AMEA-da milli mətbuatın 150 illiyi qeyd olunub

Şrifti böyüt:
Çap et

İyulun 17-də AMEA-nın Əsas binasında Azərbaycan milli mətbuatının yaranmasının 150 illiyinə həsr edilmiş “Azərbaycan mətbuatının inkişaf və vəzifələri” mövzusunda konfrans keçirilib.

Konfransı giriş sözü ilə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq əsası 1875-ci il iyulun 22-də "Əkinçi" qəzetinin ilk nömrəsinin nəşri ilə qoyulan milli mətbuatımızın keçdiyi çətin və şərəfli yola nəzər salınıb, Azərbaycanda sağlam və peşəkar mətbuatın formalaşması, söz və mətbuat azadlığının təmin edilməsində Ulu Öndər Heydər Əliyevin rolundan danışıb. Bildirib ki, müasir dövrdə milli mətbuatımızın inkişafı Heydər Əliyevin adı ilə bağlıdır. Dahi liderin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı mətbuatımızın inkişaf tarixində yeni mərhələ açıb. 1998-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən Azərbaycan mətbuatının üzərindən dövlət senzurasının ləğv edilməsi ilə ölkəmizdə söz və mətbuat azadlığının əsası qoyulub və bu, mətbuatın inkişafına ciddi təkan verib. Onun sözlərinə görə, 2002-ci ilin martında Azərbaycan jurnalistləri arasında keçirilmiş sorğu nəticəsində Heydər Əliyevin "Jurnalistlərin dostu” seçilməsi görkəmli dövlət xadiminin medianın inkişafına diqqət və qayğısının məntiqi nəticəsi idi.

Tədbirdə, həmçinin görkəmli jurnalist, Bakı Dövlət Universitetinin Milli mətbuat tarixi kafedrasının müdiri professor Cahangir Məmmədli, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri professor Vüqar Əhməd, həmin şöbənin baş elmi işçisi fil.e.d. Gülbəniz Babayeva, AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri fil.ü.f.d. Ağahüseyn Şükürov, Gəncə Bölməsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zakir Muradov, Əməkdar jurnalist Xalid Niyazov, Şirməmməd Hüseynovun ömür-gün yoldaşı, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş mütəxəssisi Ülkər Hüseynova, AMEA Azad Həmkarlar İttifaqının sədri siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov və Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri fəlsəfə elmləri doktoru, dosent Xatirə Quliyeva çıxış edərək Azərbaycan mətbuat tarixinin zəngin irsindən danışıb, informasiya-kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyi dövrdə media işçilərinin üzərinə daha böyük məsuliyyətin düşdüyünü bildiriblər.

Sonda Akademiyada çalışan bir qrup media işçisinə AMEA-nın təşəkkürnaməsi, həmçinin YAP Yasamal rayon təşkilatının, AMEA Azad Həmkarlar İttifaqının, Humanitar və İctimai Elmlər bölmələrinin Fəxri fərmanı və təşəkkürnamələri təqdim olunub.

Nəsimi adına Dilçilik İnstitutunun İctiamiyyətlə əlaqələr şöbəsinin əməkdaşları dosent Təranə Şükürlü və Şamama Təvəkkülova Fəxri fərman və Təşəkkürnamə ilə təltif olunublar.