Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
 
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
 
Dissertasiya Şurası
Elmi seminar
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
 
   
 
SAYĞAC
 
free counters
05.05.2021

NİZAMİNİN ƏSƏRLƏRİNDƏ TƏBİƏT LEKSİKASININ İŞLƏNMƏ MƏQAMLARI

 

   Nizami Gəncəvi irsinin tədqiqi ilə bağlı Azərbaycanda eyni zamanda dünya miqyasında bir sıra tədqiqatlar qələmə alınmış, çoxsaylı monoqrafiyalar çap olunmuşdur. Azərbaycanda Nizami irsinin başlıca tədqiqatçıları sırasında Həmid Araslı, M. Quluzadə, Ə.Ağayev, R.Əliyev, A.Rüstəmovanı misal göstərmək olar. Dünya üzrə Nizami irsinin başlıca tədqiqatçıları sırasında de Erbel, E.Braun, X.Purqştal, F.Erdman, F.Şarmura, A.Krımski, Y.Marr, Y.Bertels, İ.Höte, İ.Heyne, M.Kanar, M.Qoşqar və s. kimi tanınmış şərqşünas, dilçi, filosof, tarixçi alimləri misal göstərə bilərik. Eyni zamanda əsərləri ilə həm ədəbiyyat, həm dilçilik, həm fəlsəfi axıma təsir göstərmiş dahi şairin 850 illik yubileyi ilə bağlı UNESCO tərəfindən 1991-ci il “Nizami Gəncəvi ili” elan olunmuşdur. 2021-ci ildə isə Nizami Gəncəvinin anadan olmasının 870 illiyi münasibətiylə Azərbaycan Respublikası Prezidentinin cənab İlham Əliyevin fərmanı ilə ölkəmizdə bu il “Nizami Gəncəvi ili” elan edilmişdir.

Bilindiyi kimi Nizami Gəncəvi “Xəmsə”ni fars dilində qələmə almışdır. Bunu rəhbər tutaraq ayrı-ayrı zamanlarda Nizamini fars şairi kimi qələmə verməyə çalışanlar olsa belə, müxtəlif dönəmlərin fars şairləri öz əsərlərində Nizami və Xəqaninin qələmə aldıqları əsərləri nəzərdə tutaraq بوی ترکی می آید (türk qoxusu gəlir) ifadələrinə dəfələrlə yer verdiklərini görə bilərik.

Azərbaycan ədəbiyyatında fars dilli poeziyanın klasiklərindən biri, XII əsrin görkəmli şairi, əsərlərində realistik və romantik üslubun çulğalaşdığı Nizami Gəncəvinin vəfatından yüz illər ötsə də, onun Azərbaycan, ərəb, fars, türk, türkmən və digər xalqların orta əsr ədəbiyyatlarına təsiri danılmazdır. Bununla yanaşı Nizami Gəncəvi fars dilində Xəmsə janrının qurucusudur. Əsl adı İlyas olan dahi Azərbaycan şairinin Qətran Təbrizi, Firdovsi, Fəxrəddin Əsəd Gurgani, Unsuri, Ənsari, Ənvəri, Əbdul-Əla Gəncəvi, Fələki Şirvani, Xəqani kimi orta əsr saray və sufi şairlərindən təsirləndiyini əsərlərindən görmək mümkündür. Öz növbəsində Tacəddin İbrahim Əhmədi, Yusif Şeyxi, Nizami Çələbi Qaramani kimi orta əsr şairləri özlərini Nizami Gəncəvinin davamçıları və tələbələri adlandırmışlar. Belə ki, Mövlanə Cəlaləddin Ruminin “Məsnəvi”sində, Sadi Şirazinin “Bostan”ında, Arif Ərdəbilinin “Fərhadnamə”sində, Dəhləvi, Nəvai, Caminin “Xəmsə”lərində, Füzulinin “Leyli və Məcnun”unda Nizami Gəncəvinin əsərlərindən bəhrələndiklərinə duymaq mümkündür.

