2013-cü ildən tətbiqi dilçilik adı ilə fəaliyyət göstərən şöbə 1945-ci ildə yaradılmış lüğətçilik şöbəsinin əsasında təşkil edilmişdir. 1945-1987-ci illərdə şöbəyə əməkdar elm xadimi, Azərbaycan EA-nın müxbir üzvü, fıl.e.d., prof. Əliheydər Orucov rəhbərlik etmişdir. 1989-cu ildən şöbəyə fıl.e.d. İsmayıl Məmmədov rəhbərlik edir.
Azərbaycan dilinin izahlı lüğətinin hazırlanıb çap edilməsi mədəniyyət tariximizdə mühüm hadisə kimi dəyərləndirilməlidir. 1940-50-ci illərdən baş-lanan bu səmərəli iş 1965-87-ci illər arasında həmin 4 cildlik lüğətin nəşri ilə nəticələnmişdir.
Şöbədə 1990-cı illərdə izahlı lüğətin birinci nəşrinin sözlüyü əsas götürülməklə yeni 3 cildlik «Azərbaycan dilinin izahlı lüğəti» (1997, 1999, 2000) hazırlanmışdır.
«Rusca-azərbaycanca lüğət», «Ərəb və fars sözləri lüğəti», «Azərbaycan dilinin qısa ixtisarlar lüğəti», «Azərbaycanca-farsca danışıq kitabı», «İzahlı coğrafiya lüğəti», «Azərbaycan şəxs adlarının izahlı lüğəti» və s. əsərlər tətbiqi dilçilik şöbəsinin nailiyyətlərindən sayıla bilər.
Azərbaycan dilinin çeşidli (izahlı, orfoqrafiya, ikidilli və çoxdilli tərcümə, etimoloji, frazeoloji, orfofonik və s.) lüğətlərinin tərtibi prinsiplərinin və sözlüyünün hazırlanması, elmi-texniki terminologiyanın linqvistik məsələlərinin araşdırılması, ikidilli və çoxdilli (izahlı) terminoloji lüğətlərin tərtibi şöbənin əsas elmi-tədqiqat istiqamətidir. Bu sahədə mövcud olan kadr potensialının zəifliyinin tezliklə aradan qaldırılması da əsas məqsəd kimi qarşıda durur.
TƏTBİQİ DİLÇİLİK ŞÖBƏSİ