“Azərbaycan dilinin cümlə quruluşu” mövzusunda müzakirə aparılıb

Şrifti böyüt:
Çap et

Aprelin 13-də AMEA Nəsimi adına Dilçilik İnstitutunun elmi seminarında “Azərbaycan dilinin cümlə quruluşu” mövzusunda müzakirə aparılıb.
Tədbirdə yazıçı-publisist Seyran Səxavət teleməkanda apardığı müşahidələr əsasında aşkara çıxardığı dil pozuntuları barədə geniş məruzə edib. Problemləri konkret faktlarla sadalayan tanınmış yazıçı dil normalarının pozulması hallarının bütün telekanallar üçün səciyyəviliyini vurğulayıb. O, Azərbaycan dövlətinin həyata keçirdiyi dil siyasətindən də söz açıb. Qeyd edilib ki, Prezident İlham Əliyevin “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 1noyabr tarixli Fərmanı günün zəruri tələbindən irəli gələn bir sənəddir.
Dilçilik İnstitutunun baş direktoru filologiya elmləri doktoru, professor Nadir Məmmədli iclasda bildirib ki, dövlət dilinin saflığının qorunması, inkişafı və zənginləşməsinə xüsusi qayğı göstərilməsi böyük əhəmiyyət kəsb edir. Professor Azərbaycan reallığında ictimai fikrə təsir imkanları baxımından televiziya və radionun digər kütləvi informasiya vasitələrindən yüksəkdə dayandığını, insanların gündəlik həyatının adi normasına çevrildiyini bildirib. O vurğulayıb ki, televiziya dövlət dilinin qorunub saxlanması, inkişafı və zənginləşməsi üçün böyük imkanlara malikdir.
İclasda dilçi alimlər tərəfindən təkliflər səsləndirilib.