Filologiya elmləri doktoru, professor İdris Abbasovun “Ümumi dilçilik: dilçiliyin tarixi, nəzəriyyəsi və koqnitiv elmlərin epistemoloji əsasları” monoqrafiyası çapdan çıxıb.
Əsərə Əməkdar elm xadimi, akademik Nizami Cəfərov rəy verib və “Fundamental dilçilik əsəri” adlı “Ön söz” yazıb. Akademik N.Cəfərov əsəri belə qiymətləndirir: “Professor İdris Abbasovun “Ümumi dilçilik: Dilçiliyin tarixi, nəzəriyyəsi və koqnitiv elmlərin epistemoloji əsasları” adlı monoqrafiyası müasir dilçilik baxımından zəngin araşdırma təqdim edən yüksək məziyyətlərə malik qiymətli əsərdir. Əsər çoxşaxəli linqvistik tədqiqatlar üçün yeni perspektivlər vəd edir”.
Kitabın elmi redaktoru filologiya elmləri doktoru Günel Bayramova, rəyçiləri professorlar Məsud Mahmudov, İsmayıl Məmmədli, filologiya elmləri doktorları Kamilə Vəliyeva, Gülsüm Hüseynova və Lalə Qurbanovadır.
Monoqrafiya son dövrlər ölkəmizdə ümumi dilçiliyə dair yazılmış əsərlərdən öz orijinallığı, mövzuların yeniliyi, zənginliyi və əhatəliliyinə görə fərqlənir. Genişhəcmli və dərin məzmunlu bu tədqiqat işi dilçiliyə dair ensiklopedik biliklər məcmusudur. Burada lap qədim dövrlərdən tutmuş günümüzə qədər dilçiliyin keçdiyi tarixi yol izlənilir, Azərbaycan dilçiliyində indiyədək toxunulmamış mövzular gündəmə gətirilir, dilçilik tarixinin və nəzəriyyəsinin, koqnitiv elmlərin epistemoloji əsaslarının aydın və maraqlı mənzərəsi yaradılır.
Müəllif belə nəticəyə gəlir ki, epistemologiya – koqnitiv psixologiya, dilçilik, süni intellekt, rasional fəlsəfə və neyrobiologiyanın (neyroelmin) müştərək məhsuludur, yəni fənlərarası elm sahəsidir. Freym nəzəriyyəsi, koqnitiv psixologiya və süni intellekt kimi məsələlərlə bağlı müəllif göstərir ki, freym nəzəriyyəsi süni intellekt sahəsində işlənib-hazırlanıb. Koqnitiv psixologiya və süni intellekt koqnitiv linqvistikanı da əhatə edərək koqnitiv elm adlanan interdisiplinar bir sahənin təşəkkülünü səciyyələndirir. Oxucu əsərdə Frederik Bartlett, Marvin Minski, Rocer Şenk, Robert Abelson və Devid Rumelhart kimi məşhur dilçilərin nəzəri baxışları ilə tanış olacaq. Nəşrdə freym nəzəriyyəsi və koqnitiv linqvistika, koqnitiv psixologiya, süni intellekt, linqvistika, semiotika və ya semiologiya, ağılın fəlsəfəsi, koqnitiv neyroelm, biolinqvistika, elmdə inqilablar və klassik konsept nəzəriyyəsi kimi mövzular bir-birini tamamlayır.
Müasir dünya dilçiliyinin ən yeni və zəruri nailiyyətlərinin əks olunduğu, böyük sayda və müxtəlif dillərdə elmi ədəbiyyatdan istifadə etməklə yazılmış, zəngin linqvistik-filoloji məlumatlara, multidisiplinar və orijinal linqvistik postulatlara malik, yeni-yeni tədqiqatlar üçün perspektivlər açan bu monoqrafiya ali məktəb tələbələri və müəllimləri, doktorantlar, dissertantlar, dil nəzəriyyəçiləri, komparativistlər, müxtəlif profilli dilçi-filoloqlar və tədqiqatçılar üçün qiymətli mənbədir.
Şrifti böyüt:
Çap et