Elçin İbrahimov Qazaxıstanda keçirilən “Əhməd Baytursunov – 150” beynəlxalq konfransında iştirak edib

Şrifti böyüt:
Çap et

Qazaxıstanın Astana şəhərində görkəmli qazax maarifçi alimi, islahatçısı, şair və tərcüməçisi Əhməd Baytursınovun anadan olmasının 150 illik yubileyinə həsr olunmuş “Əhməd Baytursunov – 150” adlı beynəlxalq elmi-praktik konfrans keçirilib. YUNESKO səviyyəsində keçirilən konfrans K.Kuanuşbayev adına Qazaxıstan Dövlət Musiqili Dram Teatrında baş tutub. Konfransın açılış nitqini Qazaxıstan Respublikasının Xarici İşlər Naziri Erlan Karin edib. O, çıxışında qazax xalqının tarixində xüsusi yer tutan iki şəxsin: Abay və Əhməd Baytursınovun “Xalqın müəllimi” adına layiq görüldüyünü vurğulayıb. Əhməd Baytursunovun XX əsrin əvvəllərində qazax xalqının maariflənməsində və inkişafında böyük rolundan danışan nazir “Əhməd Baytursunovun dövrü ilə müstəqillik dövrünün ortaq cəhəti milli kimliyi qoruyub saxlayaraq mədəni ölkə olmaq amalıdır. “Xalqın müəllimi” həmişə xalqımızın lideri olaraq qalacaq” deyə sözlərinə davam edib.

Konfransda çıxış edən YUNESKO-nun Almata ofisinin direktoru, YUNESKO-nun Qazaxıstan, Qırğızıstan və Tacikistan üzrə nümayəndəsi Krista Pikatt qeyd edib ki, Əhməd Baytursınov qazax dilçiliyinin və ədəbi tənqidinin də banilərindən biridir. “O, bütün həyatı boyunca sadə kütlələrin savadlanmasını qarşısına məqsəd qoymuşdur. Ə.Baytursınov şair-tərcüməçi kimi də məşhurdur. O, rus ədəbiyyatının böyük əsərlərini tərcümə etməklə qazax və rus xalqları arasında mədəni dialoqa zəmin hazırlamışdır. Ə.Baytursunovun fəaliyyəti YUNESKO-nun maarifləndirmə və mədəniyyətlərarası dialoqu təşviq etmə missiyası ilə üst-üstə düşür”, − deyə Krista Pikatt bildirib.

Konfransda ölkəmizi AMEA Nəsimi adına Dilçilik İnstitutu Türk dilləri şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin İbrahimov təmsil edib. E.İbrahimov konfransda “Birinci Türkoloji Qurultayda Əhməd Baytursunlunun əlifba layihəsi” adlı məruzə ilə çıxış edib. Çıxışında Əhməd Baytursunovun Bakıda keçirilən I Türkoloji Qurultayda iştirakından, irəli sürdüyü əlifba layihəsindən və onun fəaliyyətinin təkcə qazax xalqının maariflənməsinə deyil, eyni zamanda son nəticədə Türk dünyasının mədəni əlaqələrinin güclənməsinə xidmət etməsindən bəhs edib. Elçin İbrahimov çıxışını: “Son olaraq hər zaman dediyim bir fikri sizinlə bölüşmək istəyirəm: Türk dünyasının birliyinə gedən yollardan biri də ortaq tarixi şəxsiyyətlər vasitəsilə birləşməkdir... Bu gün fəxrlə və fərəhlə deyirik ki, Manasımız, Orxon abidələrimiz, Dədə Qorqudumuz, Yunus Əmrəmiz, Nəsimimiz, Əlişir Nəvaimiz, Abayımız, Mahtumqulumuz və nəhayət, Baytursunlumuz var və onların yaşatdığı dəyərlər bizi bir-birimizlə birləşdirir. Bu gün belə bir konfransda bir araya gəlmişiksə, bunu Türk dünyasının ortaq böyük şəxsiyyətlərinə borcluyuq...” sözləri ilə yekunlaşdırıb.

Konfransda ölkənin rəsmi şəxsləri, millət vəkilləri, bir sıra ölkələrdən elm adamları, araşdırmaçılar, tənqidçilər, tarixçilər iştirak edib. Ümumi çıxışlardan sonra “ Əhməd Baytursunov və qazax filologiyasının problemləri” və “Əhməd Baytursunov və sosial elmlər” adlı bölmə toplantıları da keçirilib.