbaycana olan böyük sevgisidir. İnam və qətiyyətlə tədqiq etdiyi “Zaqafqaziyanın Azərbaycan toponimləri” əsəri potensial tarixdir, keçmişdir. Dünənlə əlaqələri qırılmağa qoymayan bağdır. Toponimlərin öyrənilmə təcrübəsi göstərir ki, onların xüsusi əlamətlərini zahirə çıxarmaqdan ötrü təkcə rayon, şəhər, kənd adlarının müəyyənləşdirilməsi toponimik tədqiqatlar sahəsini bütövlüklə əhatə edə bilmir. Toponimiyanın daha ətraflı öyrənilməsi üçün bir rayon ərazisində, hətta bir kəndin ərazisində mövcud olan antroponimləri, mikrotoponimləri və s. tədqiqata cəlb etmək lüzumu ortaya çıxır.

Ömrünüzün hər anı maraqlı tarixə malikdir. 80 yaş... Bu özü bir tituldur, mükafatdır, hədiyyədir. Əlbəttə ki, bu zirvəyə layiqli çatanda. Qara müəllim həqiqətən bu zirvəyə şərəf gətirənlərdəndir.

Qara Məşədiyev Azərbaycan dilçiliyi qarşısında gözəl bir missiyanın həlli ilə bağlı ömür yaşayır. Bu ömrün uzun, sağlıqlı və həmişəki kimi anlamlı olmasını arzulayıram.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.