  Nizami Gəncəvinin əsərləri başlı-başına aforizmlər və hikmətli sözlərlə doludur. Dahi şairin əsərlərində şir, pələng kimi canlılar güc-qüvvətlə yanaşı, çalışqanlığın da simvolu olaraq ələ alınır. Belə ki, şair öz şikarını ovlanmaqla əldə edən şir, pələng kimi yırtıcıları misal göstərməklə onlar kimi öz qidasını hər kəsin özünün qazanması gərəkdiyini, halal nemət üçün zəhmətə qatlaşmağın önəmini vurğulayır:

ان جورو ان پوش چوشیر وپلنگ

گاوری انری همه ساله بچنگ

Şir, pələng ovla yaşar, libasıdır dərisi,

Tapdığıyla dolanar olmaz tamah hərisi.

  Zoonim leksikasının insanlar üzərinə köçürüldüyü bir digər nümunəyə diqqət yetirək:

بگری کار عاقل به نگردد

بیک دانه بزی فربه نگردد

Ağıllı adamlar səbirsiz olmaz,

Keçi bir arpayla heç ətə doymaz.

   Bu ədəbi nümunədə şair səbirsiz canlı olaraq bilinən keçi kəlməsindən bənzər xasiyyətə malik adamları təsvir etmək üçün istifadə edir. Nizaminin bir çox əsərində insanları səbrli və təmkinli olmağa çağırdığını görə bilərik. Bununla yanaşı şair nəciblik kimi insani keyfiyyətlərə də önəm verməklə insanın qürurlu olması gərəkdiyini bildirir:

خاک خورو نان بخیلان مخور

خاک نهای زخم ذلیلان مخور

Torpaq ye, çörəyini xəsisin yemə ancaq,

Torpaq olma, varlığın əzilib, tapdanacaq.

   Yuxarıdakı ədəbi nümunədə خاک ( farsca torpaq deməkdir ) sözü ilkin misrada müqayisə predmeti kimi həqiqi, ikinci misrada isə məcazi mənada çıxış edərək üzüyola, sakit, itaətkar kimi mənaları bildirir. Bir beyt içində təbiət leksikası vahidinin həm həqiqi, həm məcazi mənada işlədilməsi Nizami Gəncəvinin necə böyük ədəbi düha olduğunun göstəricilərindən biridir. Təbiət leksikası vahidinin həqiqi mənada müqayisə predmeti qismində işləndiyi bir digər nümunədə isə şair insanın ruzisinin Allah(C.C.) tərəfindən verildiyi üçün nigaran olmaması və haram loğmaya əl uzatmamasının vacibliyini qeyd edir:

تاشکمی نان و دمی اب هست

کفچه مکن برسر هر کاسه دست

Varsa suyun, çörəyin yoxluqdan qəmə batma,

Əlini çömçə edib hər kasaya uzatma.

   Şairin əsərlərində real təbiət leksikası vahidləri ilə bərabər mifoloji personajların da işləndiyini görmək mükündür. Burak(Məhəmməd peyğəmbərin(s.a.s.)) Meraca yüksəldiyi qanadları olan at), əjdaha(ağzından od püskürən, qanadlı mifik canlı), Simurq quşu(qədim İran əsatirlərində Elbrus dağında yaşayan əfsanəvi quş), Humay quşu/ Dövlət quşu(zənginlik və bolluq gətirdiyinə inanılan mifik personaj) və s. kimi dində və əsatirlərdə yer alan mifik canlılar müxtəlif obrazlılıqda Nizami Gəncəvinin əsərlərində qarşımıza çıxır:

چون توهمانی شرف کار باش

کم خور و کم گوی و کم اذار باش

Dövlət quşu Humaysan, qayən səadət olsun,

Az yemək, az danışmaq, nəciblik adət olsun.

   Göründüyü kimi bu nümunədə əfsanəvi personaja xas əlamətlər mədh edilərək, insanın da ona bənzədilməsi bədii çalarlıqla təsvir edilmişdir.

