Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Elm və Təhsil Nazirliyi və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı, Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi ilə “Ana dili: kimlik və gələcək” mövzusunda gənclərin iştirakı ilə respublika konfransı keçirilib. Konfransda ana dilinin milli kimliyin formalaşmasındakı rolu, müasir dövrdə dil siyasəti, rəqəmsallaşma şəraitində Azərbaycan dilinin qorunması və gənclərin nitq mədəniyyətinin inkişaf etdirilməsi məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
Fil.e.d., prof. Sayalı Sadıqova və fil.e.d., prof. Məsud Mahmudovun moderatorluğu ilə baş tutmuş konfransın panel iclaslarında AMEA Nəsimi adına Dilçilik İnstitutunun alimləri məruzələrlə çıxış ediblər.
Toponomika şöbəsinin müdiri fil.ü.f.d., dos. Elçin İsmayılov “Qərbi Azərbaycan və Şərqi Zəngəzurun toponimlərinin tətbiqi” mövzusundakı məruzəsində Qərbi Azərbaycan və Şərqi Zəngəzur ərazilərinə aid tarixi toponimlərin qorunması, bərpası və müasir tətbiqi məsələləri barədə ətraflı məlumat verib. Çıxışda qeyd edilib ki, toponimlər yalnız coğrafi adlar deyil, həm də xalqın tarixi yaddaşını, etnik-mədəni kimliyini və tarixi irsini əks etdirən mühüm dil vahidləridir. Eyni zamanda, rəqəmsal xəritələrdə, elektron resurslarda və elmi bazalarda tarixi yer adlarının düzgün istifadəsinin milli-mədəni identikliyin qorunması baxımından xüsusi əhəmiyyət daşıdığı vurğulanıb.
Türk dilləri şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Arzu İsgəndərzadə “Ana dili milli məfkurənin aparıcı qüvvəsi kimi və müasir çağırışlar” mövzusunda çıxış edib. Məruzədə ana dilinin milli məfkurənin formalaşması, milli şüurun qorunması və dövlətçilik təfəkkürünün möhkəmləndirilməsindəki rolu elmi aspektdə təhlil olunub. Qloballaşma və rəqəmsal transformasiya şəraitində Azərbaycan dilinin qarşılaşdığı çağırışlar, xüsusilə sosial media və rəqəmsal platformalarda dil normalarının pozulması, yad dil elementlərinin intensivləşməsi məsələləri diqqətə çatdırılıb. Bununla yanaşı, Azərbaycan dilinin rəqəmsal suverenliyinin təmin olunması, dil korpuslarının və texnoloji bazanın inkişaf etdirilməsi, rəqəmsal mühitdə milli dil resurslarının sistemli şəkildə formalaşdırılması və zənginləşdirilməsinin strateji əhəmiyyəti vurğulanıb. Məruzədə həmçinin ana dilində keyfiyyətli uşaq mediasının və maarifləndirici məzmunların hazırlanmasının milli-mədəni dəyərlərin gələcək nəsillərə ötürülməsi baxımından mühüm rol oynadığı qeyd olunub.
Filologiya üzrə fəlsəfə doktoru, dosent Aytən Bəylərova “Milli kimliyin formalaşması və mənəvi dəyərlərin qorunmasında ana dilinin rolu” mövzusunda çıxış edərək ana dilinin milli-mədəni identikliyin əsas komponentlərindən biri olduğunu vurğulayıb. Məruzədə qeyd olunub ki, dil yalnız ünsiyyət vasitəsi deyil, həm də xalqın tarixi yaddaşını, mənəvi dəyərlərini və mədəni irsini gələcək nəsillərə ötürən mühum sosial-mədəni institutdur. Eyni zamanda qloballaşma və rəqəmsallaşma şəraitində ana dilinin qorunmasının milli özünüdərk və mədəni təhlükəsizlik baxımından xüsusi əhəmiyyət daşıdığı diqqətə çatdırılıb.
İnstitutun Gənc alim və mütəxəssislər şurasının sədri Xəyal Əsgərli isə “Müasir eksperimental tədqiqatlar və Azərbaycan dilinin inkişafı” mövzusunda məruzə ilə çıxış edib. O, çıxışı zamanı eksperimental dilçilik metodlarının, korpus texnologiyalarının və süni intellekt əsaslı yanaşmaların Azərbaycan dilinin öyrənilməsi və inkişafında yaratdığı yeni imkanlardan bəhs edib. Məruzədə fonetik, leksik və semantik səviyyələrdə aparılan eksperimental tədqiqatların dilin dinamik inkişaf proseslərinin daha dəqiq analizinə şərait yaratdığı, həmçinin rəqəmsal resursların və kompüter texnologiyalarının müasir dilçilik araşdırmalarında mühüm rol oynadığı vurğulanıb.
