Qüdsiyyə Qəmbərovanın “Azərbaycan dilinin Neftçala rayon şivələri” kitabı çapdan çıxmışdır
AMEA Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dialektologiyası şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Qüdsiyyə Qəmbərovanın “Azərbaycan dilinin Neftçala rayon şivələri” kitabı çapdan çıxmışdır. Kitab AMEA Nəsimi adına Dilçilik İnstitutu Elmi Şurasının 17 iyun 2020-ci il 4 saylı protokoluna əsasən çap olunmuşdur.
Monoqrafiya Azərbaycan dilinin Muğan qrupu şivələrinə daxil olan Neftçala rayon şivələrinin səciyyəvi xüsusiyyətlərinə həsr olunmuşdur. Kitab ön söz, giriş, iki fəsil və şivənin dil xüsusiyyətlərinə aid bədii mətnlərdən ibarətdir. Ön sözdə Neftçala rayonunun fiziki və iqtisadi coğrafiyası elmi-publisistik üslubda təqdim olunur. Girişdə Neftçala rayon şivələrinin Azərbaycan dialekt sistemində yeri və tədqiqat tarixindən müfəssəl şəkildə bəhs olunur.
I fəsildə Neftçala rayon şivələrinin fonetik, morfoloji, sintaktik və leksik səciyyəviliyini əks etdirən konkret məsələlər işıqlandırılır. II fəsildə rayon şivələrinin təxminən 4500 sözdən ibarət lüğəti verilmişdir. Mətnlər bölməsində informatorların söylədiyi şivəyə məxsus spesifik mövzular və səciyyəvi şivə əlamətlərinin əks olunması nəzərə alınmışdır.
Kitabın redaktoru dosent K.İmamquliyeva, rəyçilər dosent G.Binnətova və K.Quliyevadır. Monoqrafiya tədqiqatçı alimlər, doktorantlar və geniş oxucu kütləsi üçün faydalı bir əsərdir.