  Nizaminin əsərlərində yer alan onomastik vahidlərin bir qismi fars dilində təbiət leksikası vahidlərindən törəmişdir. Fərhad( farsca fər–işıq, ad–od/ odun işığı/Günəşin işığı), Simnar( farsca sim–gümüş, ərəbcə nar–atəş), Səməntürk( farsca səmən–yasəmən gülü), Süheyla( ərəbcə cənub ulduzu), Gövhərmülk( farsca inci/cəvahir/daş-qaş), Nəsrinnuş( farsca nəstəran çiçəyi, vəya itburnu deməkdir ),Dürsəti( ərəbcə dür–inci, ərəbcə səth–üz/səth), Humay( ərəbcə Cənnət quşu), Sərvinaz( farsca cənubda bitən həmişəyaşıl ağac, naz–nazlı xanım), Mahan( farsca mah–ay, farsca an–gözəl/ürəyəyatan), bənzər formada Mahar/Məhər( adında isə mah farsca leksik vahid, ər–igid sözü ilə birləşib ), Nüşabə( farsca nuş–dadlı, farsca ab–su, məcazi mənada isə şərab, tam olaraq “dadlı şərab” mənasında ), Pələngər(pələng ər sözlərindən düzəlib Makedoniyalı İsgəndərə baş qaldıran yerli hökmdar ) adları Nizaminin əsərlərində yer alan təbiət leksikası vahidləri ilə əmələ gələn şəxs adlarıdır.

Nizaminin əsərlərində aforizmlər bəzən atalar sözləri, hikmətli sözlər, bəzən isə zərb məsəllər olaraq qarşımıza çıxır. Bu nümunələrdə bəzən alleqoriyalar, bəzən metafora və metonimiyalara rast gəlmək olar:

مزن در کس از بهر کس نیش را

به پای خود آویز هر میش را

Heç kəsə, heç kəs üçün əziyyət vermə,

Hər qoyunu öz ayağından as.

  Yuxarıdakı nümunədə yer alan hər qoyun öz ayağından asılar ifadəsi Azərbaycan, türk, həm də fars aforizm və atalar sözlərində qarşımıza çıxır. Bu hikmətli sözün qaynağı hədislərə və Qurani-Kərimin ayələrinə dayanır. Belə ki, Qurani-Kərimdə yuxarıdakı ifadə hərfiylə yer almasa da, “Heç kəs başqasının günahı ilə yüklənməz”(Nəcm surəsi 38-ci ayə), “ Qiyamət günü öz günahlarına tamamilə, nadanlıqları üzündən yoldan çıxartdıqları adamların günahlarına da qismən yüklənsinlər. Bir görün onların daşıyacaqları (yük) necə də pisdir! ”(Nəhl surəsi 25-ci ayə) kimi ayə və hədislərdə hər kəsin öz günahına görə sorğu-sual olunacağı qeyd olunur. Bu aforizmin Azərbaycan, türk və fars ədəbiyyatında işlənməsi dinimizdən qaynaqlanır. Eyni zamanda şair əsərlərində sanki oxucusuyla dialoqa girir, hikmətli sözləri, zərb məsəlləri bilərəkdən oxucusuna çatdırdığını söyləyir:

تخم ادب چیت و فاکاش

حف و فاچیت نگه داشتن

Hikmət dəni səpdim ki, vəfa dəni cücərsin,

Hamı alqış oxuyub, bir gün barını dərsin.

   Göründüyü kimi yuxarıdakı misralarda yer alan dən sözü fitonim olaraq deyil, məcazi formada işlənmişdir. Şair əsərlərində ibrətamiz ifadələrə, öyüd nəsihətlərə yer verməklə zaman gələndə oxucuları tərəfindən xeyirlə yada salınmağı ummuşdur. Şairin vəfatından yüz illər keçsə də, Nizami Gəncəvi unudulmur, əsərləri dünyanın hər yerində böyük maraqla oxunub, tədqiqatlara cəlb olunur.

 

Elnurə Hüseynova

AMEA İ.Nəsimi adına Dilçilik İnstitutu

Sosiolinqvistika və psixolinqvistika şöbəsinin kiçik elmi işçisi, əyani doktorantı

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.