Süni intellekt və kompüter dilçiliyi şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d., dos. Könül Həbibova “Rəqəmsal mühitdə Azərbaycan dilinin qlobal trasformasiyası” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə sosial şəbəkələr, mesencerlər və rəqəmsal platformalar fonunda Azərbaycan dilinin leksik, qrafik və praqmatik transformasiya prosesləri təhlil olunub. Çıxış zamanı leksik alınmalar, diakritik işarələrin itməsi, abreviaturlar, hibrid söz birləşməsi modelləri və kreolizasiyalaşmış mətnlərin rəqəmsal diskursda geniş yayılması xüsusi vurğulanıb. Həmçinin qeyd olunub ki, qlobal platformaların təsiri nəticəsində Azərbaycan dili yeni kommunikativ funksiyalar qazanır, multimodal və interaktiv xarakter alaraq rəqəmsal identiklik formalaşdıran əsas vasitələrdən birinə çevrilir.
Türk dilləri şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru Şəbnəm Həsənli-Qəribova “Süni intellekt və rəqəmsallaşan dünyada Azərbaycan dili: problemlər və perspektivlər” mövzusunda məruzə təqdim edib. Məruzədə süni intellekt texnologiyalarının sürətli inkişafı fonunda Azərbaycan dilinin rəqəmsal mühitdə qorunması, dil resurslarının zənginləşdirilməsi və milli dilin texnoloji platformalarda istifadəsinin genişləndirilməsi məsələlərindən bəhs olunub. Eyni zamanda rəqəmsal transformasiya dövründə dilin qarşılaşdığı çağırışlar və bu istiqamətdə həyata keçirilməsi vacib olan elmi-linqvistik tədbirlər diqqətə çatdırılıb.
Süni intellekt və kompüter dilçiliyi şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d. Rəna Mahmudova isə “Süni intellekt və sentiment analiz: rəqəmsal emosiyaların təhlili” ilə bağlı dinləyicilərə məlumat verib. O, çıxışı zamanı süni intellekt texnologiyalarının sosial media və rəqəmsal platformalarda emosional tonun avtomatik müəyyənləşdirilməsi imkanlarından bəhs edib. Məruzədə sentiment analizin əsas prinsipləri, istifadə olunan alqoritmlər və Azərbaycan dilində emosional leksikanın kompüter vasitəsilə emalı məsələləri diqqətə çatdırılıb. Həmçinin qeyd olunub ki, sentiment analiz rəqəmsal diskursda istifadəçi reaksiyalarının, ictimai rəyin və emosional davranış modellərinin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Süni intellekt və kompüter dilçiliyi şöbəsinin böyük elmi işçisi Maya Heydərova “Elektron məkanda Azərbaycan dili: süni intellekt kontekstində” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə rəqəmsal transformasiya və süni intellekt texnologiyalarının sürətli inkişafı fonunda Azərbaycan dilinin elektron məkanda təmsil olunması, dil resurslarının zənginləşdirilməsi və təbii dil emalı istiqamətində görülməli işlərdən bəhs olunub. Eyni zamanda Azərbaycan dilinin süni intellekt sistemlərində daha effektiv istifadəsi üçün milli dil korpusunun genişləndirilməsi, terminoloji bazaların formalaşdırılması və dil texnologiyalarının inkişafının strateji əhəmiyyəti diqqətə çatdırılıb.
Konfrans çərçivəsində təqdim olunan məruzələr ana dilinin müasir dövrdə yalnız milli-mədəni kimliyin əsas göstəricisi deyil, həm də rəqəmsal transformasiya və süni intellekt texnologiyaları fonunda strateji resursa çevrildiyini bir daha nümayiş etdirdi. Çıxışlarda Azərbaycan dilinin qorunması, rəqəmsal mühitdə inkişaf etdirilməsi, dil texnologiyalarının və milli korpus bazalarının formalaşdırılması məsələləri ətrafında geniş elmi müzakirələr aparıldı. Konfrans iştirakçıları tərəfindən vurğulandı ki, qloballaşma və rəqəmsallaşma şəraitində ana dilinin funksional imkanlarının genişləndirilməsi, onun elektron məkanda rəqabətqabiliyyətli şəkildə təmsil olunması və milli dil resurslarının zənginləşdirilməsi gələcək elmi-linqvistik inkişafın əsas istiqamətlərindən biridir.
Şrifti böyüt:
Çap et








