Azərbaycanlı türkoloq alim beynəlxalq konfransda məruzə ilə çıxış edib

Türkiyə Respublikası Pamukale Universiteti Altay Topluluqları Dil və Kültürləri Araşdırma Mərkəzinin və YUNESKO Türkiyə Milli Komitəsinin birgə təşkilatçılığı ilə "Beynəlxalq Bilgə Tonyukuk" simpoziumu keçirilib.
Konfransda AMEA Nəsimi adına Dilçilik İnstitutu Türk dilləri şöbəsinin müdürü, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin Əli oğlu İbrahimov konfransda “İranʼda yaşayan azsaylı türk xalqları: Xələclər və xələc türkcəsi” mövzusunda məruzə ilə çıxış edib.
Bu barədə Dilçilik İnstitutundan məlumat verilib. Bildirilib ki, Elçin İbrahimov məruzəsində qeyd edib ki, hazırda İranda xələclərin böyük əksəriyyəti azərbaycanlılar ilə qarışsa da, az bir qismi öz dillərini məişət səviyyəsində qorumağa çalışır. O, UNESCO-nun dünyada yox olma təhlükəsi yaşayan dillər siyahısında xələc türkcəsinin müdafiəsiz bir dil kimi göstərildiyini diqqətə çatdırıb.


