• Otaq :
  • Əlaqə :
  • Mail :
EKSPERİMENTAL FONETİK ARAŞDIRMALAR LABORATORİYASI

AMEA Rəyasət Heyətinin 24 oktyabr 2018-ci il (№15/9) Qərarına əsasən, AMEA Nəsimi adına Dilçilik İnstitutunda yaradılan Eksperimental Fonetik Araşdırmalar Laboratoriyasında eksperimental fonetika ilə yanaşı, səs biometriyası əsasında şəxsiyyətin müəyyən olunması istiqamətində araşdırmalar aparıldığından bu məsələnin strateji əhəmiyyəti nəzərə alınaraq AMEA Rəyasət Heyətinin 1 mart 2019-cu il tarixli Sərəncamı ilə laboratoriya Nitq Texnologiyaları Laboratoriyası kimi AMEA Strateji Elmi Tədqiqatlar Mərkəzinə keçirilmişdir. AMEA Rəyasət Heyətinin Qərarına əsasən (№18/1), 10.12.2019-cu ildən laboratoriya fəaliyyətini Dilçilik İnstitutunda davam etdirməyə başlamışdır. Yarandığı gündən laboratoriyaya fil.ü.f.d., dosent Nəzakət Qaziyeva rəhbərlik edir.
Hazırda laboratoriyada “Fonemlərin fizioloji-akustik xüsusiyyətlərinin eksperimental üsulla tədqiqi məsələləri” (saitlər) istiqamətində araşdırmalar aparılır. Bu mövzu ilə bağlı fərqli istiqamətlərdə – “Azərbaycan ədəbi dili materialları üzrə fonemlərin fizioloji-akustik xüsusiyyətlərinin tədqiqi”, “Azərbaycan dili dialektlərinin materialları üzrə fonemlərin fizioloji-akustik xüsusiyyətlərinin tədqiqi”, “Azərbaycan Respublikasında yaşayan müxtəlif xalqların dil materialları üzrə fonemlərin fizioloji-akustik xüsusiyyətlərinin tədqiqi” üzrə sait fonemlərin akustik parametrlərinin və statistik xüsusiyyətlərinin müəyyən olunması ilə bağlı tədqiqatlar davam etdirilir.
Eksperimental Fonetik Araşdırmalar Laboratoriyasının əsas elmi-tədqiqat istiqaməti müasir linqvistik kompüter proqramlarının tətbiqi ilə (PRAAT, Wave Assistant və s.) araşdırmaların aparılması, nitq siqnalının akustik təhlili və nitq sintezi sahəsində tədqiqatların aparılmasından ibarətdir. Azərbaycan dili artikulyasiyasının modelləşdirilməsi, səs vahidlərinin variantlılığı: Azərbaycan ədəbi dili və sosial layların müqayisəli təhlili, ekspressiv nitqin təhlili, Azərbaycan dilinin intonasiya konstruksiyalarının müəyyənləşdirilməsi və modelləşdirilməsi, Azərbaycan dilində vurğunun səciyyəvi xüsusiyyətlərinin təhlili, uşaq nitqinin akustik təhlili, psixoloji və fiziki durumdan asılı olaraq nitq siqnalının təhlili: yorğun insanın nitqi, əsəbi insanın nitqi kimi məsələlər tədqiqini gözləyən məsələlərdəndir. Eksperimental fonetika sahəsində yüksəkixtisaslı kadrların hazırlanması da qarşıda dayanan prioritet istiqamətlərdəndir.