Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
03.09.2019

Akademik İSA HƏBİBBƏYLİ -70

ELMİMİZƏ İSTİQAMƏT VERƏN GÖRKƏMLİ ALİM

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi, akademik İsa Həbibbəyli haqqında bu məqaləni yazarkən ilk növbədə mənim də düşündüyüm və Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, Prezident təqaüdçüsü, professor Yusif Seyidovun İsa müəllimin barəsində söylədiyi bir fikri yadıma düşdü: “... Bu görkəmli alimin elmi yaradıcılığı o qədər geniş və sanballıdır ki, onu açmaq, onu əhatə etmək, ona layiq söz demək mənim üçün çox çətindir...”.
Professor Yusif Seyidovun bu fikirlərinə mən onun 90 illik yubileyi münasibətilə yazı hazırlayarkən yaradıcılığı ilə tanışlıq zamanı rast gəlmişdim.Əlbəttə, hələ yeniyetmə və gənclik illərindən bədii yaradıcılığa, elmi araşdırmalara nüfuz edən, uşaq yaşlarından fitri istedadını nümayiş etdirən, dərin biliyi, zəkası, intellekti, zəhmətkeşliyi, təşkilatçılığı, milli mədəniyyətimizin, ədəbiyyatımızın inkişafının zəruriliyini dərk edən və bunlara öz dəyərli, qiymətsiz töhfələrini verən, yuxusuz gecələr hesabına, çətin yollarla elmin zirvəsinə ucalan, müasir dövrdə siyasi xadim kimi öz sözünü deyən fenomen bir şəxsiyyət, təmənnasız, obyektiv, ziyalılıq təcəssümü olan insan – akademik İsa Həbibbəyli yaradıcılığını tam əhatə etmək biz gənc alimlər üçün daha çətindir. Buna görə ciddi araşdırmalar aparmaq, alimin həyat və yaradıcılığına dərindən bələd olmaq, əsərlərini oxuyub mütaliə etmək lazımdır.
Akademikin monoqrafiya, kitab və elmi məqalələri isə kifayət qədərdir. Onların sayı 1500-dən artıqdır. Bu, böyük rəqəmdir. Bəlkə də dünyada elə bir alim yoxdur ki, onun bu qədər qələm məhsulu olsun. Özü də hər bir məqalədə, kitabda yenilik, elmi nailiyyət olsun.
Akademik İsa Həbibbəylinin hətta kiçik məqaləsində, qısa çıxışında belə bu amillər açıq-aydın nəzərə çarpır. Bunu görkəmli ədəbiyyatşünasın mətbuat səhifələrində vaxtaşırı dərc olunmuş məqalələrindən, ölkəmizin nüfuzlu nəşriyyatlarında və xaricdə nəşr olunmuş kitablarından, mötəbər məclislərdə etdiyi çıxışlardan görmək olur. Və bunu hamı görür, dərk edir. Ona görə də özünün davranışı, istedadı, nailiyyətləri ilə hələ gənc yaşlarından həm el ağsaqqallarının, həm də elm korifeylərinin sırasına daxil olması elm, təhsil adamlarının da, ictimaiyyət nümayəndələrinin də, siyasətçilərin, hətta sadə insanların da akademikin yaradıcılığına, keçdiyi şərəfli yola marağını artırmışdır. Bəlkə də bu insanların çoxu bunu elə İsa Həbibbəylinin özündən götürmüşdür. Çünki akademik İsa Həbibbəyli elmdə, təhsildə, ictimai sahədə nüfuz qazananlar, öz yaradıcılıqları ilə diqqət çəkən ziyalılarımız haqqında daim söz deyən, qayğısını əsirgəməyən şəxsiyyətdir.
Bütün bunlara görə də, akademikin ömürnaməsi ilə müəyyən qədər tanış olan hər kəs onun barəsində xoş sözlər demək istəyir. Bunu hörmətli alimimiz haqqında kütləvi informasiya vasitələrində, televiziya kanallarında gedən çoxsaylı yazılardan, verilişlərdən də görürük.
Akademik İsa Həbibbəyli, yuxarıda qeyd etdiyim kimi, hələ uşaq yaşlarından – orta məktəbdə oxuyarkən yaradıcılıq mühitinə addım atmışdır.
