Türk Dil Qurumunun rəhbəri Osman Mərt Nəsimi adına Dilçilik İnstitutunun qonağı olub

Şrifti böyüt:
Çap et

İyunun 19-da AMEA Nəsimi adına Dilçilik İnstitutunda əlamətdar bir görüş keçirilib. Görüş çərçivəsində Türkiyənin Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun tərkibinə daxil olan Türk Dil Qurumunun rəhbəri, professor Osman Mərt İnstitutun qonağı olub.

İnstitutun direktoru, professor Nadir Məmmədli hörmətli qonaqları salamlayaraq dilçilik elminin hazırkı vəziyyəti, institutun fəaliyyət istiqaməti, son dövrdə aparılan elmi-tədqiqat işləri və beynəlxalq əməkdaşlıq haqqında geniş məlumat verib. Bu əməkdaşlığın tarixi əsaslara söykəndiyini bu istiqamətdə görülən işlərin daha da dərinləşməsinin vacibliyini vurğulayıb.

Sonra professor Osman Mərt Türk dünyasında dil birliyinin qorunması, ortaq türkologiya irsinin araşdırılması və elmi mübadilələrin vacibliyi haqqında çıxış edib, rəhbərlik etdiyi qurumun Azərbaycanla elmi əlaqələrə verdiyi əhəmiyyətdən bəhs edib. O bildirib ki, Azərbaycan və Türkiyənin dil qurumları arasında əməkdaşlıq yalnız elmi müstəvidə deyil, həm də mənəvi bağlar üzərində qurulmuş bir dostluğun, türklüyün təzahürüdür.

Daha sonra Türk dilləri şöbəsinin müdiri professor İsmayıl Kazımov öz çıxışında Türk dillərinin tarixi inkişafı, fonetik və leksik oxşarlıqları, eləcə də türk dilləri arasında aparılan müqayisəli tədqiqatların əhəmiyyətindən danışıb. Həmçinin şöbənin əməkdaşları professor Osman Mərtə suallar ünvanlayıb, fikir mübadiləsi aparıblar.

Tədbirin sonunda Dilçilik İnstitutu ilə Türk Dil Qurumu arasında gələcək əməkdaşlıq imkanları müzakirə olunub.