Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
04.11.2019

Türkoloq Məhəbbət Mirzəliyevanın elmi irsi

Tanınmış türkoloq, dilçi-alim, gözəl insan, şərəfli ömür yolu keçmiş filologiya elmləri doktoru, professor, türkoloq Məhəbbət Mirzəliyeva mükəmməl insani keyfiyyətlərə malik, dəyərlərə mükəmməl dərəcədə sadiq, ideal sələf olub, özünəlayiq xələflər yetişdirmişdir. Bəzən Məhəbbət Mirzəliyevanın mükəmməl insani keyfiyyətləri o qədər vurğulanır ki, sanki dilçi alim və türkoloq Məhəbbət Mirzəliyeva mükəmməl insan və ana, dost və müəllim, müdir və ictimaiyyətçi M. Mirzəliyevanın kölgəsində qalır. Lakin Məhəbbət Mirzəliyeva mükəmməl insan olmaqla bərabər, çox istedadlı dilçi- alim, türkoloq olmuşdur.
Türkoloq, professor Məhəbbət Mirzəliyeva türkologiya, ümumən dilçilik üzərindəki araşdırmalarına 1974 –cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun aspiranturasına daxil olduqdan sonra başlamışdır. İlk məqaləsi də elə həmin il işıq üzü görmüşdür. İlk elmi araşdırması “Azərbaycan dilində felin idarə və məna növləri, onların növ kateqoriyasına münasibəti məsələsi” adlanırdı. Bu mövzuya müraciət etməsi də təsadüfi deyil. Türk dilləri üzrə aspiranturaya daxil olduqda M. Mirzəliyevaya “Müasir Azərbaycan dilində feilin məna növləri və həmhüdüd kateqoriyaları” adlı dissertasiya mövzusu verilmişdir. Elmi rəhbəri isə dünyacan tanınmış professor, türkoloq Vaqif Aslanov təyin olunmuşdur. Aspirantura dönəmində verilmiş mövzunu vaxtından tez və son dərəcə müvəffəqiyyətlə yazıb qurtamış, uğurla müdafiə etmişdir. Əsərin adından da gördüyümüz kimi gənc aspiranta müasir Azərbaycan dilindəki feilin məna növlərini araşdırmaq tapşırılmışdır. Lakin əsərlə tanış olduqda görürük ki, M. Mirzəliyeva tədqiqatda yalnız Azərbaycan dilindəki feillərin məna növlərini deyil, türk dillərindəki feillərin məna növlərini də müqayisəli şəkildə araşdırmışdır. Alim dilin tarixini sədaqətlə yaşadan, milliliyini mühafizə edib qoruyan feilin malik olduğu zəngin kateqoriyaları ilə digər nitq hissələrindən seçildiyini qeyd edir. Bəlkə elə buna görə də istər ümumi, istərsə də milli dilçilikdə feil və onun mövcudluğunu təmin edən qrammatik kateqoriyaların struktur mahiyyəti, morfoloji əlamətləri, leksik-semantik təbiəti, sintaktik özəllikləri, aktuallığını itirməyən cazibə qüvvəsi gənc dilçi Məhəbbət Mirzəliyevanı özünə valeh etmişdir. Bunun nəticəsində mükəmməl bir əsər ortaya çıxmışdır.
Məhəbbət Mirzəliyevaya qədər “Feilin növ kateqoriyası” adı altında Azərbaycan dilçiliyində yalnız feilin məna növləri – məchul, qayıdış, qarşılıq-müştərək, icbar feillər öyrənilmiş, daha doğrusu, feilin növ kateqoriyası ilə məna növləri arasında, nə üçünsə, bərabərlik, eynilik işarəsi qoyulmuşdur. M. Mirzəliyeva isə feilin növ kateqoriyası daha geniş məfhum olub, təkcə məlum, məchul, qayıdış, qarşılıq-müştərək və icbar feillərlə məhdudlaşmadığını əsərdə göstərir. M. Mirzəliyeva feilin növ kateqoriyasına feilin məna, quruluşca və idarə növlərini aid edir. Alimin fikrincə, feillərin təsirli və ya təsirsiz olmaları sintaktik səciyyəli idarə prinsipinə əsaslanır. Məhz bu baxımdan da həmin feillərin müasir Azərbaycan dilində, bəlkə elə bütövlükdə türk dillərində “Feilin idarə növləri” adı altında öyrənilməsini daha məqsədəuyğun saymışdır. Alimin gəldiyi nəticələrə görə, feilin idarə növləri hal və hərəkət bildirən sözün obyektin ifadəçisi olan sözə münasibəti ilə müəyyənləşən, heç bir formal əlamətə malik olmayan sintaktik xarakterli qrammatik kateqoriyadır.