1949-cu il oktyabr ayının 16-da Naxçıvan Respublikasının Şərur rayonunun Danzik kəndində müəllim ailəsində anadan olmuş İsa Həbibbəyli hələ 9-cu sinifdə oxuyarkən Oğlanqala kənd orta məktəbində xalq şairimiz dahi Səməd Vurğunun tamaşaya qoyulmuş “Vaqif” pyesində iştirak etmişdir. Elə həmin ildə o, “Gülümov” adlı səhnə əsəri yazmışdır. Əsər doğma kəndində özünün və şagird yoldaşlarının iştirakı ilə tamaşaya qoyulmuşdur.
İsa müəllim orta məktəb və institutda oxuyarkən dövri mətbuatda xeyli məqaləsi, şeirləri dərc edilmişdir. “Azərbaycan pioneri”, “Şərq qapısı”, “Zəfər”, “Gənc müəllim” qəzetləri onun məqalələrini o dövrdə oxuculara təqdim edən mətbu orqanlardan idi.
Bədii yaradıcılığa erkən başlayan İsa Həbibbəyli biliyini günbəgün artırmağa səy göstərmiş və bunun bəhrəsini görmüşdür. Pillə-pillə yüksələrək ədəbiyyatşünaslıq elminə, ictimai-siyasi dairələrə, ümumiyyətlə, Azərbaycan elminə, təhsilinə verdiyi dəyərli töhfələrə görə qürur hissi keçirir. İsa müəllimin uğurlarına, yaradıcılığına xalqımızın demək olar ki, bütün zümrələri – elm adamları, ədəbi mühitin, ictimaiyyətin nümayəndələri, siyasətçilər, təhsil işçiləri və başqa sahələrin təmsilçiləri yaxından maraq göstərirlər.
Akademik İsa Həbibbəylinin həyat və yaradıcılığının bütün mərhələləri diqqət çəkir. Onu orta məktəb illərindən akademikliyədək aparan şərəfli yola nəzər saldıqda bunu açıq-aydın görmək olur. İsa müəllim ictimai işlərdə də, elmi araşdırmalarda da, təhsil quruculuğunda da əzmkarlıq göstərmiş, bilik və bacarığını, istək və qabiliyyətini əsirgəməmişdir. Akademik qarşısına özünü zirvələrə qaldırmaq qoymamışdır. Onun məqsədi, məramı xalqımıza, dövlətimizə sədaqətlə xidmət etmək, elmimizin, mədəni irsimizin, ədəbiyyatımızın inkişafına öz töhfələrini vermək, yeniliklər gətirmək olub. Və bu sahələrdə o, böyük uğurlar, gözəl nailiyyətlər qazanmışdır. Bax, bu dəyərli amillər akademik İsa Həbibbəylini yüksək zirvələrə ucaltmışdır. Onun bu zirvədə mayak kimi işıq saçmağa tam haqqı var.
Nadir istedada malik İsa müəllim universal şəxsiyyətdir. Belə xüsusiyyət hər kəsdə olmur. Bunu böyük alimi, səriştəli siyasətçini, bacarıqlı təşkilatçını, qabiliyyətli insanı Yaradan ona bəxş etmişdir.
Akademik İsa Həbibbəyli müstəqil həyata qədəm qoyandan elmi araşdırmalarla ictimai işlərə fərq qoymamışdır. Bu iki istiqamət onun yaradıcılığının əsas qayəsi olmuşdur.
Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialının (indiki Naxçıvan Dövlət Universiteti) Azərbaycan dili və ədəbiyyatı fakültəsini fərqlənmə diplomu ilə bitirən İsa Həbibbəyli hələ tələbəlik illərindən həm elm, həm də ictimai sahədə ilk addımlarını atmışdır. 1968-ci ildə respublikamızın paytaxtında keçirilən pedaqoji ali məktəb tələbələrinin Ümumittifaq konfransında geniş məruzə ilə çıxış etmiş, diplomla təltif edilmişdir.
İsa Həbibbəyli ali təhsil aldıqdan sonra bir il Şərur rayonunun Danzik səkkizillik məktəbində ana dili və ədəbiyyat müəllimi olmuşdur. 1971-ci ildə hərbi xidmətə çağırılmış, tərxis olunandan sonra – 1973-cü ildə Azərbaycan Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun qiyabi aspiranturasına qəbul olunmuşdur. Aspirantura müddətində o indiki Naxçıvan Dövlət Universitetinin ədəbiyyat kafedrasında müəllim vəzifəsində çalışmışdır.
