Əbdürrəhim Ərdəbili Şirvaninin “Məzhər üt-Türki “ kitabı “Elm və təhsil” nəşriyyatında çap olunub.
Əslən Ərdəbil şəhərindən olan XVIII əsr Azərbaycan alimi Əbdürrəhim Ərdəbili Şirvaninin müəllifi olduğu “Məzhər üt-türki” dərsliyi (risalə) təxminən 270 il əvvəl, Nadir Şah Əfşar dövründə Qızılbaş türkcəsini qeyri-türklərə öyrətmək məqsədilə yazılmışdır. İranın Qum şəhərində mühafizə olunan, Azərbaycan dili və tarixi üçün bu mötəbər və qiymətli əlyazmanı Tehranın Fərhangiyan Universitetinin Fars dili və ədəbiyyatı fakültəsinin dosent doktoru, əslən azərbaycanlı İxtiyar Bəxşi AMEA Nəsimi adına Dilçilik İnstitutunun Baş direktoru filologiya elmləri doktoru, profeesor Nadir Məmmədliyə hədiyyə etmişdir.
İlk dəfə Azərbaycanda fars dilindən tərcümə və çap olunan bu dərslik dilimizin inkişaf yolları, qrammatik və leksik normalarının tarixi təkamülünün öyrənilməsi baxımından dil tarixçiləri, türkoloq və iranşünaslar üçün çox dəyərli vəsaitdir.
Kitabın tərcüməçiləri Fərhəngiyan Universitetinin dosenti İxtiyar Bəxşi və Dilçilik İnstitutunun dosenti Günel Orucovadır.
Əlyazmanın əvvəlində qeyd olunur ki, dərslik İranda Qızılbaş türkcəsini qeyri-türklərə öyrətmək üçün yazılmışdır və bu türkcə “axıcı, dəyərli, sadə və şirin”dir. Elə orada “Məzhər üt-türki” kitabının müəllifi Əbdürrəhim Ərdəbili Şirvaninin Ərdəbildə doğulduğu, yaşayıb boya-başa çatdığı, mənşəyinin də Ərdəbildən olduğu haqqında məlumat verilir.
Əsər gözəl nəstəliq xətti ilə yazılmış, 14 x 21 sm ölçüdə, 163 səhifədən, hər səhifəsi 12 sətirdən ibarət əlyazmadır. Bu əlyazma İranın Qum şəhərindəki “Mərkəz-i ihyay-yi turas-ul İslami” (İslam irsini yenidən canlandırma Mərkəzi) kitabxanasında (şifrə № 686) mühafizə olunur.
“Məzhər üt-türki”ni türk mədəniyyəti, ədəbiyyatı, elminin fədakar təbliğatçısı ərdəbilli Məhəmməd Micəndehi Cəbədər Tehran, Həmədan, Məşhəd, Yəzd, Çalus şəhərlərindən əldə etdiyi çox qiymətli, nəfis türkdilli əlyazmalardan biri kimi Qum şəhərindəki “İslam irsini yenidən canlandırma Mərkəzi” kitabxanasının nadir kitab fondundan əldə etmiş, şəxsi arxivində saxlamış, sonralar vətənpərvər dostlarına hədiyyə etmişdir.
İlk dəfə 2011-ci ildə özü “Məzhər üt-türki” kitabına giriş” adlı məqalə yazmış və əsərin əlyazmasını nəşr etdirmişdir. 2012-ci ildə tanınmış alim Fərhad Rəhimi bu əsəri yazdığı geniş ön söz və şərhlərlə (182 səhifə) Tehranın “Yeni fikir” nəşriyyatında 1000 tirajla çap etdirmişdir. Lakin kitabı orijinal əlyazması ilə müqayisə etdikdə nəşrdə bilərəkdən ya bilməyərəkdən, bəlkə siyasi motivli bəzi mövzular olduğundan fərqli verilmiş, yaxud üstündən sükutla keçilmişdir.
Şrifti böyüt:
Çap et