Dilçiliyimizin multidissiplinar alimi – İlham Tahirov 60

Şrifti böyüt:
Çap et

Müasir Azərbaycan dilçiliyinin tanınmış nümayəndələrindən biri, ömrünün 35 ildən çox bir dövrü AMEA Nəsimi adına Dilçilik İnstitutu ilə bağlı olan, uzun müddət İnstitutun elmi katibi kimi mühüm bir vəzifədə işləmiş, hal-hazırda Hind-Avropa dilləri şöbəsinin müdiri kimi fəaliyyət göstərən filologiya elmləri doktoru, professor İlham Tahirovun 60 yaşı tamam olur.

Professor İlham Tahirov 1963-cü il iyun ayının 8-də Azərbaycanın səfalı güşələrindən birində – Masallı rayonunun Miyankü kəndində anadan olmuşdur. Uşaqlıq və gənclik illərini bu səfalı yerlərdə keçirmişdir. İlham Tahirov indiki Azərbaycan Dillər Universitetinin ingilis dili fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra təyinatla bir neçə il Yardımlı rayonunun Hamarkənd kəndində ingilis dili müəllim kimi fəaliyyət göstərmişdir. Elmə olan bağlılıq onu AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun aspiranturasına gətirib çıxarmışdır. Bundan sonra İlham müəllim ömrünü AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu ilə bağlamışdır. 1991 – 1993-cü illərdə Dilçilik İnstitutunun əyani aspirantı olmuş və Azərbaycan dili ixtisası üzrə “Azərbaycan dilinin şərq qrupu dialekt və şivələrində İran mənşəli alınma sözlər” adlı dissertasiyasını uğurla müdafiə edərək 1994-cü ildə filologiya elmləri namizədi elmi dərəcəsini almışdır. 2008-ci ildə isə Dil nəzəriyyəsi ixtisası üzrə doktorluq dissertasiyasını uğurla müdafiə edərək filologiya elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür.

Professor İlham Tahirov Dilçilik İnstitutunda kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi, elmi katib, baş elmi işçi və şöbə müdiri kimi müxtəlif vəzifələrdə çalışmışdır. Onun dilçilik sahəsində fəaliyyəti təkcə bir sahə ilə məhdudlaşmır. Alim dil nəzəriyyəsi, dillərarası əlaqələr, funksional-semantik sahə nəzəriyyəsi, dialekt leksikası, toponimika, qədim dillər və mədəniyyətlərin tədqiqinə həsr edilmiş 6 monoqrafiya və kitabın, 7 proqram, 100-dən çox məqalə və tezisin müəllifidir. Tərcümə fəaliyyəti ilə də məşğul olmuş, ingilis və rus dillərindən dilçilik, hüquq, metodika və siyasətin fəlsəfəsinə aid 6 kitabı tərcümə edərək Azərbaycan oxucusuna təqdim etmişdir. Bu mənada İlham müəllim multidissiplinar dilçidir. Yəni o həm german dilləri, həm dil nəzəriyyəsi, həm Azərbaycan dili, həm də tərcümə nəzəriyyəsi ilə yanaşı, qədim dillər və mədəniyyətlər sahəsindəki çalışmaları ilə Azərbaycan dilçiliyinə öz töhfəsini vermişdir. Alimin “Dialekt leksikasında alınma sözlər” (2004), “Azərbaycan və ingilis dillərində zaman kateqoriyası (2007), “Temporal leksika” (2008), “Azərbaycan dilçiliyi müntəxəbatı, II cild. (2013, şərikli), “Qədim dillər üzrə biblioqrafiya” (2018, kollektiv), “Azərbaycan Respublikasının ərazi vahidlərinin adları ingilis dilində” (2022) adlı monoqrafiya və kitabları elmi ictimaiyyətə yaxşı məlumdur. Professor İlham Tahirov sadalanan tədqiqatları ilə Azərbaycan dilçilik elminin zənginləşməsinə xidmət etmişdir. Onun elmi tədqiqatları Azərbaycanın görkəmli dilçi alimlərindən Ağamusa Axundov, Afad Qurbanov, Yusif Seyidov, Aydın Ələkbərov, Qəzənfər Kazımov, Həbib Zərbəliyev, Məsud Mahmudov, Qara Məşədiyev, Fikrət Xalıqov, Türkan Əfəndiyeva, Rəhilə Məhərrəmova, Sevil Mehdiyeva, İsmayıl Məmmədli, İsmayıl Kazımov və başqaları tərəfindən yüksək qiymətləndirilmiş, əsərləri haqqında mətbuatda rəylər çap edilmişdir.