Akademik İsa Həbibbəyli 1980-ci ildə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “XX əsrin əvvəlləri Azərbaycan romantik lirikası” mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. 1990-cı ildə Naxçıvan Dövlət Universitetinin elmi işlər üzrə prorektoru vəzifəsinə təyin edilmişdir. Akademik İsa Həbibbəylinin 1996-cı ildə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda müdafiə etdiyi “Cəlil Məmmədquluzadə: mühiti və müasirləri” mövzusundakı dissertasiya işi tanınmış alimlər tərəfindən yüksək qiymətləndirilmiş və onun monoqrafiya şəklində nəşr edilməsi təklif olunmuşdur. Həmin il İsa müəllimə böyük etimad göstərilərək ona daha məsuliyyətli vəzifə təklif edilmiş və o, Naxçıvan Dövlət Universitetinin rektoru olmuşdur. 20 il bu vəzifəni ləyaqətlə daşıyan təşkilatçı-alim universitetin tərəqqi tapması üçün genişmiqyaslı işlər görmüşdür. Onun minlərlə məzunu ictimai həyatımızın müxtəlif sahələrində mütəxəssis kimi fəaliyyət göstərir.
Addım-addım yüksək və məsuliyyətli vəzifələrə irəli çəkilən İsa Həbibbəyli bir gün də olsun elmi-yaradıcılıq işlərinini kənara qoymamışdır. O, təşkilati, idarəçilik işləri ilə yanaşı, elmi fəaliyyətini yüksək səviyyədə və dolğun davam etdirmişdir. Yaradıcılıq fəaliyyəti ilə siyasi baxışların, idarəçilik qabiliyyətinin vəhdətini özündə cəmləşdirən İsa Həbibbəylinin elmi axtarışlarının dərinliyi, ölkə rəhbərliyinin, konkret olaraq Ulu Öndərimiz Heydər Əliyevin ideyalarının həyata keçirilməsi istiqamətində fəal iştirakı, hadisələrə real münasibət bildirməsi və çevikliyi daim diqqət çəkir. Bütün bu xüsusiyyətlərinə görə akademik İsa Həbibbəyli əvvəlcə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, sonra isə Azərbaycan Respublikası Milli Məclisinin üzvü seçilmişdir.Və millət vəkili kimi də öz vəzifəsini şərəflə yerinə yetirir. Hazırda isə Milli Məclisin Elm və Təhsil komitəsinin sədridir.
Akademik İsa Həbibbəyli 1999-cu ildən “Əməkdar elm xadimi” adını fəxrlə daşıyır. Altı ildən çoxdur ki, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidentidir. Eyni vaxtdan da Akademiyanın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna rəhbərlik edir. Yenilikçi alimin bu vəzifələrdə də novatorluğu diqqət çəkir. Müstəqillik dövrü Azərbaycan Milli Elmlər Akademiyasının yeni nizamnaməsi məhz İsa Həbibbəylinin sədrliyi ilə hazırlanmış və təsdiq olunmuşdur. Azərbaycançılıq konsepsiyasının hazırlanıb çap olunması da akademiklə bağlıdır. Direktoru olduğu Ədəbiyyat İnstitutunda həyata keçirdiyi islahatlar, yeni istiqamətlərin – Nizamişünaslıq, Azərbaycan mühacirət ədəbiyyatı, ədəbi tənqid, mətbuat tarixi və publisistika, Azərbaycan-Asiya ədəbi əlaqələri, beynəlxalq əlaqələr, təhsil şöbələrinin, Füzulişünaslıq bölməsinin və s. şöbələrin yaradılması ədəbiyyatşünaslıq elminin inkişafına, beynəlxalq əlaqələrin möhkəmlənməsinə xidmət edir.
Akademik İsa Həbibbəyli elmlə ideologiyanı, siyasi baxışları sintez edən, hadisələrə müdrikcəsinə münasibət bildirən alim, ictimai xadimdir. Ümummilli Liderimiz Heydər Əliyevin, onun layiqli davamçısı İlham Əliyevin ideyaları İsa Həbibbəylinin yaradıcılığının ana xəttini təşkil edir.
Görkəmli alim İsa Həbibbəyli ən məhsuldar, ən fədakar elm fədaisidir.Yuxarıda qeyd etdiyimiz kimi, çoxsaylı monoqrafiya, kitab, elmi məqalə, publisistik yazı müəllifi olan bu böyük ziyalının hər bir əsərində yeni fikrin, sözün, dərin təhlilin, ümumiləşdirmənin şahidi olursan.
