Bu gün 1 Avqust- Azərbaycan dili və əlifbası günüdür. Hər zaman xalq və millət üçün uzaqgörən qərarlar verən ümummilli lider Heydər Əliyevin 2001- ci il 9 avqust tarixli fərmanı ilə qeyd edilən bu tarix sadəcə rəsmi bir tarix deyil, həm də ana dilimizin dövlət səviyyəsində tanınması, qorunması və inkişaf etdirilməsi yönündə həyata keçirilən siyasətin mühüm nəticəsidir.
1 Avqust tarixi XIX əsrin sonlarından etibarən başlayan maarifçilik hərəkatının mühüm xəttini təşkil edən ana dilimiz üçün edilən xidmətlərin xatırlama günüdür. Xalq və dil üçün ölümü belə gözə alan M.F.Axundzadə, H.Zərdabi, C. Məmmədquluzadə, Ö.F.Nemanzadə, Ü.Hacıbəyli kimi ziyalıların, “Anamın kitabı”ndan üzü bu yana Azərbaycan və Azərbaycan dili uğrunda qurban gedən xalq və millət fədailərinin əldə etdikləri uğurdur bu gün. 1991-cı ildə milli oyanışın bir təcəssümü olan latın əlifbasına keçid 10 il sonra yenə də 1 avqust tarixində ümummilli lider Heydər Əliyevin imzası ilə başa çatdı və dövlət iradəsi ilə Azərbaycan dilinin inkişafında yeni bir mərhələ başladı. Rəsmi statuslu dilə rəsmi dövlət qayğısının bariz nümunəsi olan ardıcıl fərman və sərəncamlarla 1813-cü il Gülüstan və 1828- ci il Türkmənçay müqavilələrindən sonra çar dövründə, ardınca sovet dönəmində dilimizin funksionallığına vurulan zərbələrin yaraları sağalmağa başladı. Xalqımızın tarixi yaddaşı olan Azərbaycan dili dövlət qayğısı ilə XXI əsrin qloballaşma mühitində mövqeyini daha da möhkəmlətdi.
XX əsrin görkəmli mütəfəkkirlərindən Əli bəy Hüseynzadə yazılarında qeyd edir ki, “dildə millət, millətdə isə dövlət gizlidir. Ana dili olmayan millət, ruhunu itirər”. Bugün dünyada yaşayan azərbaycanlıların vahid ünsiyyət dili olan Azərbaycan dili tarixi uzun əsrləri əhatə edən, zəngin bədii, elmi, publisistik yaradıcılıq nümunələrinə öz xəzinəsində yer verən dillərdən biridir. Onun əsasında minilliklərin təcrübəsi, xalqın düşüncə və ifadə tərzi, zəngin ədəbiyyatı və mədəniyyəti durur. Azərbaycan dilinin tarixinə nəzər saldıqda Dədə Qorqud hikmətini, Nəsimi şeirinin ilahiliyini, Füzuli sevgisinin əbədiliyini, Vaqif gözəlləmələrinin ahəngdarlığını, Vidadi ruhunun narahatlığını, Mirzə Fətəli Axundzadənin, Həsən bəy Zərdabinin vətəndaşlıq şüurunu, Cəlil Məmmədquluzadənin, Əbdürrəhim bəy Haqverdiyevin, Üzeyir Hacıbəyovun maarifçi çağırışlarını, həm də bu dil üçün qurban gedən Bəkir Çobanzadə, Xalid Səid Xocayev kimi alimlərin acı talelərini görmək mümkündür. “Azərbaycan dili bizim milli sərvətimizdir. Onu göz bəbəyi kimi qorumaq və gələcək nəsillərə ötürmək hər bir azərbaycanlının müqəddəs borcudur.”-deyən ümummilli lider Heydər Əliyev ana dili uğrunda aparılan mübarizə tarixini 1Avqust 2001- ci ildə əbədiləşdirdi və dövlətçiliyimizin əsas atributlarından biri kimi Azərbaycan dilinin inkişafına hüququ təminat verdi.