M. Mirzəliyeva təsirli və təsirsiz feillər haqqındakı mübahisəli fikirlərə aydınlıq gətirmişdir.
Məhəbbət Mirzəliyevanın tədqiqatlarına qədər Azərbaycan dilçiliyində dilin bu və ya digər kateqoriyası ilə bağlı istər sinxron, istərsə də diaxron aspektdə saysız-hesabsız tədqiqatlar mövcud olsa da, həmin kateqoriyaların bu və ya digər problemini tarixi-müqayisəli və tipoloji təhlilə cəlb etmək zəruriyyəti hələ də qalmaqda idi. Belə kateqoriyalardan biri də həm fəlsəfi, həm məntiqi, həm də qrammatik baxımdan xüsusi maraq doğuran və Azərbaycah dilçiliyində tədqiqinə bu gün də ehtiyac duyulan feilin məna növ kateqoriyası idi. M. Mirzəliyevanın fikrincə, feilin məna növləri məsələsi dilçilikdə, xüsusilə türkologiyada, nəinki tam həll olunmamış, əksinə, o, müxtəlif baxışlar məngənəsində sıxılan, fikirlər mübarizəsinə məruz qalan qrammatik kateqoriyalardan birinə çevrilmişdir. Dilçilərin bir qisminə görə, feilin məna növləri “hərəkətin subyektə və obyektə münasibətini bildirir”. İkinci qisim dilçilərin fikrincə, bu kateqoriya “subyektlə obyekt arasındakı münasibətlə” müəyyənləşir. Dilçilərin bir qrupu isə “feilin məna növlərinin subyekt və obyektin hərəkətə münasibətini bildirdiyini” göstərir. Alimlərin fikirlərini saf-çürük edən M. Mirzəliyeva feilin məna növ kateqoriyası üzərində son nəticəyə bu şəkildə gəlir. Feilin məna növləri iş, hal-hərəkətin icrasında subyektin rolu ilə müəyyənləşən münasibətin hərəkətin ifadəçisi olan feildə müəyyən şəkli əlamətlərlə reallaşan qrammatik formasıdır.
M. Mirzəliyeva feilin məna növ kateqoriyasının feilin digər kateqoriyaları arasındakı mövqeyini, bu kateqoriyalardan ayrıran fərqləndirici xüsusiyyətlərini, feilin məna növlərinin söz yaradıcılığı prosesində rolu və ya bu prosesə münasibətini, daha doğrusu, onun qrammatik təbiətini müəyyənləşdirmək üçün, sözsüz ki, məna növlərinin hər birindən ayrıca söhbət açmış, hər birinin morfoloji və sintaktik xüsusiyyətlərini göstərərək, onları ayrı-ayrılıqda təhlil etmişdir.
M. Mirzəliyeva doktorluq dissertasiyası olan “Oğuz qrupu türk dillərinin frazeologiyasının nəzəri problemləri” əsəri ilə nəinki türkologiyada, o cümlədən ümumi dilçilkdə mövcud olan frazeoloji konsepsiyada bir yenilik etmişdir desək, zənnimizcə, yanılmarıq. Alim 1996-cı ildə ildə “Türk dilləri frazeologiyasının nəzəri problemləri” adlı doktorluq dissertasiyasını müdafiə edir. Ondan iki il əvvəl 1994-cü ildə alimin “Oğuz qrupu türk dillərinin müqayisəli frazeologiyası” adlı monoqrafiyası çap olunur. 2009-cu ildə isə daha da təkmilləşmiş şəkildə “Türk dillərinin frazeologiyası” əsəri işıq üzü görür.
Alimin fikrincə, frаzеоlоji vаhidlər müхtəlif еlm sаhələrinin dеyil, söz, söz birləşməsi və cümlə kimi yаlnız dilçiliyin оbyеktidir. Bu mənаdа frаzеоlоgiyа dа yаlnız dilçiliyin müstəqil bir sаhəsidir. M. Mirzəliyeva ilk dəfə nəinki Azərbaycan dilçiliyində, bəlkə də dünya dilçiliyində söz səviyyəsində frazeoloji birləşmələrin varlığından söz açmışdır. Öz mülahizələrini elmi əsaslarla sübut edən alimin fikirləri indiyə qədər elmi diskussiyaların əsas obyekti olsa da, alimin bu nəzəriyyəsi onun ardıcıllarının əsərlərində elmi əsasını daha da möhkəmlətmişdir.
