Oktyabrın 11-də AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Gənc Alim və Mütəxəssislər
Şurasının “Dilçilik tribunası” layihəsi çərçivəsində növbəti elmi seminarı keçirilib.
Tədbirdə Gənc Alim və Mütəxəssislər Şurasının sədri Arzu İsgəndərzadə “Dilçilik
tribunası”nda gənc doktorant və dissertantların aktiv iştirakının əhəmiyyətini vurğulayıb.
Sonra “Dilçilik tribunası” layihəsi çərçivəsində Qədim dillər və mədəniyyətlər şöbəsinin
elmi işçisi Ülkər Mirzəyevanın “Azərbaycan toponimləri yunan mənbələrində” adlı
məruzəsi dinlənilib.
Ü.Mirzəyeva bildirib ki, qədim yunan mənbələri əsasında aparılan araşdırmalardan məlum
olur ki,türkmənşəli etnonimlərin adı və mənşəyi eramızdan əvvəlki dövrlərə söykənir.
Qədim yunan müəlliflərinin əsərlərində qeyd olunan türkmənşəli adların çoxuna Azərbaycan
ərazisində təsadüf edirik. Strabonun, Klavdi Ptolemeyin, Plutarxın, Hekatey Miletsinin,
Herodotun, Homerin, Ksenefonun və sair qədim yunan müəlliflərinin əsərlərində bir çox
türkmənşəli onomastik vahidlərə rast gəlirik. Bu da onu göstərir ki, Azərbaycan dilinin
onomoloji leksikasının arxaik nümunələri qədim yunan müəlliflərinin əsərlərində
işlənmişdir. Qədim yunan mənbələri əsasında aparılan araşdırmalardan məlum olur ki,
türkmənşəli etnonimlərin adı və mənşəyi eramızdan əvvəlki dövrlərə söykənir. Qədim yunan
müəlliflərinin əsərlərində qeyd olunan türkmənşəli adların çoxuna Azərbaycan ərazisində
təsadüf edirik. Antik mənbədə mühafizə olunmuş türkmənşəli onomastik vahidlər bu dilin
dialektlərinin qrammatik qaydalarına uyğun şəkildə yazıya alındıqlarına görə, yəni adların
sonuna hal şəkilçilərinin əlavə edilməsi, samitlərin qoşalaşması, xüsusi adların tərkibində
olan saitlərin bu dilin dialektlərinin tələbi ilə fərqli şəkildə yazılması, türkmənşəli onomastik
vahidlərin antik dilin qaydasına uyğun olaraq, müəyyənlik artiklı və cins göstəricisi ilə
işlənməsi, metateza hadisəsinin baş verməsi, onomastik vahidlərdə işlənən diftonqların, qoşa
samitlərin həmin dilin qaydasına uyğun olaraq, fərqli şəkildə tələffüz edilməsi kimi
dəyişikliklər türkmənşəli onomastik vahidlərin yazılış və tələffüz formalarına təsir etmişdir.
Tarixi faktlar göstərir ki, ölkəmizin antik dövrə aid olan toponimləri daha çox türk
dünyasının qüdrətli, nüfuzlu, cəngavər hökmdarları, xaqanları, sərkərdələrinin adları və
onların başçılıq etdiyi tayfa və qəbilələrin adı əsasında formalaşmışdır. Yunan müəlliflərinin
əsərlərində işlənən türk mənşəli tayfa və qəbilə adları əsasında yer adlarının böyük
əksəriyyəti formalaşmışdır. Buna misal olaraq, Muğan, Muğanlı, Biçənək, Qurqar, Gərgər,
Qarqar, Dondarlı, Zod, Şəki, Şamaxı və sair toponimləri göstərmək olar.
Daha sonra çıxış edən filologiya elmləri doktoru İlhami Cəfərsoy, filologiya elmləri doktoru,
professor Sayalı Sadıqova gənc doktorant və dissertantların elmi seminarlarda çıxışlarının
vacib olduğunu vurğulayıb və Gənc Alim və Mütəxəssislər şurasına fəaliyyətlərində uğurlar
arzulayıblar.
Şrifti böyüt:
Çap et