Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
 
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
 
Dissertasiya Şurası
Elmi seminar
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
 
   
 
SAYĞAC
 
free counters
02.09.2021

Görkəmli linqvistik mətnşünas alim

Şərəfli və ləyaqətli bir həyat yolu keçmiş AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Zellabdin oğlu Nağısoylunun sentyabrın 1-də 75 yaşı tamam olur.

O, Azərbaycan mətnşünaslıq və linqvistik elminin inkişafı və tərəqqisi sahəsində mühüm xidmətlər göstərmişdir. Hələ Əlyazmalar İnstitutunda çalışdığı 40 il ərzində farsdilli və türkdilli mətn əlyazmalarının tədqiqi və nəşri sahəsində səmərəli elmi fəaliyyət göstərərək respublikamızda həmin sahədə tanınmış aparıcı mütəxəssislərdən biri səviyyəsinə yüksəlmişdir. Onun başlıca araşdırma obyekti olan orta əsr Azərbaycan yazılı tərcümə abidələri milli dil və ədəbiyyatımızın ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Bu cəhətdən alimin araşdırmaları klassik fars və Azərbaycan ədəbiyyatınıın, tərcümə sənətinin hərtərəfli tədqiqi üçün mühüm önəmə malikdir. Məhz AMEA-nın nəşr etdiyi 10 cildlik «Azərbaycan ədəbiyyatı tarixi» kitabının III cildində (B., 2009) onun tədqiqatlarından da istifadə edilməsi buna əyani sübutdur.

M.Z.Nağısoylu Azərbaycan filologiya elminə yeni bir sahə olan linqvistik mətnşünasliq üzrə ciddi və sanballı araşdırmalar müəllifi kimi tanınır.

Nağısoylu Möhsün Zellabdin oğlu 1 sentaybr 1946-cı ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Xok kəndində anadan olmudur. O, 1963-cü ildə ADU-nun Şərqşünaslıq fakültəsinin fars dili və ədəbiyyatı şöbəsinə daxil olmuş, 1967-ci ildə tələbə kimi Əfqanıstana fars dili tərcüməçisi qismində ezam edilmişdir. Möhsül Nağısoylu 1971-ci ildə indiki Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin fars dili və ədəbiyyatı bölməsini fərqlənmə dipomu ilə bitirmişdir. Həmin il indiki Azərbaycan MEA Əlyazmalar İnstitutunun aspiranturasına (qiyabi) daxil olmuşdur.

M.Nağısoylu 1972-ci ilin fevral ayında Əlyazmalar İnstitutuna baş laborant vəzifəsinə işə qəbul olunmuşdur. Dərin biliyinə və çevik və işgüzarlığına görə bir müddət sonra o, kiçik elmi işçi və böyük elmi işçi vəzifələrinə yuksəlmişhir. 1988-ci ilin fevralından isə İnstitutun Farsdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri vəzifəsinə irəli çəkilmişdir.

M.Z.Nağısoylu 1979-cu ildə görkəmli mətnşünas alim, professor Cahangir Qəhrəmanovun elmi rəhbərliyi ilə «XVI əsr Azərbaycan tərcümə abidəsi «Şühədanamə» (poleoqrafiya, orfoqrafiya və tərcümə məsələlələri)» mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə etmişdir. O, orta əsr Azərbaycan tərcümə abidələri üzərində araşdırmalarını davam etdirərək 1994-cü ildə «XV-XVI əsrlər Azərbaycan tərcümə abidələri (tekstoloji, tədqiqi və dil xüsusiyyətləri)» mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.

2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə Möhsün Nağısoyluya «Azərbaycan ədəbiyyatı» ixtisası üzrə professor elmi adı verilmişdir.