İsa Həbibbəylinin monoqrafiya və kitabları, elmi əsərləri barədə respubli-kamızın görkəmli alimləri, söz sahibləri, ədəbi mühitin nümayəndələri ətraflı təhlillər aparmış, mətbuat səhifələrində geniş məqalələrlə çıxış etmişlər. Hazırda da İsa müəllimin yaradıcılığına müraciət edən elmi ictimaiyyətin, digər yaradıcı və siyasi təşkilat nümayəndələrinin sayı çoxdur.
Professor Yusif Seyidovun akademik Nizami Cəfərovun redaktorluğu ilə 2009-cu ildə “Elm-Təhsil” nəşriyyatında nəşr olunmuş “Akademik İsa Həbibbəyli” adlı monoqrafiyası akademikin həyat və yaradıcılığına işıq salan ən dəyərli mənbədir. Müəllif İsa müəllimin bir ədəbiyyatşünas alim, ictimai xadim kimi çoxcəhətli fəaliyyətini geniş işıqlandırmışdır. Müəllif bir sıra ibrətamiz nümunələr gətirərək qeyd edir ki, tarixin çox maraqlı və qəribə həqiqətləri var. İstedadın ilk cücərtiləri lap kiçik yaşlardan özünü büruzə verir. İlk istedad görüntüləri sonradan inkişaf edir, böyüyür. İsa Həbibbəylinin yaradıcılıq yolu da öz başlanğıcını həyatının ilk çağlarından almışdır.
Beynəlxalq aləmdə də görkəmli alim kimi tanınan akademik İsa Həbibbəyli respublikamızı, elmimizi xarici ölkələrdə ləyaqətlə təmsil edən alimlərimizdəndir. O, on illərdir ki, xarici dövlətlərdə keçirilən konfrans və simpoziumlarda, konqres və qurultaylarda özünün zəngin, elmi-nəzəri çıxışları ilə ölkəmiz, elmimizin, mədəni irsimizin inkişafı, respublikamızın ümumi tərəqqisi barədə məlumatlar verir, müsbət fikirlər yaradır. Akademikin Rusiyada, Türkiyədə, Fransada, Çin Xalq Respublikasında, İran İslam Respublikasında, Misirdə, Almaniyada, Bolqarıstanda, Polşada, Macarıstanda və bir çox başqa xarici ölkələrdə müxtəlif vaxtlarda baş tutan, elmi məclislərdə etdiyi məzmunlu çıxışları respublikamızın tərəqqisinə, elmimizin inkişafına, ölkəmizdə tolerantlığın bərqərar olunmasına həsr edilmişdir.
Akademik İsa Həbibbəyli müxtəlif Beynəlxalq elmi qurumların üzvüdür. O, həmin təşkilatlarda da respublikamızı dəyərincə təmsil edir.
Görkəmli alim İsa Həbibbəyli sadə, səmimi, salamlı-kalamlı insandır. Biliyə, bacarığa qiymət verən alimdir. Gənclərə qayğı göstərən ziyalıdır. Professor Yusif Seyidovun təbirincə desək, İsa müəllim cücərtisi olan gənclərin elmə cəlb olunmasına diqqətlə yanaşır. Bu xüsusiyyətlərin biz şahidiyik.
Ədəbiyyat və Dilçilik İnstitutları eyni mərtəbədə yerləşir. İş otaqlarının qapıları eyni dəhlizə açılır. Akademik İsa Həbibbəyli dəhlizə çıxarkən qarşılaşdığı əməkdaşlarla həmişə salamlaşar, hal-əhval tutar. Bu, əlbəttə, kökdən, nəsildən gələn tərbiyədir, insanlara nümunədir.
