9-12 sentyabr tarixlərində Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin binasında Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş XIV Beynəlxalq Altay Topluluqları Simpoziumu keçirilib. “Altayşünaslığın dünəni, bugünü və sabahı” mövzusuna həsr olunan simpoziumda Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Monqolustan, Çin, Yaponiya, Almaniya, Rusiya və digər ölkələrdən alim və tədqiqatçılar iştirak ediblər. Simpozium çərçivəsində AMEA Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Dilbər Camali “Altay nəzəriyyəsi kontekstində türk və monqol dillərinin müqayisəli təhlili” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə türk və monqol dillərinin leksik, fonetik və qrammatik xüsusiyyətləri müqayisəli şəkildə təhlil olunub, dillərarası əlaqələr və ortaq dil elementləri Altay nəzəriyyəsi kontekstində nəzərdən keçirilib. Qeyd edək ki, Azərbaycanda ilk dəfə keçirilən XIV Beynəlxalq Altay Topluluqları Simpoziumunda 15 ölkədən alim və mütəxəssislərin ümumilikdə 121 məruzəsi dinlənilib.
Şrifti böyüt:
Çap et







