Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
"Azərbaycan dilinin əcnəbilərə tədrisi mərkəzi - Salam Azərbaycan"
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
01.06.2020

Azərbaycan ədəbi dilinin zənginləşmə mənbələri və inkişafı”

Akademik Möhsün Nağısoylu və professor Sayalı Sadıqovanın Azərbaycan ədəbi dilinin zənginləşmə mənbələri və inkişafı” (Bakı, Elm, 2020, 416 səh.) adlı monoqrafiyası nəşr olunmuşdur. Elmi redaktoru professor Buludxan Xəlilov, rəyçilər professor İsmayıl Məmmədli və professor İkram Qasımovdur. Monoqrafiyada Azərbaycan ədəbi dilinin lüğət tərkibinin zənginləşmə qaynaqları, inkişaf istiqamətləri ətraflı şəkildə zəngin faktlarla araşdırılmışdır. Tədqiqatda ədəbi dilin zənginləşməsində qədim abidələrin rolu, orta əsrlərə aid tərcümə əsərlərinin, lüğətlərin rolu, söz yaradıcılığı və inkişaf meyilləri təhlil edilmişdir. Orta əsrlərə aid Azərbaycan tərcümə ədəbiyyatı nümunələri ədəbi dilimizdə söz yaradıcılığının tarixi aspektdə araşdırılması baxımından zəngin qaynaqdır. Bu baxımdan monoqrafiyada öz əksini tapan tərcümə əsərlərinin farsca mətnlərində işlənən bir sıra düzəltmə və mürəkkəb sözlərin dilimizə tərcüməsi üsulları müəyyənləşdirilmişdir.

Qeyd edildiyi kimi klassik tərcümə əsərlərinin zəngin lüğət tərkibi tarixi leksikologiyanın hərtərəfli araşdırılması baxımından ilkin dəyərli qaynaqlardan biri sayılır. Türk dillərinin əski qatlarına aid sözləri əhatə edən bədii tərcümələrin dilində çoxlu qədim və nadir türkmənşəli sözlər işlənmişdir ki, onların müəyyən bir hissəsi zaman keçdikcə unudularaq çağdaş ədəbi dilimiz üçün arxaik səciyyə daşıyan leksemlərə çevrilmiş, bəziləri isə dilimizin ayrı-ayrı dialektlərində kiçik dəyişikliklə qorunub saxlanmışdır. Bu baxımdan orta əsrlərə aid Azərbaycan tərcümə nümunələrində işlənmiş türkmənşəli qədim sözlər monoqrafiyada geniş şəkildə təhlil edilmişdir. Xüsusən, dilin lüğət tərkibinin tarixən inkişaf yolları, yaranma üsulları, mənbələri araşdırılmışdır.

Tədqiqatda qeyd edildiyi kimi, dildə yaranan yeni anlayışların yaradılmasında əsas mənbə – Azərbaycan dilinin daxili imkanları nəzərə alınmalıdır. Dilin daxili ifadə imkanlarının zəngin olduğunu nəzərə alaraq monoqrafiyada yaranan məfhumları adlandırmaq, ifadə etmək yolları müəyyənləşdirilmişdir: dilin lüğət tərkibindəki sözlərə əlavə məna verməklə; milli sözlərə şəkilçilər artırmaqla; kökü alınma olan sözlərə milli şəkilçilər artırmaqla; iki və daha artıq sözün birləşməsi ilə; köhnəlmiş sözlərdən istifadə etməklə; alınma sözlərin milli sözlərlə əvəz olunması ilə; dialekt sözlərdən istifadə etmək yolu ilə. Bu yollar nəzərə alınaraq monoqrafiyada dilin daxili imkanları əsasında termin yaradıcılığı prosesi və üsulları zəngin faktlarla təhlil olunmuşdur.

Hazırda söz yaradıcılığına dilxarici faktorlar güclü təsir edir. Həm də bu zənginləşmə əvvəlki illərdən fərqli olaraq, beynəlmiləl xarakterli sözlərin – terminlərin hesabına olur. Həmin problemləri araşdırıb təhlil edərkən bununla bağlı nəzəri məsələlərə də aydınlıq gətirilmişdir. Elmi anlayışların dərkedilmə prosesi bilavasitə terminlər vasitəsilə reallaşır və ayrı-ayrı anlayışları ifadə edən terminlərin düzgün, uğurlu seçilməsi dərketmə prosesinin optimallığını şərtləndirən həlledici amillərdəndir. Bu amillər əsas götürülərək, dilin terminoloji sistemi, onun əsas xüsusiyyətləri və spesifik cəhətləri ilə bağlı araşdırmalar aparılmışdır. Dilin lüğət tərkibinin zənginləşmə qaynaqları, dildə gedən söz yaradıcılığı prosesi təqdim olunan monoqrafiyada ilk dəfə olaraq geniş və ətraflı şəkildə araşdırmaya cəlb olunmuşdur. Kitab Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişaf Fondunun Qrant layihəsi çərçivəsində nəşr olunmuşdur.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.