AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) fonduna 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətini əks etdirən sənədlər toplusu hədiyyə edilib.
MEK-dən AZƏRTAC-a bildirilib ki, “Birinci Bakı Türkoloji Qurultayı: 1926-cı il sənədlər işığında” toplusu bu il Astanada Beynəlxalq Türk Akademiyası tərəfindən nəşr olunub. Nəşrdə türk dilçiliyi, mədəniyyəti və etnoqrafiyası ilə bağlı qurultayın arxiv sənədləri, protokolları və rəsmi məruzələri Azərbaycan, rus və türk dillərində təqdim olunur. Kitab tədqiqatçılara və oxuculara Birinci Türkoloji Qurultayın keçirildiyi dövrün tarixi kontekstini dərindən anlamağa imkan verir.
Toplu AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədlinin “1926-cı il I Türkoloji Qurultay: tarixi zəmində, arxiv sənədlərində, milli mətbuatda” adlı kitabı əsasında hazırlanıb.
Kitabın MEK-in fonduna daxil edilməsi türkoloji tədqiqatlarla məşğul olan alim və mütəxəssislər, doktorantlar, magistrantlar və digər oxucular üçün mühüm elmi mənbənin istifadəyə verilməsi baxımından əhəmiyyətlidir.
Qeyd edək ki, 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay XX əsr Türk dünyasının ən mühüm hadisələrindən biri hesab olunur və türk xalqları arasında elmi əməkdaşlığın inkişafında, ortaq dil, əlifba və mədəni irsin öyrənilməsində mühüm rol oynayıb. Qurultayın 100 illiyi münasibətilə cari ildə bir sıra beynəlxalq elmi tədbirlər təşkil edilir.
Azərtac
Şrifti böyüt:
Çap et








