AMEA Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru professor Nadir Məmmədli Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyilə bağlı İstanbulda keçirilən konfransda iştirak edib.

Şrifti böyüt:
Çap et

16 mayda İstanbulda Hüseyn Cavid adına məktəbdə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyilə bağlı “Tarix yaradan böyük şəxsiyyət Heydər Əliyev” mövzusunda konfrans keçirilib.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Şərqiyyə Məmmədova qonaqları salamlayaraq, dövlətlərimiz arasındakı əlaqələrin günbəgün möhkəmləndiyini deyib. O, Azərbaycan-Türkiyə münasibətlərinin güclənməsində hər iki ölkənin dövlət başçılarının önəmli rol oynadıqlarını vurğulayıb, həmçinin ölkələrimiz arasında olan birliyin hər zaman örnək olduğunu bildirib.

2023-cü ildə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinin qeyd edildiyini vurğulayan Şərqiyyə Məmmədova bu əlamətdar hadisə ilə əlaqədar Türkiyədə də bir sıra tədbirlərin keçirildiyini diqqətə çatdırıb.

Konfransda İstanbul millət vəkilləri Şamil Ayrım, Hasan Turan, Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayeva və bələdiyyə sədrləri iştirak ediblər.

Tədbirdə çıxış edən AMEA Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru professor Nadir Məmmədli “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda çıxış edib.

Nadir Məmmədli qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biri də Azərbaycan dilinə dövlət dili statusunun verilməsi təşəbbüsü idi. Müstəqilliyimiz bərpa olunduqdan sonra Azərbaycan dili cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatının bütün sahələrində daha geniş istifadə edilməyə başlanıb, onun dövlət dili kimi maneəsiz inkişafı üçün münbit zəmin yaranıb. Dilimizin kütləviliyi, inkişafı, qayda və tələbləri Ümummilli Lider Heydər Əliyev tərəfindən imzalanan 2001-ci il 18 iyun tarixli “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanda, eləcə də 2002-ci il 30 sentyabr tarixli “Azərbaycan Respublikasının dövlət dili haqqında” qanunda geniş şəkildə öz əksini tapıb.

Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə işlənib-hazırlanan və 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası,“Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında” 2001- ci il 9 avqust tarixli Fərmanı dilimizin hüquqi statusunu, onun işlənməsi, qorunması və inkişafı üçün zəruri olan tədbirləri müəyyənləşdirib. Ana dilimizi qorumaq üçün böyük addımlar atan Ümummilli Liderin siyasi xətti Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir. Dövlətimizin başçısının 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamıma əsasən, davamlı şəkildə latın qrafikalı Azərbaycan əlifbası ilə çap olunacaq əsərlərin siyahısı hazırlandı.

Sonda şagirdlərin nitqində Ulu Öndərə aid şeirlər səsləndirilib.