Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
19.09.2019

Fenomenal təfəkkür sahibi

AKADEMİK NİZAMİ CƏFƏROVUN 60 YAŞI TAMAM OLUR

Akademik Nizami Cəfərov öz xarakteri, fenomenal intellekti, xarizması ilə hər zaman sayılıb-seçilən dəyərli ziyalılarımızdandır. Onun nurlu simasında işıqlı ziyalı obrazının bütün incəliklərini görmək mümkündür. Nizami Cəfərov o insanlardandır ki, adı çəkiləndə hər bir azərbaycanlı fəxr hissi duyur. 32 yaşında elmlər doktoru olmaqla Nizami Cəfərov Azərbaycanın elm tarixinə öz adını qızıl hərflərlə həkk etdi.

Nizami Cəfərov müasir Azərbaycan dilçiliyinin şəksiz liderlərindən biridir. Onun özünəməxsus üslubu var. İstedadlı ədəbi tənqidçi, tanınmış ədəbiyyatşünas alim, türk dünyasında böyük nüfuz qazanmış türkoloqdur. Hər şeydən öncə, akademik Nizami Cəfərov səmimi insan, xeyirxah alimdir.

21 sentyabr 2019-cu ildə akademik Nizami müəllimin 60 yaşı tamam olur. Nizami Cəfərov 60 illik alim ömrünün böyük qismini xalqımızın dilinin və ədəbiyyatının, mədəniyyətinin dərindən öyrənilməsinə sərf edib. Yaxşı yadımdadır, vaxtilə mərhum akademik Ağamusa Axundov Nəsimi adına Dilçilik İnstitutuna rəhbərlik edəndə Nizami Cəfərovun 50 illik yubileyini böyük təmtəraqla keçirtdi. Çünki o, öz istedadlı tələbəsi ilə fəxr edirdi. Nizami Cəfərov akademik Tofiq Hacıyevin, akademik Ağamusa Axundovun sevimli tələbəsi olub. İndi isə Nizami müəllimin özünün yüzlərlə sevimli tələbəsi var. Onun ömrünün böyük bir hissəsi Bakı Dövlət Universiteti ilə bağlıdır. Nizami müəllim Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin dekanı olarkən hər zaman qapısı açıq olardı. Özünü tələbə və müəllim heyətinə demokratik ruhlu rəhbər kimi sevdirməyi bacarmışdı.

Nizami Cəfərovun yaradıcılığında sərhəd yoxdur. Allah vergisi olan istedadla gərgin alim əməyinin sintezindən yaranan yüksək elmi məhsuldarlıq onu yaradıcılığının səciyyəvi cəhətidir. Zəngin nitqə sahiblik, spesifik yazı üslubu alimin fenomenal istedadının bariz nümunəsidir.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli 2007-ci ildə Nizami Cəfərov haqqında yazdığı "Universal elmi düşüncənin imkanları" adlı məqaləsində qeyd edir ki, sanballı elmi-ictimai xidmətlərinə, ardıcıl, yorulmaz və səmərəli fəaliyyətinə, habelə özünəməxsus yazı tərzinə görə Nizami Cəfərovu istənilən dilçidən və ya ədəbiyyatşünasdan asanlıqla fərqləndirmək mümkün olur. Onun çox əsaslı və bənzərsiz yazı möhürü vardır. Müdriklik, obrazlı dəyərləndirmə qabiliyyəti, geniş dünyagörüşü, iti və yetkin məntiq və bütün bunların hamısının ifadə vasitəsi olan yüksək yazı vərdişləri, üstün nitq mədəniyyəti Nizami Cəfərovu fərdiləşdirir.

Həqiqətən, Nizami Cəfərov həm dilçi kimi, həm də ədəbiyyatçı kimi hərtərəfli, universal filoloqdur. O, humanitar elmin bütün sahələrini dərindən bilir. Akademikin linqvistik tədqiqatları dilçiliyin elə sahəsi yoxdur ki, onu əhatə etməsin. Nizami Cəfərovun yaradıcılığında dil nəzəriyyəsi, dil tarixi, qrammatika məsələləri geniş əksini tapıb.

Akademikin hər bir əsəri onun dərin intellektinin məhsuludur. Nizami Cəfərov azərbaycançılıq konsepsiyasının əsaslarını öz yara-dıcılığında yüksək analitik təfəkkürlə bütün incəliklərinə qədər açıqlayıb. 2005-ci ildə çap olunan "Azərbaycanşünaslığın əsasları" əsərində alim Azərbaycan xalqının təşəkkülü, Azərbaycan intibahı, Azərbaycan türkcəsinin milliləşməsi, Azərbaycanda milli dövlətçilik təfəkkürünün formalaş-ması məsələlərinin hərtərəfli təhlilini verib. Akademik qeyd edir ki, Azərbaycan milli dövlətçilik təfəkkürünün əsas mənbəyi qədim türk dövlətçilik mədəniyyətidir... Azərbaycan xalqının etnik, sosial-siyasi, mütəşəkkillik səviyyəsinə tarixən təsir göstərən birinci cəhət, təşəkkül prosesinin uzun sürməsi, müxtəlif dövrlərdə, mərhələlərdə Azərbaycana gələn (deməli, biri digərindən həm də sosial-siyasi inkişaf səviyyəsi etibarı ilə fəqlənən) türk etnoslarından təşkil olunmasıdır. Akademik, Azərbaycançılıq ideologiyasında Heydər Əliyev şəxsiyyətinin əsas rol oynadığını bu əsərdə xüsusi vurğulayır. Həmin əsərdə akademik haqlı olaraq qeyd edir ki, Heydər Əliyev Azərbaycan dilini (ana dilini), Azərbaycan xalqının dilini (mənsub olduğu xalqın dilini), Azərbaycan dövlətinin dilini (rəhbərlik etdiyi dövlətin dilini) ürəkdən sevib onun yüksəlişinə çalışmaqla kifayətlənmir, mütəxəs-sislərin dönə-dönə qeyd etdikləri kimi, Azərbaycan dilində gözəl danışır, ona yeni ifadə xüsusiyyətləri, üslubi çalarlar qazandırırdı.