Alim 2014-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasınıfn müxbir üzvü, 2017-ci ildə isə həqiqi üzvü seçilmişdir. M.Nağısoylu «Farsdilli əlyazmalar kataloqu»nun I, II, III cildlərinin hazırlanmasında yaxından iştirak etmişdir. Onun elmi araşdırmaları, əsasən, orta yüzilliklərdə fars dilindən Azərbaycan türkcəsinə tərcümə edilmiş əsərlərin, əlyazma kitablarının həm mətnşünaslıq və həm də dilçilik baxımından tədqiqinə həsr olunmuşdur. Bu aspektdə indiyədək tədqiqatçının 16 monoqrafiyası işıq üzü görmüşdür. «Farsca-azərbaycanca» və «Azərbaycanca-farsca» lüğətlərin tərtibçisi (ortaq) olmuş, M.Şəbüstərinin «Gülşəni-raz», S.Bəlağinin «Quran qissələri» kitablarını fars dilindən Azərbaycan türkcəsinə tərcümə etmişdir. Onun «Orta əsrlərdə Azərbaycanda tərcümə sənəti (2000), «M.Füzulinin «Hədiqətüs-süəda» əsəri (2002), «XVI əsr Azərbaycan tərcümə abidəsi «Şühədanamə» (2003), «Şirazinin «Gülşəni-raz» tərcüməsi» (2004), «Əhmədinin «Əsrarnamə» tərcüməsi» (2005), «Həzininin «Hədisi-ərbəin» tərcüməsi» (2008), «Nəsimi irsinin nəşrləri: problemlər və perspektivlər» (2019) kitabları milli Azərbaycan humantitar elminin inkişafında mühüm rol oynamışdır. Tərtibçisi olduğu «Nizami. İncilər» kitabı Türkiyədə, «Şühədanamə»: paleoqrafiya, dilçilik və tərcümə» məsələləri monoqrafiyası Almaniyada, «Şirazi və onun Gülşen-i Raz» tercümesi» monoqrafiyası Türkiyədə nəşr olunmuşdur. M.Füzulinin «Hədiqətüs-süəda» (1993), XVI əsr Azərbaycan tərcümə əsərləri «Şeyx Səfi təzkirəsi» (2006), «Şühadənamə» (2019) əsərlərinin də tərtibçisidir. Monoqrafiyalarının, tərtib və tərcümə kitablarının ümumi sayı 58-dir. 500-ə yaxın elmi, elmi-kütləvi məqalənin, çoxlu sayda rəy və rezensiyaların müəllifidir. Akademik Möhsün Nağısoylu Azərbaycan Respublikası Təhsil Nazirliyinin (2001), Azərbaycan Milli Elmlər Akadmiyası Rəysət Heyətinin (2005, 2016) Fəxri fərmanları, «Bakı Dövlət Universitetinin 100 illiyi» yubiley medalı (2019) ilə təltif olunmuşdur.

Möhsün müəllim 2016-cı ildən AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktorudur. Bizcə, elmi- tədqiqat institutunu idarəetmə mürəkkəb və çətin problemlərdəndir. Adama elə gəlir ki, idarəetmə anlayışı ən ümumi, ən üniversal anlayışlar sırasındadır. Burada sosial sistemi, elmi sistemi idarə etmək qarşıda bir məqsəd kimi durur.

Bəllidir ki, hər hansı elmi-tədqiqat sisteminin idarəolunması prosesi müəyyən məqsədin qoyulmasını və tədqiqat və digər işlərin planlaşdırılmasını nəzərdə tutur. Elmi-tədqiqat işində məqsədin qoyulmasının və planlaşdırılmasının yeniləşdirilməsi və təkmilləşdirilməsi elmi-tədqiqat sisteminin inkişafı və hərəkəti ilə bağlıdır.

Müşahidələrimə əsasən deyə bilərəm ki, bu mənada Möhsün müəllimin təşkilatçılıq bacarığı və fəaliyyəti institut kollektivinin formalaşmasına istiqamətlənir. Həmin işdə onun yalnız elmi xüsusiyyətləri ilə yanaşı şəxsiyyət keyfiyyətləri- peşəkarlığı, səriştəliliyi, ümumi və kollektivlə davranış və idarəetmə mədəniyyəti xüsusi rol oynayır. Bir rəhbr kimi öz vaxtını və tabeliyində olanların vaxtını düzgün bölüşdürməyi bacarır, mühüm təşkilatçılıq mədəniyyətini yüuksəldə bilir. Hər şeydən öncə, onun elmi yaradıcılığı, yazdığı əsərlər və digər fəaliyyət dairəsi kollektivə nümunədir. Elmi Şuralarda, seminarlarda, dissertasiya müdafiələrində məsələlərə münasibəti birmənalıdır. Onun çıxış və fikirlərində zamanın tələbləri, Dövlətimizin dilin saflığı və qorunması haqqında qərar və sərəncamları uca tutulur, müasir elmin qarşısında duran vəzifələri kollektivə başa salır. Kollektivdə innovasiya mühitini yaradır.

