İyulun 5-də Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda Abbasqulu Ağa Bakıxanovun 230 illik yubileyinə həsr edilən elmi seminar keçirilib.
Seminarda çıxış edən elmi müəssisənin direktoru professor Nadir Məmmədli Azərbaycan elmi tarixində özünəməxsus yer tutan “Qanuni-Qüdsi”, “Əsrarül-mələküt”, “Təhzibül-əxlaq”, “Eynül-mizan”, “Gülüstani-İrəm” kimi əsərləri ilə böyük şöhrət qazandığını söyləyib. Professor qeyd edib ki, dil, coğrafiya, tarix, astronomiya, məntiq, psixologiya və digər elmlərə aid əsərləri Abbasqulu Ağa Bakıxanovun hərtərəfli bir alim olduğunu göstərir. O, həmçinin Amerikanın kəşfindən və bu qitədən bəhs edən “Kəşfül-qəraib” və dövrümüzə gəlib çatmayan “Ümumi coğrafiya” əsərlərinin müəllifidir. Bakıxanov pedaqoji məsələlərlə də məşğul olub, uşaqların və gənclərin tərbiyəsi ilə əlaqədar mülahizələrini “Təhzibül-əxlaq” əsərində qələmə alıb.
Seminarda Toponimika şöbəsinin müdiri dosent Elçin İsmayılov “Abbasqulu Ağa Bakıxanovun həyat və yaradıcılığı” mövzusunda məruzə ilə çıxış edib.
Sonra elmi seminarın sədri professor Sayalı Sadıqova, dosentlər Qüdsiyyə Qəmbərova, Kifayət İmamquliyeva və Qətibə Quliyeva mövzu ətrafında müzakirələr aparıblar.
Şrifti böyüt:
Çap et