Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
 
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi

Eksperimental Fonetik Araşdırmalar Laboratoriyası

 
 
DİGƏR
 
Dissertasiya Şurası
Elmi seminar
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
 
   
 
SAYĞAC
 
free counters
24.11.2021

Nizami Gəncəvinin “Xəmsə”sində təbiət leksikası

Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərləri təbiət leksikası vahidləri ilə zəngindir. Fars dilində ilk “Xəmsə” qələmə alan şairin əsərlərində zoonim və fitonimlər daha çox işlənir. “Xəmsə”ni təşkil edən “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl” poemalarında yer alan “Oğlum Məhəmmədə nəsihət” başlığında zoonim və fitonimlərdən təşkil olan aforizm, atalar sözləri və zərb məsəllərin əsərə bədii estetik çalarlılıq qazandırdığını görə bilərik. Bununla yanaşı, təbiət leksikasını təşkil edən fitonim, zoonim, relyef və iqlimlə əlaqəli olan sözlər alleqoriya, təşbeh, istiarə, apelyativ və digər obrazlılıq bildirməklə yanaşı, həqiqi mənalarında da təsvir olunur. Bu araşdırmada Nizami Gəncəvinin “Xəmsə”sini təşkil edən “Sirlər Xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl”, “İsgəndərnamə” poemalarında əksini tapmış təbiət leksikası vahidləri həqiqi mənada, eyni zamanda müxtəlif bədii çalarlıqlarda tədqiq edilmiş, bununla yanaşı sadalanan əsərlərdə yer alan təbiət leksikası vahidlərinin iştirakı ilə əmələ gəlmiş şəxs adlarının etimologiyası araşdırılmışdır. Həmçinin təbiət leksikası vahidlərinin yer aldığı nümunələr əsərdəki orijinal şəkli və tərcümələri ilə qeyd edilmişdir. Nizami Gəncəvinin “Xəmsə”sində yer alan təbiət leksikası vahidlərinin işlənmə xüsusiyyətlərini qruplaşdırılmışdır.

Nizami Gəncəvi irsinin tədqiqi ilə bağlı Azərbaycanda eyni zamanda dünya miqyasında bir sıra tədqiqatlar aparılmış, çoxsaylı monoqrafiyalar çap olunmuşdur. Azərbaycanda Nizami irsinin başlıca tədqiqatçıları sırasında Həmid Araslı, M. Quluzadə, Ə.Ağayev, R.Əliyev, A.Rüstəmovanı misal göstərə bilərik. Dünya üzrə Nizami Gəncəvi irsinin başlıca tədqiqatçıları sırasında de Erbel, E.Braun, X.Purqştal, F.Erdman, F.Şarmura, A.Krımski, Y.Marr, Y.Bertels, İ.Höte, İ.Heyne, M.Kanar, M.Qoşqar və s. kimi tanınmış şərqşünas, dilçi, filosof, tarixçi alimləri misal göstərmək olar. Eyni zamanda əsərləri ilə ədəbiyyat, dilçilik, fəlsəfi fikir axımına təsir göstərmiş dahi şairin 850 illik yubileyi ilə bağlı UNESCO tərəfindən 1991-ci il “Nizami Gəncəvi ili” elan olunmuşdur. 2021-ci ildə isə Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibətiylə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə ölkəmizdə “Nizami Gəncəvi ili” elan edilmişdir.