Professor İlham Tahirov ölkə daxilində bir sıra elmi qurumların və elmi jurnalların redak­siya heyətlərinin üzvü kimi fəaliyyət göstərir. O, ölkə xaricində “Linguistics and Literature Studies” (ABŞ), “Mediterranean Journal of Social Sciences” (İtaliya), “European Scientific Journal” (Fransa) kimi impakt faktorlu elmi jurnallarla əməkdaşlıq etmiş, onların beynəlxalq rəyçisi olmuşdur.

Ölkədə elmi kadrların yetişdirilməsində də alimin xidmətləri böyükdür. Dil nəzəriyyəsi, german dilləri, müqayisəli-tarixi və müqayisəli-tipoloji dilçilik ixtisasları üzrə 12 fəlsəfə doktoru və elmlər doktoru dissertasiya işi professor İlham Tahirovun elmi rəhbərliyi və məsləhətçiliyi ilə müdafiə edilmişdir.

Tez-tez belə bir söz eşidirik: “Alim olmaq asandır, insan olmaq çətin”. Amma ən çətini alim olmaqla yanaşı, həm də insan olmaqdır. Yəni hər kəs bu iki çətin işi eyni zamanda apara bilmir. Bu mənada İlham müəllim xoşbəxt adamdır, çünki o, çox böyük alim olmaqla yanaşı, həm də gözəl insandır. Onu tanıyan hər kəs belə deyir: “İlham müəllim sözübütöv adamdır”. Bu həqiqətən də belədir. Bütün hallarda sözünün üstündə durmaq, həqiqəti, doğru olanı gizlətmədən demək, bütün dövrlərdə asan olmayan məsələlərdən hesab edilib. İlham müəllim həyatda necədirsə, elmdə də elədir, tələbkar, dürüst və bütöv. Dilçilik İnstitutunda çox az adamlardandır ki, hamı ondan məsləhət alır. Ən maraqlısı da odur ki, kimsə deyə bilməz ki, İlham müəllim mənə doğru yol göstərmədi və ya məni dinləmədən yola saldı. Elə gün olmaz ki, kimsə hansısa bir işlə bağlı müraciət etməsin. Hər dəfə özünün doğru-dürüst məsləhətləri ilə xeyirxahlığını göstərən İlham müəllim başqalarından yaxşı mənada fərqlənir. İlham müəllim həm də yaxşı dost, etibarlı bir yoldaşdır. Həm həyatda, həm də elmdə hər hansı çətinlik zamanı insanı dinləmək bacarığı və yol göstərmək kimi çətin işi bacaran İlham müəllim unikal şəxsiyyətdir və ondan çox şey öyrənmək olar.

60 yaş artıq müdriklik çağıdır. Bir müdrik insanda ola biləcək hər bir xüsusiyyəti biz İlham müəllimdə görə bilərik. Gənclərə həmişə örnək olan İlham müəllim həm də gənc alimlər üçün bir həyat məktəbidir. Kiçik bir dağ kəndinin müəllimindən professorluğa gedən yolda bütün çətinliklərə sinə gərən, kiçik elmi işçidən baş elmi işçiyə, elmi katibə və şöbə müdirinə qədər yüksəlmiş İlham müəllim hər çətinlikdən keçib, həyatın hər bir sərt üzünü görüb və artıq müdrik bir alim – vətəndaş kimi formalaşmış bütöv bir şəxsiyyətdir. Fikrimizcə, şəxsiyyət sözü hər kəsə aid edilə bilməz, lakin İlham müəllim şəxsiyyət sözünü öz əməyi və zəhməti sayəsində qazanan bir insandır. Həqiqi alim, insan, vətəndaş və sözün əsl mənasında ziyalı olan filologiya elmləri doktoru, professor İlham Tahirov bu mənada böyük hərflə yazılıa biləcək ŞƏXSİYYƏTDİR.

Ad gününüz və yubileyiniz mübarək, İlham müəllim! Məşhur bir mahnıda deyildiyi kimi: “Altmış yaş nədir hələ”. Yüz yaşayın və həmişə belə mərd və başıuca olun.

Filologiya üzrə fəlsəfə doktoru, dosent Rasim Heydərov
AMEA Nəsimi adına Dilçilik İnstitutu, Təhsil şöbəsinin müdiri