4 noyabr 2024-cü ildə AMEA-nın Rəyasət Heyətinin binasında Rəyasət
Heyəti, Humanitar Elmlər Bölməsi və İctimai Elmlər Bölməsinin birgə
təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik - COP-29-un çağırışları və
humanitar elmin vəzifələri” mövzusunda elmi konfrans keçirilmişdir.
Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, AMEA Rəyasət
Heyətinin üzvləri, AMEA-nın müşavirləri, AMEA-nın elmi müəssisə və
təşkilatlarının nümayəndələri və aidiyyəti şəxslər iştirak ediblər.
Konfransı giriş nitqi ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli
“Yaşıl dünya naminə həmrəylik ili”nin ölkəmizdə uğurla davam etdiyini və
Azərbaycanın dünya miqyaslı beynəlxalq COP29 konfransına yüksək səviyyədə
hazırlaşdığını bildirib. Qeyd edib ki, AMEA-da həm “Yaşıl dünya naminə
həmrəylik ili”, həm də onunla səsləşən COP29-la bağlı Akademiyanın müxtəlif
institutlarında çoxsaylı tədbirlər keçirilmiş, kitablar çap olunmuş, məqalələr işıq
üzü görmüş, alimlərimiz televiziya verilişlərində çıxış etmişlər.
Sonra AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova AMEA-nın
Elmi bölmələrinin, həmçinin elmi müəssisə və təşkilatlarının “Yaşıl dünya naminə
həmrəylik ili” və COP-29 çərçivəsində keçirdiyi tədbirlər barədə ətraflı məlumat
vermişdir.
Daha sonra İ. Nəsimi adına Dilçilik İnstitutunun Müasir Azərbaycan dili
şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Nərgiz Hacıyevanın “Heydər
Əliyevin ekologiya təlimi fikirləri və Azərbaycan uşaq ədəbiyyatında təbiətə
münasibət” və İ. Nəsimi adına Dilçilik İnstitutunun Sosiolinqvistika və
psixolinqvistika şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Elnurə
Hüseynovanın “Heydər Əliyevin təbiətə qayğısı və klassiklərin əsərlərində təbiət
mövzusu” adlı məruzələri dinlənilib.
Müasir Azərbaycan dili şöbəsinin müdiri, filologiya elmlər doktoru, dosent
Nərgiz Hacıyeva “Heydər Əliyevin ekoloji siyasəti və uşaq ədəbiyyatında təbiət
mövzusu” məruzəsində M.Dilbazi, M.Gülgün, Ə.Əhmədova, Z.Xəlil, M.Aslan,
M.Rzaquluzadə, T.Elçin, İ.Tapdıq, X.Əlibəyli, M.Seyidzadə, M.Əliyev,
T.Mahmudun əsərlərindən sitatlar gətirmiş, təbiət mövzusunun Azərbaycan
ədəbiyyatında işlənmə məqamlarına toxunmuşdur.
Qeyd etmək lazımdır ki, ədəbiyyatşünaslar kimi, bir çox dilçilər də
uşaqların, gənc nəslin təlim-tərbiyəsində təbiətin rolunu yüksək qiymətləndirirlər.
Ayrı-ayrı bitkilərin adını, etimologiyasını uşaqlara izah etmək üçün şairlər söz
oyunundan istifadə etmişlər. Məruzəçi İ.Tapdığın “Şabalıd” əsərindən nümunələr
gətirərək təbiətə qayğının önəmindən bəhs etmişdir.
Uşaq ədəbiyyatında təbiət hadisələrinin səsini vermək üçün müxtəlif təqlidi
sözlərdən istifadə olunur. Çayların şırıltısı, quşların cəh-cəhi, ildırımın çaxması,
müxtəlif heyvanların səsini ifadə etmək üçün səstəsviri və səstəqlidi sözlərdən uşaq
ədəbiyyatında yer alır. Filologiya elmləri doktoru, dosent Nərgiz Hacıyeva
müxtəlif yazıçıların əsərlərində yer alan səstəqlidi sözlər haqqında konfrans
iştirakçılarına məlumat vermişdir.
Sosiolinqvistika və psixolinqvistika şöbəsinin böyük elmi işçisi, filologiya
üzrə fəlsəfə doktoru Elnurə Hüseynova “Heydər Əliyevin təbiətə qayğısı və
klassiklərin əsərlərində təbiət mövzusu” adlı məruzə ilə çıxış etmişdir. Filologiya
üzrə fəlsəfə doktoru Elnurə Hüseynova məruzəsinin 2 hissədən ibarət olduğunu
qeyd edərək, məruzəsinin I hissəsində Heydər Əliyevin təbiətin mühafizəsi,
qorunması ilə bağlı qərarları və bu sahədə attığı addımlar haqqında konfrans
iştirakçılarına məlumat vermişdir. O, Heydər Əliyevin təbiəti mühafizəsi ilə bağlı
həyata keçirdiyi addımları 2 dönəmdə: hakimiyyətinin I dövrü (1969-1982) və
hakimiyyətinin II dövrü (1993-2003) olaraq qruplaşdıraraq, Heydər Əliyevin
hakimiyyətinin I dönəmində 51 min hektar meşə zolağıın salındığını, bir sıra qoruq
və yasaqlıqların təşkil olunduğunu, şoran ərazilərin azaldılması ilə bağlı tədbirlərin
həyata keçirildiyini, hakimiyyətinin II dönəmində isə Azərbaycan Respublikasında
bir sıra önəmli sənədlərin, qanunların, fərmanların, sərəncamların qəbul
olunduğunu, ölkənin beynəlxalq konvensiyalara qoşulduğunu qeyd etmişdir.
Həmçinin, 23 may 2001-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təsis
edildiyini vurğulamışdır.
Filologiya üzrə fəlsəfə doktoru Elnurə Hüseynova məruzəsinin ikinci
bölümündə təbiət sözünün etimologiyası, klassiklərindən: Nizami Gəncəvi,
Məhəmməd Füzuli, İmadəddin Nəsimi və həmçinin Səməd Vurğunun əsərlərində
təbiət leksikası vahidlərinin işlənmə məqamlarını müxtəlif aspektlərdən təhlil
etmişdir. Məruzəçi Azərbaycan ədəbiyyatında təbiət leksikası vahidlərinin iki
formada: 1) həqiqi mənada – təbiəti qorumaq, təbiətin ecazkarlığı, təbiətin vəsf
olunması; və 2) məcazi mənada – İlahi eşq, gözəlin vəsfi, metafora olaraq yer
aldığını qeyd etmiş, fikirlərini nümunələrlə konfrans iştirakçılarına çatdırmışdır.
Daha sonra digər konfrans iştirakçılarının məruzələri dinlənilmiş və
Akademik Adil Qəribov “Yaşıl dünya naminə həmrəylik ili” və COP29
çərçivəsində AMEA-da keçirilən tədbirləri yüksək qiymətləndirmiş, alimlərimizin
iqlim dəyişmələrinə yüksək həssaslıqla yanaşdığını bildirmişdir.
Yekunda çıxış edən akademik İsa Həbibbəyli elmi konfransda dinlənilən
məruzələri yüksək qiymətləndirərək, çıxışçıların yeni yanaşmalar ortaya
qoyduğunu vurğulamışdır.
Şrifti böyüt:
Çap et