Azərbaycan ədəbiyyatında fars dilli poeziyanın klasiklərindən biri, XII əsrin görkəmli şairi, əsərlərində realistik və romantik üslubun çulğalaşdığı Nizami Gəncəvinin vəfatından yüz illər ötsə də, onun Azərbaycan, ərəb, fars, türk, türkmən və digər xalqların orta əsr ədəbiyyatlarına təsiri danılmazdır. Bununla yanaşı, Nizami Gəncəvi fars dilində “Xəmsə”nin qurucusudur. Əsl adı İlyas olan dahi Azərbaycan şairinin Qətran Təbrizi, Firdovsi, Fəxrəddin Əsəd Gürgani, Ünsuri, Ənsari, Ənvəri, Əbdul-Əla Gəncəvi, Fələki Şirvani, Xaqani Şirvani kimi orta əsr saray və sufi şairlərindən təsirləndiyini əsərlərindən görmək mümkündür. Öz növbəsində Tacəddin İbrahim Əhmədi, Yusif Şeyxi, Nizami Çələbi Qaramani kimi orta əsr şairləri özlərini Nizami Gəncəvinin davamçıları və tələbələri adlandırmışlar. Belə ki, Tacəddin İbrahim Əhmədi özünü Nizami Gəncəvinin tələbəsi saymış, ona hörmət əlaməti olaraq türkcə “Divan” və beş məsnəvi (“Mirfah əbədəb”, “Tərvihu ələrvah”, “Əsrarnamə”, “İsgəndərnamə”, “Cəmşid və Xurşid”) əsərlərini qələmə almışdır. Şeyx Hacı Bayram Vəlinin tələbəsi olmuş Yusif Şeyxi Nizami Gəncəvinin ardıcıllarındandır. O, Nizami Gəncəvinin “Xosrov və Şirin” əsərini türk dilinə tərcümə etmişdir. Nizami Çələbi Qaramani özünü Nizami Gəncəvinin şagirdi olaraq əsərlərində qeyd edir. Bununla yanaşı, dünyaca məşhur islam təsəvvüf şairi, vəhdəti-vücud fəlsəfəsinin və Mövləviliyin banisi Mövlanə Cəlaləddin Rumi, orta əsr fars ədəbiyyatının klassikləri Hafiz Şirazi və Sədi Şirazi kimi mütəfəkkirlərin əsərlərində dahi şairimizin dəst-xətti hiss olunur. Belə ki, Mövlanə Cəlaləddin Ruminin “Məsnəvi”sində, Sədi Şirazinin “Bostan”ında, Arif Ərdəbilinin “Fərhadnamə”sində, Dəhləvi, Nəvai, Caminin “Xəmsə”lərində, Füzulinin “Leyli və Məcnun”unda Nizami Gəncəvinin əsərlərindən bəhrələndikləri duyulur.

Bilindiyi kimi, Nizami Gəncəvi “Xəmsə”ni fars dilində qələmə almışdır. Bu fakta əsasən ayrı-ayrı zamanlarda Nizamini fars şairi kimi qələmə verməyə çalışanlar olsa belə, müxtəlif dönəmlərin fars şairləri öz əsərlərində Nizami və Xaqaninin qələmə aldıqları əsərləri nəzərdə tutaraq türk qoxusu gəlir ifadələrinə dəfələrlə yer verdiklərini görmək mümkündür.

Nizami Gəncəvinin əsərləri başlı-başına aforizmlər və hikmətli sözlərlə doludur. Aforizmlərin tərkib hissəsi qismində zoonimlərin, fitonimlərin və digər təbiət leksikası vahidlərinin işlənməsini görmək mümkündür:

Varmıdır sümüksüz ilik, ya beyin,

Arısız, şan balı olarmı deyin?!

Birinci leksik nümunədə yer alan arı zəhmətkeş canlıdır, dolayısı ilə şair insanın zəhmətkeş canlıya baxıb ibrət götürməsini gərəkdiyini vurğulayır.

Ümumiyyətlə, Nizami Gəncəvinin əsərlərini oxuyarkən təbiət leksikası vahidlərinin zaman-zaman aforizmlərdə həqiqi mənadan uzaqlaşaraq nitqə bədii estetiklik qazandırmaq üçün məcazi formada işləndiyini görmək olar. Nizaminin əsərlərində aforizmlər bəzən atalar sözləri, hikmətli sözlər, bəzən isə zərb məsəlllər olaraq qarşımıza çıxır. Bu nümunələrdə bəzən alleqoriyalar, bəzən metafora və metonimiyalara rast gəlmək olar.

Heç kəsə, heç kəs üçün əziyyət vermə,

Hər qoyunu öz ayağından as.

