Dilçilik İnstitutundan Özbəkistana elmi ezamiyyət

Şrifti böyüt:
Çap et

Nəsimi adına Dilçilik İnstitutunun iki əməkdaşı 15-18 oktyabr tarixlərində Özbəkistanda elmi ezamiyyətdə olmuşlar.

Onlar 16 oktyabrda Özbəkistanın Nəvayi adına Pedaqogika İnstitutunun Özbək dili və ədəbiyyatı kafedrasında keçirilən konfransda iştirak etmişlər. Azərbaycan dili tarixi şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Xədicə Heydərova “Vaqifin dilində bəzi semantik və qrammatik xüsusiyyətlər” adlı məruzə ilə çıxış edərək -ıb4, -mış4, -ıbam nəqli keçmiş zaman şəkilçiləri və -ıb4, -ıban, -uban, -ıbani, -ubani feili bağlama şəkilçilərinin diaxron aspektdə tədqiqini təqdim etmişdir. Bu sufiksləri Dədəd Qorqud dastanında, Şah İsmayıl Xətayinin, Molla Pənah Vaqifin və onun müasiri Molla Vəli Vidadinin əsərlərində müqayisəli şəkildə işlənmə intensivliyini müəyyənləşdirən alim sonda elmi nəticələrini göstərmişdir. Ardından Tətbiqi dilçilik şöbəsinin böyük elmi işçisi Sevinc Səfərova “Azərbaycan ədəbi dili və köməkçi adlar” elmi məruzəsi ilə çıxış etmişdir. Konfransdan sonra Nəvai televiziyası X.Heydərovadan müsahibə aldı.

Azərbaycanlı alim Özbəkistana səfərinin səbəbləri və təəssüratları haqqında danışdı. Daha sonra X.Heydərova və S.Səfərova “Repressiya qurbanları” muzeyinə dəvət edilərək ordakı eksponatlarla tanış edildi. Daha sonra Rus dili kafedrasında tələbələrlə görüş keçirildi. X.Heydərova öz elmi fəaliyyəti, yazdığı kitabların məzmunu ilə bağlı, S.Səfərova isə Azərbaycanda təhsil sistemi haqqında tələbələrə mühazirələr oxudular. Tələbələrlə görüşdən sonra Buxara şəhərinə səfər təşkil edildi. Burada tarixi abidələr ziyarət olundu.

17 oktyabrda Xədicə Heydərovanın 2023-cü ildə nəşr olunmuş “Nəsiminin dilində işlənən onomastik vahidlərin izahlı lüğəti (dini-poetik onomastikon)” adlı əsərinin Nəvayi Pedaqogika İnstitutunun Özbək dili və ədəbiyyatı kafedrasının dosenti Gülsənəm Maqsudovna Norova tərəfindən özbək dilinə edilmiş tərcümə kitabının təqdimatı həyata keçirildi. Bununla bağlı Xədicə Heydərova Nəvayi televiziyasına müsahibə verdi.

Təqdimatda X.Heydərova özü ilə gətirdiyi rəhbəri olduğu şöbənin əsəri olan “Türk mənşəli arxaizmlər lüğəti (XIII-XVIII əsrlər yazılı abidələri əsasında)” 3 cildliyini və müəllifi olduğu “Heydər Əliyevin siyasi dilinin lüğəti” əsərini Nəvayi Pedaqogika İnstitutuna hədiyyə etdi. Daha sonra elə həmin kafedrada tələbələrlə görüş keçirildi. X.Heydərova İmadəddin Nəsiminin yaradıcılığından danışaraq “Nəsiminin dilində işlənən onomastik vahidlərin izahlı lüğəti”ndə əks olunmuş onomastik vahidlərin növlərini şərh etdi. Tələbələrlə görüşdən sonra Səmərqənd şəhərinə səfər təşkil edildi. Burada Registan mədrəsələri və Əmir Teymurun məqbərəsi ziyarət olundu.

18 oktyabrda Özbəkistan Milli Universitetində keçirilən Özbək dilinə həsr olunmuş konfransda iştirak etmək üçün Daşkəndə gedildi. Burada Xədicə Heydərova məruzə ilə çıxış etdi. Ardından Özbək dili və ədəbiyyatı kafedrasında tələbələrlə görüş keçirildi. X.Heydərova burada Azərbaycan dilinin tarixi şöbəsinin əsəri olan “Türk mənşəli arxaizmlər lüğəti”nin quruluşu və tərtibi prinsipləri haqqında danışdı və S.Səfərova isə Azərbaycan ədəbi dili və köməkçi adlar ilə bağlı məruzə etdi.

Elə həmin gün Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə dəvət olunan Dilçilik İnstitutunun əməkdaşları mərkəzin direktor müavini Nadir Əlimirzəyev tərəfindən qarşılandı. Mərkəzlə tanış olduqdan sonra Xədicə Heydərova müəllifi olduğu “Heydər Əliyevin siyasi dilinin lüğəti” əsərini mərkəzə hədiyyə etdi.