Sosiolinqvistika və Psixolinqvistika şöbəsi Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” çərçivəsində AMEA Dilçilik İnstitutunda aparılan struktur dəyişkənlikləri nəticəsində 2013-cü ildə “Sosiolinqvistika və dil siyasəti şöbəsi” kimi yaradılmışdır. Şöbənin əsas fəaliyyət istiqamətlərindən biri psixolinqvistikadır. Buna görə AMEA Prezidiumunun müvafiq qərarı ilə 2019-cu ildə onun adı dəyişdirilərək “Sosiolinqvistika və Psixolinqvistika şöbəsi” kimi müəyyən edilmişdir.
Sosiolinqvistika və Psixolinqvistika şöbəsinin 11 əməkdaşı var:
Şöbə müdiri – filologiya üzrə elmlər doktoru Mayıl B.Əsgərovdur
Şöbədə aparılan elmi tədqiqatların əsas istiqamətləri bunlardır:
Azərbaycan cəmiyyətinin sosiolinqvistik problemlərini araşdırmaq,
ölkədə mövcud olan dil situasiyasını öyrənmək,
dilçilik elmində yaranan yeni istiqamət və nəzəriyyələr əsasında Azərbaycan dilçiliyinin prioritet istiqamətlərini müəyyənləşdirmək,
yeni istiqamətlərə uyğun nəzəri və praktik tədqiqatlar aparmaq.
Dil – sözün əsl mənasında sosial mahiyyət daşıyan linqvo-psixoloji fenomendir. Bu səbəbdən ənənəvi təsviri, funksional, tarixi və tətbiqi dilçilik daima dilin sosial, linqvistik və psixoloji köklərini müəyyən etməyə cəhd göstərsə də, sadəcə fraqmental nəticələr əldə edə bilmişdir. Həmin nəticələrin tamlığı o halda mümkün ola bilər ki, ənənəvi dilçilik sahələri sosiolinqvistika və psixolinqvistikanın tədqiqat üsullarını və prinsiplərini mənimsəmiş olsun və eyni zamanda dilin sosial və linqvo-psixoloji mahiyyətini nəzərə alsın.
Son dövrlərdə Respublikada bir tərəfdən ənənəvi dilçiliyə aid tədqiqatlarda dilin sosial və linqvo-psixoloji köklərinin tədqiqinə meyl artır, digər tərəfdənsə, sosiolinqvistik və psixolinqvistik araşdırmalın aparılmasına cəhdlər göstərilir. Həmin meyl və cəhdlərə düzgün istiqamət vermək, sosiolinqvistika və psixolinqvistikanın nəzəri bazasını daha da təkmilləşdirmək məqsədi ilə bu sahəni AMEA Dilçilik İnstitutunun, eləcə də Azərbaycan dilçilik elminin prioritet istiqamətlərindən biri kimi inkişaf etdirmək məqsədəuyğundur.
Şöbənin əldə etdiyi əsas nəticə və uğurlar bunlardır:
1) Azərbaycan dilçilik elmi tarixində dilin psixologiyası ilə bağlı ilk nəzəriyyə Linqvo-psixoloji vəhdət nəzəriyyəsi məhz bu şöbədə Mayıl B. Əsgərov tərəfindən yaradılmışdır. Həmin elmi nəzəriyyənin tətbiqi ilə Rusiyada, Qazaxıstanda və Azərbaycanda 3 elmlər doktoru, 11 fəlsəfə doktoru, 16 magistr dissertasiyası yazılmış və yazılmaqdadır. Həmin dissertasiyalardan 6-sı artıq müdafiə edilmişdir.
2) Linqvo-psixoloji vəhdət nəzəriyyəsinin tətbiqi ilə şöbədə Azərbaycan dilini öyrənmək istəyən əcnəbilər üçün dərs vəsaitləri dəsti hazırlanır. Rus və ingilis dilli əcnəbilər üçün nəzərdə tutulan “Salam Azərbaycan” adlı bu vəsaitlərin A1-A2 və B1-B2 səviyyələri üzrə 10 kitab artıq çap olunmuş istifadəçilərə təqdim edilmişdir. Həmin vəsaitlərin C1-C2 səviyyələri üzrə kitabların hazırlanması işi davam edir.
3) Linqvo-psixoloji vəhdət nəzəriyyəsinin tətbiqi ilə hazırlanan dərs vəsaitləri bazasında “Salam Azərbaycan” adlı Yutub kanalı açılmışdır. A1 səviyyəsindən başlamaqla həmin dərs vəsaitlərinə uyğun materiallar diktor mətni və animasiyalar şəklində bu kanala yerləşdirilir və pulsuz olaraq istifadəçilərin ixtiyarına verilir. “Salam Azerbaijan” YouTube kanalının ünvanı (linki) belədir:
https://www.youtube.com/channel/UCDMKZKw7ycbTDwraEbHC8Qw?view_as=subscriber
4) Azərbaycanda yaşayan xalqların və etnik qrupların dilləri, Azərbaycandakı sosial dil situasiyası, eləcə də Azərbaycan dili ilə təmasda olan dillərin qarşılıqlı təsir və zənginləşmə imkanları öyrənilir.
SOSİOLİNQVİSTİKA VƏ PSİXOLİNQVİSTİKA ŞÖBƏSİ