Yuxarıdakı nümunədə yer alan hər qoyun öz ayağından asılar ifadəsi Azərbaycan, türk, həm də fars aforizm və atalar sözlərində qarşımıza çıxır. Bu hikmətli sözün qaynağı hədislərə və Qurani-Kərimin ayələrinə dayanır. Belə ki, Qurani-Kərimdə yuxarıdakı ifadə hərfiylə yer almasa da, “Heç kəs başqasının günahı ilə yüklənməz”(Nəcm surəsi 38-ci ayə), “Qiyamət günü öz günahlarına tamamilə, nadanlıqları üzündən yoldan çıxartdıqları adamların günahlarına da qismən yüklənsinlər. Bir görün onların daşıyacaqları (yük) necə də pisdir!”(Nəhl surəsi 25-ci ayə) kimi ayə və hədislərdə hər kəsin öz günahına görə sorğu-sual olunacağı qeyd olunur. Bu aforizmin Azərbaycan, türk və fars ədəbiyyatında işlənməsi dinimizdən qaynaqlanır.

Bir beyt içində təbiət leksikası vahidinin həm həqiqi, həm məcazi mənada işlədilməsi Nizami Gəncəvinin necə böyük ədəbi düha olduğunun göstəricilərindən biridir. Təbiət leksikası vahidinin həqiqi mənada müqayisə predmeti qismində işləndiyi bir digər nümunədə isə şair insanın ruzisinin Allah (C.C.) tərəfindən verildiyi üçün nigaran olmaması və harama əl uzatmamasının vacibliyini qeyd edir:

Varsa suyun, çörəyin yoxluqdan qəmə batma,

Əlini çömçə edib hər kasaya uzatma.

Şairin əsərlərində real təbiət leksikası vahidləri ilə bərabər mifoloji personajların da işləndiyini görmək mükündür. Burak (Məhəmməd peyğəmbərin (s.a.s.) Meraca yüksəldiyi qanadları olan at), əjdaha (ağzından od püskürən, qanadlı mifik canlı), Simurq quşu (qədim İran əsatirlərində Elbrus dağında yaşayan əfsanəvi quş), Humay quşu /Dövlət quşu (zənginlik və bolluq gətirdiyinə inanılan mifik personaj) və s. kimi dində və əsatirlərdə adı çəkilən mifik canlılar müxtəlif obrazlılıqda Nizami Gəncəvinin əsərlərində yer alır:

Dövlət quşu Humaysan, qayən səadət olsun,

Az yemək, az danışmaq, nəciblik adət olsun.

Nizaminin əsərlərində yer alan onomastik vahidləri təhlil edərkən bir sıra şəxs adlarının da fars dilində təbiət leksikası vahidlərinin iştirakı ilə əmələ gəldiyini görmək mümkündür. Fərhad (farsca fər – işıq, ad–od / odun işığı / Günəşin işığı), Simnar (farsca sim – gümüş, ərəbcə nar – atəş), Səməntürk (farsca səmən – yasəmən gülü), Süheyla (ərəbcə cənub ulduzu), Gövhərmülk (farsca inci /cəvahir / daş-qaş), Nəsrinnuş (farsca nəstəran çiçəyi, vəya itburnu deməkdir), Dürsəti (ərəbcə dür–inci, ərəbcə səth–üz/səth), Humay (ərəbcə Cənnət quşu), Sərvinaz (farsca cənubda bitən həmişəyaşıl ağac, naz–nazlı xanım), Mahan (farsca mah–ay, farsca an–gözəl / ürəyəyatan), bənzər formada Mahar / Məhər (adında isə mah farsca leksik vahid, ər–igid sözü ilə birləşib), Nüşabə (farsca nuş–dadlı, farsca ab–su, məcazi mənada isə şərab, tam olaraq “dadlı şərab” mənasında), Pələngər (pələng və ər sözlərindən düzəlib Makedoniyalı İsgəndərə baş qaldıran yerli hökmdar) adları Nizaminin əsərlərində yer alan təbiət leksikası vahidləri ilə əmələ gələn şəxs adlarıdır. Şairin vəfatından yüz illər keçsə də, Nizami Gəncəvi unudulmur, əsərləri dünyanın hər yerində böyük maraqla oxunub, tədqiqatlara cəlb olunur.

Elnurə HÜSEYNOVA,
AMEA-nın Dilçilik İnstitutunun
Sosiolinqvistika və psixolinqvistika şöbəsinin elmi işçisi

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.