Akademik İsa Həbibbəyli təkcə öz istedadına güvənən alim deyil. Professor Yusif Seyidovun təbirincə desək, İsa müəllim sələflərinin mənalı həyat yollarını böyük həvəs və inadla öyrənən, onların yaradıcılığına nüfuz edən araşdırıcıdır, böyük novator alimdir. Onun Mustafa Kamal Atatürk və Heydər Əliyev, görkəmli alimlər: Yusif Məmmədəliyev, Zərifə Əliyeva, Cəfər Cəfərov, Məmməd Cəfər Cəfərov barədə yazdığı məqalələr müsbət dəyərləndirilir. İsa Həbibbəyli klassiklərin də, öz müasirlərinin də yaradıcılığına eyni dərəcədə yanaşır, obyektiv fikir söyləyir. Görkəmli alim Mirzə Ələkbər Sabirin, Məhəmmədağa Şahtaxlı, Əli bəy Hüseynzadənin, Abbas Səhhətin, Hüseyn Cavidin yaradıcılığına nüfuz etməsi, XX əsr Azərbaycan ədəbiyyatına bir sıra yeniliklər yetirməsi ilə də diqqət çəkir. Alimin Məmməd Araz, Anar, Elçin, Zəlimxan Yaqub, akademik Bəkir Nəbiyev, AMEA-nın müxbir üzvü Yaşar Qarayev, akademik Nizami Cəfərov, professor Kamran Məmmədov, filologiya elmləri doktoru, tənqidçi Vaqif Yusifli və başqalarının yaradıcılığı barədə qələmə aldığı məqalələr də elmi-nəzəri cəhətdən seçilən dolğun əsərlər sırasındadır.
Akademikin “Romantik lirikanın imkanları”, “Ədəbiyyat nəzəriyyəsi”, “Cəlil Məmmədquluzadə”, “Şəhriyar dünyası”, “Heydər Əliyev və Naxçıvan Dövlət Universiteti”, “Ədəbi-tarixi yaddaş və müasirlik”, “Азербайджанская литература начала XX века” (Москва, «Триада», 2008) və bir çox başqa fundamental əsərləri də ədəbiyyatımızı zənginləşdirən dəyərli mənbələrdir.
Nüfuzlu akademikimiz İsa Həbibbəylinin əməyi dövlətimiz, elmi qurumlar, beynəlxalq təşkilatlar, ictimaiyyət tərəfindən həmişə yüksək qiymətləndirilmişdir. Böyük alim elmi və ictimai fəaliyyətinə görə 30-dan çox mükafata layiq görülmüşdür.
“Əməkdar elm xadimi” fəxri adı, ABŞ-ın Bioqrafiya İnstitutu tərəfindən “İlin adamı” adına layiq görülməsi, Azərbaycan elminin və təhsilinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən “Şöhrət” ordeninə layiq görülməsi, BMT-nin nəzdində fəaliyyət göstərən Beynəlxalq informasiyalaşdırma Akademiyası tərəfindən “Beynəlxalq informasiya aləminin elitası” mükafatının diplomuna və “Elmi istiqamətin rəhbəri” medalına layiq görülməsi və s. İsa Həbibbəylinin elmi, ictimai fəaliyyətinə verilən fəxri adların, diplom, orden və medalların müəyyən bir hissəsidir.
İnsan dövlət tərəfindən də, ictimai, elmi qurumlardan da çoxlu mükafatlar ala bilər, müxtəlif orden və medallarla təltif edilər. Belə mükafatlara layiq görülənlər gərək hiss etsinlər ki, onların təltifləri xalq tərəfindən də qəbul olunur. Akademik İsa Həbibbəylinin fəaliyyətinin, yaradıcılığının yüksək qiymətləndirilməsi geniş ictimaiyyət tərəfindən də iftixar hissi ilə qəbul edilir. Bu, insana verilən əvəzolunmaz dəyərdir!
Elmi fəaliyyəti daimi diqqət çəkən İsa Həbibbəylinin yaradıcılığına həm yerli, həm də xarici ölkələrin elm, təhsil adamları, yazıçı və şairləri, tənqidçiləri həmişə müraciət edir, geniş söhbət açırlar.
Ağamusa Axundov, Anar, Elçin, Nizami Cəfərov, Azad Nəbiyev, Əbülfəz Quliyev, Yusif Seyidov, Seyfəddin Altaylı, Vaqif Yusifli, Tehran Əlişanoğlu, Əlizadə Əsgərli və onlarca başqaları görkəmli alim İsa Həbibbəyli barədə fikir söyləyən ziyalılarımızdandır.
Azərbaycan Milli Elmlər Akademiyasının enerjili, çevik, həqiqətən, yorulmaq bilmədən çalışan həqiqi üzvü, filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi, AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı İsa Həbibbəylinin bu günlərdə 70 yaşı tamam olur. Görkəmli alimi, dəyərli insanı yubileyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayıram.

Aynel Məşədiyeva
AMEA Nəsimi adına Dilçilik İnstitutunun Elmi katibi,
filologiya üzrə fəlsəfə doktoru, dosent

AZAD AZƏRBAYCAN, 03 oktyabr 2019-cu il, №119 (3508)

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.