Dil tarixçiləri, eləcə də etimoloqlar üçün ən dəyərli və etibarlı mənbə sayılan, əvəzsiz dil materialı olan Azərbaycan dilinin frazeoloji vahidləri oğuz qrupu türk dillərinin-türk, türkmən, qaqauz dillərinin frazeologizmləri ilə hərtərəfli şəkildə tarixi-müqayisəli aspektdə tədqiqiata cəlb olunmuşdur. Hər hansı bir milli dilin frazeologiyasının dərindən öyrənilməsi həmin dilin tam mənimsənilməsində əsas halqadır və eləcə də o dilin daşıyıcılarının zəngin, rəngarəng və bir qədər də sirli aləmlərinə açılan pəncərədir. M. Mirzəliyeva türk dillərindəki frazeologizmlərə bu açılan pəncərədən baxaraq, alim təfəkkürü ilə bu maraqlı dil vahidlərini tədqiq etmişdir.
Oğuz qrupu türk dillərində işlənən frazeoloji birləşmələrin dil sistеmindəki yeri və mövqeyini müəyyənləşdirən alim bu maraqlı dil vahidlərinin əmələgəlmə və inkışаf tаrıхini, təsnifаtını, frаzеоlоji vаhidlərin sеmаntik və qrаmmаtik хüsusiyyətlərini, frаzеоlоgiyаdа sеmаntik prоsеslər və dеrivаsiyаnı, frаzеоlоji vаhidlərin lеksik-qrаmmаtik təbiətini hərtərəfli şəkildə araşdırılıb təhlil etmişdir. Alim oğuz qrupu türk dillərinin frazeoloji vahidləri üzərində apardığı araşdırmalarda təkcə türkologiyanı deyil, ümumi dilçiliyi də maraqlandıran məsələləri təhlil etmişdir. Ən əsası isə isə M. Mirzəliyeva özündən sonra bir frazeoloji məktəb yaratmışdır ki, bu gün frazeologiya üzərində tədqiqat aparan hər bir gənc tədqiqatçı ona istinad edərək, alimin dəyərli fikirlərindən yaralanır.
Məhəbbət Mirzəliyevanın bütün elmi yaradıcılığı boyu – (bu elmi yaradıcılıq yolu 42 ildən ibarətdir) 89 məqaləsi çap olunmuş, 2 monoqrafiyanın və bir şeirlər kitabının müəllifi olmuşdur.
5 kollektiv monoqrafiyanın həmmüəlliflərindən biri, eyni zamanda 3 kollektiv monoqrafiyanın elmi redaktoru və tərtibçisi, 20 elmi monoqrafiyanın redaktoru və rəyçisi olmuşdur.
Gördüyümüz kimi, Məhəbbət xanımın kitabları sayca o qədər də çox deyil. Lakin bu əsərlərində Məhəbbət xanım çox unikal, dəyərli fikirlər söyləmiş, dilçilikdə mövcud olan klassik çərçivələri bəzən qırmış, yeni ideyalarla çıxış etmişdir. Müasir dönəmə qədər ənənəvi dilçilikdə qrammatika dedikdə yalnız morfologiya və sintaksis nəzərdə tutulurdusa, ilk dəfə M. Mirzəliyeva belə bir fikir irəli sürmüşdür ki, “Qrammatika dildə səs hadisələri və qanunlarını, sözün quruluşunu, söz birləşmələri və cümlələrin dəyişmə qaydalarını, mətnin yaranma yolları və üsullarını öyrənən dilçilik şöbəsidir”. Alimin fikrincə, fonetikanın dilin qrammatikasından kənar edilib, müstəqil bir şöbə kimi öyrənilməsi bir qədər məntiqsizlikdir. Akademik Kamal Abdullaya istinad edən M. Mirzəliyeva dili 4 mərtəbəli binaya bənzədir. Dilin qrammatik quruluşunu əks etdirən bu binanın ilk qatında fonemlər, ikinci qatında morfemləri, III qatında leksemlər, sonuncu qatda - ən yüksək mərtəbədə sintaktik vahid olan cümlələr yerləşir. Alimin yaradıcılığını izlədikdə görürük ki, bu 4 mərtəbəli binanın bütün qatlarına dair özünəməxsus elmi mülahizələr müəllifidir Məhəbbət xanım!
Elmi yaradıcılığının son mərhələlərində söz yaradıcılığı ilə məşğul olan alim burada da ənənəvi konsepsiyalardan kənara çıxaraq öz konsepsiyasını irəli sürmüşdür. Çoxəsrlik dilçilik elminin tərkib hissəsi olan söz yaradıcılığı, tarixi səciyyə daşıyır. Müəyyən zaman kəsiyində baş verən bu proses sinxron mahiyyət kəsb edir. Ənənəvi konsepsiyaya görə söz yaradıcılığı qrammatika, daha dəqiq desək, morfologiyanın, eləcə də leksikologiyanın tərkibində öyrənilməlidir. Söz yaradıcılığını «leksik-morfoloji kateqoriya» kimi təqdim edən dilçilərin mövqeyini məntiqsiz və yanlış hesab edən M. Mirzəliyeva söz yaradıcılığı prosesini dilin bütün qatlarında, bütün səviyyələrində gedən fasiləsiz proses adlandırır.