Bu gün millətimiz, dövlətimiz kimi dilimiz də müstəqildir, azaddır. Azərbaycan dövlətinin dil siyasəti milli-mənəvi dəyərlərin qorunmasına, dilin təmizliyinin saxlanılmasına və onun inkişaf etdirilməsinə yönəlmişdir. Dövlət dil siyasətinin fəaliyyət istiqamətləri Azərbaycan dilinin cəmiyyətin bütün sferalarında işləkliyinin təmin olunmasına istiqamət verir. Elm və Təhsil Nazirliyinin Azərbaycan Respublikasının Konstitusiyasını və Dil haqqında Qanunu rəhbər tutaraq həyata keçirdiyi siyasət nəticəsində dövlət dili əsas tədris vasitəsidir. Media və informasiya məkanında Azərbaycan dilinin normaları qorunmasına nəzarət, media qurumları üçün dilə dair etik kodekslərin tətbiqi, sosial mediada və platformalarda dil saflığının qorunması ilə bağlı tədbirlərin keçirilməsi virtuallaşan dünyada Azərbaycan dilinin mövqeyini qorumağa xidmət edir.
Benjamin Franklinin fikrincə, “Bir millətin mədəniyyət səviyyəsi onun dilinə olan münasibəti ilə ölçülür”. Bugün Azərbaycan dilinin qorunması üçün bütün dövlət mexanizmləri aktiv şəkildə reallaşır. Lakin cəmiyyətdən və dil daşıyıcılarından ana dilinə eyni münasibəti görmək heç də hər zaman mümkün olmur. Qloballaşan cəmiyyətdə virtual mühitdə başqa dillərdən istifadə meylinin sürətlənməsi, eləcə də dövrün tələblərinə uyğun olaraq danışıq üslubunda, yazı üslubunda dil qaydaları qorunmalıdır. Bir məsələni də xüsusilə vurğulamaq yerinə düşər: müxtəlif dillərə, onların inkişafına tarixi kontekstində baxdıqda görünən odur ki, dillərin inkişafı geniş ictimaiyyətin tələbi ilə deyil, intellektual elita və sahə mütəxəssislərinin iradə və ardıcıl fəaliyyətləri ilə mümkündür. Azərbaycanda elmin və təhsilin müasir dövrün inkişaf çağırışlarına uyğunlaşması, elm sahələrinin inkişafına uyğun olaraq yeni terminlərin yaradılması, dilimizdə yeniliklərin adekvat tezliklə qarşılıqlarının yaradılması Azərbaycan dilinin hal-hazırda təzahür edən problemlərin aradan qaldırılmasına imkan verir. Qloballaşma mərhələsində cəmiyyətlər dinamik inkişaf edir. Anlayışlar, yeniliklər, məfhumlar sərhədləri sürətlə aşır, müxtəlif ölkələrdə və cəmiyyətlərdə həyatın bir parçası olur. Bu hal dilin bu proseslərə adekvat və çevik reaksiya imkanlarını artırır. Cəmiyyət dilin daşıyıcı olsa da, dilin inkişafının əsası intellektual elitanın və peşəkarların həmin dildə yaratdıqları əsərlərdən asılıdır.
1 Avqust – Azərbaycan dili və əlifbası günü sadəcə bir bayram deyil, bu, milli kimliyimizin, mədəni irsimizin və dövlətçilik tariximizin mühüm bir hissəsidir. Azərbaycan dili təkcə bir ünsiyyət vasitəsi deyil, xalqın ruhunu, yaddaşını və milli kimliyini ifadə edən strateji əhəmiyyətli mədəni sərvətdir. Ölkə başçısı, cənab Prezident İlham Əliyevin də vurğuladığı kimi, “Biz əsrlər boyu dilimizi qorumuşuq. Bu gün də qorumalıyıq. Biz Azərbaycan dilinin saflığını təmin etməliyik” . Dövlət siyasəti bu istiqamətdə ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilir. Dilimizin müasir çağırışlara uyğun şəkildə zənginləşdirilməsi, qloballaşma şəraitində qorunması və gələcək nəsillərə çatdırılması hər birimizin vətəndaşlıq borcudur.
Şəbnəm Həsənli-Qəribova
Filologiya elmləri doktoru
AMEA Nəsimi adına Dilçilik İnstitutu
İQTİSADİYYAT.AZ
Şrifti böyüt:
Çap et







