AMEA Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəlalə Ana Hümmətlinin “Türk dünyasının dəyərləri (Dilimiz, Sözümüz, Səsimiz)” adlı kitabı nəşr olunub. İnstitutun Elmi Şurasının qərarı ilə “Elm və təhsil” nəşriyyatında çap olunan kitabın elmi redaktoru filologiya elmləri doktoru, professor Nadir Məmmədli, rəyçilər filologiya elmləri doktoru, professor Əsgər Rəsulov və “Türküstan” Media Qrupunun rəhbəri Aqil Camaldır. Qardaş Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunan, 3 cilddən ibarət kitabın işıq üzü görən I cildində Şəlalə Ana Hümmətlinin Türk dünyasına, Azərbaycan – Türkiyə qardaşlığına dair, böyük şəxsiyyətlər, görkəmli elm və mədəniyyət xadimləri, dəyərli insanlar (Hacı Bəktaş Vəli, Mirhəmzə Nigari, Yusif bəy Vəzirov (Çəmənzəminli), Salman Mümtaz, Ömər Faiq Nemanzadə, Cahangir Zeynaloğlu, Ahmed Hamdi Tanpınar Turan Yazqan, Etibar Elkin, Məmməd İsmayıl, Qəzənfər Paşayev, Paşa Kərimov, Şəmsəddin Kuzəçi, Əli Şamil, Ərdoğan Tozoğlu, Fadil Hoca, Abdulməcid Nurəddin, Atilla Jorma, Sevil Abbasoğlu İrəvanlı, Nəzakət Məmmədli, Fərid Hüseyn, Əkbər Qoşalı, Xəyal Rza və b.) barədə müxtəlif illərdə qələmə aldığı elmi, publisistik məqalələrindən bir qismi ( 24 məqalə) toplanmışdır. Kitabın ilk səhifəsində Türk dünyasının böyüklərindən Hacı Bəktaş Vəli, Yunus Əmrə, İsmayıl bəy Qaspıralı, Gazi Mustafa Kamal Atatürk və Heydər Əliyevin qiymətli kəlamları, müdrik sözləri yer almışdır. Şəlalə Ana Hümmətlinin Çanaqqala zəfərinə, Peyğəmbərlər diyarı Şanlıurfaya, Mövlana Cəlaləddin Rumiyə və Yunus Əmrəyə həsr olunmuş 4 şeiri də kitaba əlavə olunmuşdur. Bu kitab müəllifin “Bilənlərə salam olsun!” silsiləsindən dördüncü kitabıdır.
Şrifti böyüt:
Çap et