M.Nağısoylu instituta direktor təyin olunandan sonra, sözün həqiqi mənasında, ana dilinin saflığını qorumaq və dilçilik elminin geri qalan sahələrini dirçəltmək və inkişaf etdirməkdən ötrü məqsədəuyğun qərarlar qəbul etməyə başladı, əvvəlki rəhbərlərin buraxdığı səhvləri tənzimləməyə yönəldilmiş fəaliyyət, düzgün informasiya əsasında kollektivlə nə iş görəcəyini yekunlaşdırdı. Ardıcıl, qarşılıqlı əlaqəli fəaliyyət növünü əsas götürərək institutun elmi-tədqiqat istiqamətini müəyyənləşdirdi.

Dilçilik institutunu idarəetmə institutdaxili menecment nəzəriyyəsi ilə əhəmiyyətli şəkildə tamamlanır. Menecerin (institutu idarəedənin) fəaliyyəti öz əməkdaşlarına hörmət və etibar əsasında, işdə muvəffəqiyyət, nailiyyət əldə etmək üçün onlara imkan və şərait yaratmaq əsasında qurulur. Möhsür müəllim bu fəaliyyət növünü özü üçün seçidi. Və öz idarəetməsini kollegialıqla əlaqələndirdi, işlərini planlılıq, sistemlilik, komplekslilik, eləcə də səmərəlilik, yekun nəticələrə nail olmaq və s. üzərində qurdu. Elmi problemləri hərtərəfli həll etməkdən ötrü dövlətin və kollektivin səylərini birləşdirdi, elmi-tədqiqat prosesinin məzmununu, forma və metodlarını tətbiq etməklə, elmi işçilərə böyük hüqüqlar, sərbəstlik verdi.

Dövlət xarakterini əsas tutdu. Elmi-tədqiqat sisteminin dövlət xarakteri o deməkdir ki, respublikamızda elm sahəsində vahid siyasətin həyata keçirilməsində öz səylərini əsirgəmədi. Elm barədə qanuna əsasən Azərbaycan Respublikasında elm sahəsi prioritet sayılır. Üstünlük o deməkdir ki, ölkənin dilçilik sahəsindəki nailiyyətləri başqa elm sistemi ilə əlaqələndirilir. Dil siyasətinin prinsiplərində instititutun görəcəyi işlər təsbit olunur.

Elmi fəaliyyəti ilə yanaşı M.Nağısoylu həm də pedaqoji sahədə cəmiyyətə böyük xidmətlər göstərmişdir. Alimin rəhbərliyi altında 4 elmlər doktoru və 21 fəlsəfə doktoru müdafiə etmişdir.Möhsün müəllim hazırda yüksəkixtisaslı dilçi kadların yetişdirilməsində də mühüm xidmətlər göstərir. Universitetlərə hazırlaşan şagirdlər üçün Azərbaycan dili və ədəbiyyatı dərs vəsaiti hələ də stolüstü, ində də elmi-pedaqoji sanbalını saxlamaqdadır. O, eyni zamanda, Qafqaz Universitetində, Azərbaycan Xarici Dillər Universitetində mühazirələr oxuyur, biliyini tələbə gənclərə, magistrlərə mənimsədir.

O, instituta direktor olanda fəaliyyət dairəsi, düşdüyü konkret şərait, institut əməkdaşları arasında intriqalar hələ də davam edirdi. Maraqlıdır, onun inandırıcı, təsiredici davranışı və nitqi, həmçinin də güclü məntiqi bu işə birdəfəlik son qoydu. Həttan kənardan müdaxilə də səngidi.

Yüksək elmi duyuma və həssaslığa malik M.Nağısoylu institutda xüsusilə də gənc kadrlara münasibətində çox humanistdir. Biz elmi seminarlarda, dissertsitya müdafiələrində gənc araşdırıcılar barədə onun elmi mülahizələrinin, tənqidi fikirlərinin, yolgöstərənliyinin şahidiyik.Dilçilik institutunun gənc alimlər şurasının üzvlərinin söhbətlərindən belə başa düşülür ki, hər yerdə, həmişə biz bu müdrik və xeyirxah insanın kölgəsini üstümündə hiss edirik. Eyni zamanda, Möhsün müəllimi tanıyanlar da bu kimil insanın mədəniyyətindən, xarakterində olan mülayimlikdən, sakitlikdən, həmçinin də qeyri-adi təsir gücündn, alicənablığından, insanlıq və qayğıkeşliyindən ağız dolusu söhbət açırlar.

Elmi mühitdə rəhbərlə elmi işçilərin, kadrların birgə fəaliyyəti mühüm faktor hesab edilir. Möhsün müəllimin bir rəhbər kimi məqsədi elmi işçilərin mədəni-intellektual inkişafını formalaşdırmaqdan ibarətdir. Bu səviyyədə direktor kimi o, dilçilik elmi və onun sahələrinin inkişafının strateji istiqamətlərini müəyyənləşdirir.

