Dilçilik İnstitutunda “Azərbaycan dili və mədəniyyəti: milli və bəşəri dəyərlər” mövzusunda ictimai müzakirə keçirilib

Şrifti böyüt:
Çap et

İyunun 25-də Nəsimi adına Dilçilik İnstitutunda Media və Mülki Cəmiyyət İctimai Birliyinin “Azərbaycan dili və mədəniyyəti: milli və bəşəri dəyərlər” mövzusunda tədbiri keçirilib.

Tədbirdə çıxış edən İnstitutun direktoru, professor Nadir Məmmədli layihə çərçivəsində keçirilən ictimai müzakirənin əhəmiyyətinə toxunaraq bildirib ki, müasir dövrdə dilin qorunması və təbliğ edilməsi təkcə dilçilərin deyil, bütövlükdə cəmiyyətin üzərinə düşən ortaq məsuliyyətdir. İstər elm və təhsil sektoru, istər mədəniyyət qurumları, istərsə də ictimaiyyətin fəal üzvləri ana dilimizin təmizliyi və düzgün istifadəsi məsələsində daha məsuliyyətli olmalıdır. Biz Dilçilik İnstitutu olaraq bu cür təşəbbüsləri hər zaman dəstəkləyirik.

Sonra Media və Mülki Cəmiyyət İctimai Birliyinin sədri Xanoğlan Əhmədov layihə çərçivəsində görüləcək işlərdən danışıb və dəstəyinə görə Dilçilik İnstitutuna öz təşəkkürünü bildirib.

Daha sonra İnstitutun Terminologiya şöbəsinin müdiri, professor Sayalı Sadıqova, Hind-Avropa dilləri şöbəsinin müdiri, professor İlham Tahirov və Toponimika şöbəsinin müdiri dosent Elçin İsmayılov geniş məruzələrlə çıxış ediblər. Onlar çıxışlarında dil pozuntuları ilə mübarizə yollarından danışıblar.

Sonda tədbir iştirakçıları layihənin məqsədini yüksək qiymətləndirərək belə təşəbbüslərin gələcəkdə də davam etdirilməsinin vacibliyini vurğulayıblar.