Nizami Cəfərovun həm türk xalqlarının ədəbiyyatı, həm də türk dillərinin tədqiqi ilə bağlı fundamental araşdırmaları var. Alimin belə əsərlərindən biri 4 cildlik "Türk xalqlarının ədəbiyyatı" monoqrafiyasıdır. Akademik bu çoxcildlik əsərində türk xalqlarının zəngin ədəbiyyatını bir mənbədə toplamağa nail olub. Türkologiya sahəsində Nizami Cəfərovun ən dəyərli əsərlərindən biri "Türkologiyaya giriş" əsəridir. Bu əsərdə akademik türklərin ilk vətəni haqqında olan fikirlərə özünəməxsus münasibət bildirir: "Türk dünyası türkün dünyasından başlanır. Və bu o deməkdir ki, bu gün qloballaşan dünyanın həm iqtisadi, həm də ictimai-siyasi, həm də mədəni baxımdan üzvi tərkib hissəsi olan türklər etnosun bütün tarixi ilə təsdiq edilən dünyaların yarada bilmişlər. Həmin çoxcəhətli tarixi etnik istedad və ya enerji olmasaydı, biz bu gün təbii ki, "türk dünyası"ndan bu qədər cəsarətlə danışa bilməzdik. Məlumdur ki, türklər müstəqil etnos olaraq e.ə. II minilliyin sonu I minilliyin əvvəllərində Altay dağlarının ətəklərində dünyaya gəlmişdir. Və o da məlumdur ki, türklər doğma qardaşları monqollar və tunqus-mancurlarla birlikdə Altay etnosundan törəmişlər". Nizami Cəfərovun türk xalqlarının tarixi, dili və mədəniyyətləri haqqındakı fikir və mülahizələri mühüm elmi gerçəkliklərə əsaslanır.

"Türk dünyası: xaos və kosmos" əsərində Nizami müəllim ortaq türk dilinin yaradılmasının vacibliyini və zəruriliyini xüsusi vurğulayır. Həmin əsərdə Nizami Cəfərov Ulu Öndər Heydər Əliyevi çox haqlı olaraq, türk dünyasının fəxri, yaxud böyük türklərdən biri kimi səciyyələndirir. Alim yazır: "Heydər Əliyev hər dövrü, hər mərhələsi məktəb olan, həqiqətən, qeyri-adi bir ömür yaşamış, yalnız mənsub olduğu Azərbaycan xalqının, türk xalqlarının təsəvvüründə özünün mükəmməl obrazını, aydın cizgiləri ilə seçilən möhtəşəm portretini yaratmışdır".

Uzun illərdir ki, Nizami Cəfərov Ulu Öndər Heydər Əliyevin fərmanı ilə yaradılmış Atatürk Mərkəzinə uğurla rəhbərlik edir. Həmin mərkəz Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında elmi-mədəni əlaqələrin inkişafına daima dəstək verir, iki qardaş xalq arasında mənəvi körpü rolunu oynayır.

Akademikin "Genezisdən tipologiyaya" əsərində Azərbaycan xalqının epik təfəkkürünün inkişaf yoluna nəzər salınır. Alim bu monoqrafiyada şifahi epik təfəkkürün məhsulu olan "Kitabi-Dədə Qorqud" dastanında oğuz elementlərini analiz edərək bu nəticəyə gəlir ki, "Kitab"da qədim türk mifologiyasının süqutunu görürük - burada mifoloji obrazlar dastanın ideya-estetik məzmununa əhəmiyyətli təsir göstərməməklə yanaşı, süjetin, hadisələrin hərəkətinə təkan verməkdən də məhrumdur. Burada akademik oğuz epik təfəkkürünün inkişaf yolunu hərtərəfli tədqiq edib.

Nizami müəllimin ədəbi-tənqidi məqalələri ədəbiyyatşünaslıq elmimiz üçün mühüm araşdırmalar hesab oluna bilər. Molla Pənah Vaqif, Aşıq Ələsgər, Mir Cəlal Paşayev, Səməd Mənsur, Nəriman Həsənzadə, İsmayıl Şıxlı, Bəxtiyar Vahabzadə, Anar, Elçin, Afaq Məsud şəxsiyyəti və yaradıcılığı haqqındakı tədqiqatları onu mükəmməl bir ədəbiyyatşünas alim kimi səciyyələndirir. Müasir ədəbi proses haqqında Nizami Cəfərovun araşdırmaları dərin elmi arqumentlərə əsaslanır.

Akademik Nizami Cəfərov şəxsiyyətini xalqımıza sevdirən bir çox amillər var. İlk növbədə, Nizami Cəfərov humanist insandır, təvazökar alimdir, gənclərə heç zaman qayğısını əsirgəmir, xeyirxahlıq simvoludur, xaraktercə ağır təbiətli olsa da, dərin yumor hissi var, onun iç dünyasının saflığı, mənəviyyatca zənginliyi alimin əməllərində də öz ifadəsini tapır.

Baba MƏHƏRRƏMLİ
AMEA Nəsimi adına Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini,
filologiya üzrə fəlsəfə doktoru, dosent

"525-ci qəzet", 19.09.2019.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.