İnstitutu effektli idarə etmək üçün M.Nağısoylu hazırda böyük önəm daşıyan çoxcildli müasir Azərbaycan dili, transleterasiya, dialektoloji tədqiqatlar, atlaslar, bölgələrdə dil situasiyası, terminologiya, lücətçilik və s. sahələrdə biliklər, ideyalar, konsepsiyalar kimi elmi dəyərlərlə çıxış edir. Həmin dəyərlər məqsəd, bilik, münasibət, keyfiyyət üzərində qurulur. İclaslarda dönə-dönə qeyd edir ki, Dövlət plan işlərinin dəyəri məqsədəmüvafiq olmalıdır. Tədqiqatlarda effektiv meyarlar, tədqiqat işlərində qarşılıqlı münasibətlər, özünə münasibət, özünün tədqiqatına münasibət və şəxsiyyətlərarası münasibət formalaşmalı və dəyər-keyfiyyət tələb olunmalıdır. Kollektiv arasında ünsiyyət, davranış keyfiyyəti burada əsas yer tutur və bunlar xüsusi bacarığı əks etdirir.

M.Nağısoylunu bir mətnşünas-dilçi alim kimi səciyyələndirən əsas xüsusiyyətlərdən biri onun yaradıcılığının çoxşaxəli olmasıdır. Hiss etmişəm ki, nə işlə məşğul olursa, Möhsün müəllim ürəklə, həvəslə məşğul olur. Vaxtdan gileylənənlərə deyir ki, həvəs olsa, vaxt hər zaman tapılar.

Möhsün müəllim hazırda yarım əsrdən çox tarixi olan Azərbaycan dilçilik elminin mərkəzinə rəhbərlik edir. Onun fəaliyyəti dövründə «Azərbaycan dilinin orfoqrafiya lüğəti»inin, «Azərbaycan dili orfoepiyası»nın yeni layihələri işlənib hazırlanmış, orfoqrafiya lüğəti qüsursuz bir şəkildə çap edilmişdir.

«Azərbaycan dilinin dialektoloji atlası» artıq bölgələr üzrə nəşr olunmaqdadır. Naxçıvan dialektoloji atlası «Azərbaycan dialektologiyası» şöbəsinin əməkdaşları tərəfindən hazırlanmış və çap edilmişdir. Möhsün müəllimin özü də Qarabağ dialektoloji atlasının hazırlanmasında şöbə əməkdaşları ilə birgə ekspedisiyalarda yaxından iştirak etmişdir. Müasir Azərbaycan dili şöbəsinin əməkdaşlarının gərgin əməyinin məhsulu olan «Azərbaycan dilinin leksikologiyası» akademik səviyyədə hazırlanmış və çapını gözləyir. Həmin şöbə tərəfindən «Azərbaycan dilinin durğu işarələri sistemi», «Azərbaycan dili və nitq mədəniyyəti» və s. kitablar da nəşr olunmuşdur.

Möhsün müəllim bugün Dilçilik İnstitutunun tarixini yaşadır, onun taleyini düşünür, dilçilik elminin sabahına cavabdeh olduğunu ərklə öz üzərinə götürür.

Möhsün müəllim kollektivin gənclərinə xüsusi qayğı və nəvazişlə yanaşır, onlara qarşı tələbkarlıq nümayiş etdirir, onları elmin meydanında məsuliyyətli olmağa və ciddiyyətə çağırır.

M.Nağısoylu Akademiyanı müqəddəs bir elmi məbəd sayır. Fəxr edir ki, onun bir parçası olan Dilçilik İnstitutuna rəhbərlik edir, bu cür müqəddəs bir yerdə, müdrik, xeyirxah və zəhmətkeş insanlarla bir çərgədə çalışır. Elmi-tədqiqat prosesini planlaşdırır və təşkil edir, tədqiqatların gedişinə və nəticələrinə nəzarəti həyata keçirir, yazılan işlərin keyfiyyətli və effekti üçün daim çalışır. İnstitutun mənafeyini təmsil edir. Bugün yeni düşüncənin, yeni şüurun fomalaşdığı bir dövrdə Möhsün müəllimi ad günü münasibətilə təbrik edir, ona uzun ömür, cansağlığı arzulayırıq. Doğum günün, 75 ilin mübarək, əziz Möhsün müəllim!

İsmayıl KAZIMOV
Filologiya elmləri doktoru,
professor

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.