Frazeoloji vahidləri isə dilin frazeoloji qatında gedən söz yaradıcılığı prosesinin nəticəsi kimi qiymətləndirən alim dilin leksik qatında bu prosesin baş verməsi ilə dilə yeni sözlərin daxil olmasını, yad dillərdən yeni termin və sözlərin dilə yol açmasını, ümumi sözlərin xüsusiləşməsini, təkmənalılıqdan çoxmənalılığa və ya əksinə, eləcə də sinonimliyə və omonimliyə keçidlərin meydana gəlməsini söz yaradıcılığı prosesinin mərhələləri hesab edir. Söz yaradıcılığı proses olduğu üçün, alimin fikrincə, onu dilçiliyin şöbəsi adlandırmaq düzğün deyildir.
Məhəbbət Mirzəliyevanın ümumi dilçilklə də bağlı fikir və mülahizələri mövcuddur. Alimin fikrincə, aqlütinasiya, istərsə də fleksiya ilə bağlı dilçilikdə mövcud olan tədqiqatların son nəticələri belə qənaətə gəlməyə imkan yaradır ki, aqlütinativ dillərdə morfoloji əlamətlərin ardıcıl şəkildə bir-birinə qoşulması nəticəsində sözün yeni formaları əmələ gəlir. Aqlütinativ tipli türk dillərində müşahidə olunan fleksiya ünsürlərindən biri də kök morfemlə şəkilçi morfemin sərhəddində fuziya hadisəsinin baş verməsidir. Fuziyanın bütün altay dillərində önəmli yer tutduğunu söyləyən alim türk dillərinin tarixi inkişaf yolunun amorfluqdan iltisaqiliyə doğru inkişaf etdiyini söyləmişdir. M. Mirzəliyevanın fikrincə, aqlütinativliklə flektivliyin eyni inkişaf mərhələsinin məhsulu sayılması o qədər də ağlabatan deyildir. Alimin gəldiyi nəticələrə görə, aqlütinativ tipli türk dilləri öz başlanğıcını amorfluqdan götürmüş, müasir aqlütinativ təbiətini, tipoloji xarakterini tədricən flektivliyə dəyişən bir inkişaf yoluna qədəm qoymuşdur.
Alimin dilçilk görüşləri Ankara (2008), Pekin (2008), İzmir (2010 mart və dekabr), Tekirdağ (2010), Ədirnə(2011) və İstanbulda(2012) keçirilən beynəlxalq simpozium və konfranslardakı məruzələrində əks olunmuşdur.
Alimin elmi yaradıcılığı nə qədər əhatəli, elmi təfəkkürünün məhsululları nə qədər zəngindirsə, Məhəbbət xanımın şeirləri də o qədər zərif və cazibədardır. O incə qəlbli bir şair olmuşdur. Onun gənclik illərindən bəri qələmə aldığı lirik şeirləri 2000-ci ildə çap olunmuş “Nurlan, mətləbli Könül” kitabında əksini tapmışdır. Şeirləri oxuduqca incə qəlbli Məhəbbət xanımın Vətənə, millətə, insana, dostlara olan möhtəşəm və ülvi MƏHƏBBƏTİ-nin şahidi oluruq. Məhəbbət xanım çox xoşbəxt və bəxtəvər insan dir. Çünki onun qədir bilən tələbələri, dostları, iş yoldaşları, yetirmələri var! Onun sadiq xələfləri var. O necə ki, özü sələflərinə layiqli xələf olmuşdur, onun yetirmələri də öz sələflərinə layiqli xələfdirlər.
Professor Məhəbbət Mirzəliyeva elmi yaradıcılığının çiçəkləndiyi bir dönəmdə 67 yaşında əbədiyyətə qovuşdu. Yaşasaydı, alimin bu il 70 yaşı tamam olardı!
Aramızda olmasa belə alimin elmi irsi, dilçilik görüşləri, çap olunmuş və çap olunacaq əsərləri yaşayacaq dilçiliyə, türkologiyaya yenicə qədəm basan gənclərə mayak olub yol göstərəcək!



Qətibə Çingiz qızı Mahmudova

Filologiya üzrə fəlsəfə doktoru, dosent
Azərbaycan Milli Elmlər Akademiyası
Nəsimi adına Dilçilik İnstitutu
Türk dilləri şöbəsi

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.