AMEA Nəsimi adına Dilçilik İnstitutunun Hind-Avropa dilləri şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor İlham Tahirovun “Azərbaycan Respublikasının ərazi vahidlərinin adları ingilis dilində” adlı əsəri işıq üzü görmüşdür.
Kitab AMEA Nəsimi adına Dilçilik İnstitutunun Elmi Şurasının qərarı ilə və İnstitutun maddi vəsaiti hesabına çap olunmuşdur. Kitabın elmi redaktoru filologiya üzrə elmlər doktoru, professor Həbib Zərbəliyev, rəyçilər filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmli, filologiya üzrə fəlsəfə doktoru, dosent Gülşən Axundova və “Geodeziya və Kartoqrafiya” MMC-nin direktor müavini Müqabil Bayramovdur.
Təqdim olunan bu kitab Azərbaycan Respublikası Prezidentinin 9 aprel 2013-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın icrasına dair Tədbirlər Planının 6.1.4.-cü və 6.3.9.-cu bəndlərinə uyğun olaraq, milli transliterasiya standartlarının və onların əsasında Azərbaycan əlifbasından digər əlifbalara transliterasiyanı həyata keçirən proqram təminatının, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 fevral 2020-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə təhrif edilmiş formada istinad edən xəritələrdən istifadə hallarının qarşısının alınmasına dair Tədbirlər Planı”nın müvafiq bəndlərinin, o cümlədən ölkəmizə aid coğrafi adların müxtəlif dillərdə yazılışını əks etdirən elektron bazanın yaradılması məsələlərinin icrası istiqamətində AMEA Nəsimi adına Dilçilik İnstitutunda 2019-2020-ci illər ərzində aparılmış elmi-tədqiqat işinin nəticəsi olaraq ərsəyə gəlmiş, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və AMEA Nəsimi adına Dilçilik İnstitutunun “Azərbaycan coğrafi adlarının ingilis və rus dillərinə transliterasiyası” adlı birgə layihəsinin ilk mərhələsi əsasında gerçəkləşdirilmişdir.
AMEA Nəsimi adına Dilçilik İnstitutunda “Azərbaycan Respublikasının coğrafi obyektlərinin adlarının Azərbaycan əlifbasından rus əlifbasına transliterasiyası Qaydaları” və “Azərbaycan Respublikasının coğrafi obyektlərinin adlarının Azərbaycan əlifbasından ingilis əlifbasına transliterasiyası Qaydaları” hazırlanmışdır. Müstəqillik dövründə ilk təcrübə kimi institutda hazırlanmış transliterasiya qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim edilmiş və 16 dekabr 2020-ci ildə təsdiq edilmişdir.
Kitabda Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təqdim etdiyi, Azərbaycan Respublikasının bütün şəhər və rayonları üzrə ümumilikdə 4592 şəhər, rayon, qəsəbə, kənd ərazi vahidinin adı təsdiq olunmuş “Qaydalar” əsasında ingilis əlifbasına transliterasiya edilmişdir.
İstər sovetlər dönəmində, istərsə də müstəqilliyimizin bərpa edilməsindən ta indiyə qədər rəsmi-işgüzar sənədlərdə, KİV səhifələrində və saytlarında, bədii tərcümə əsərlərində Azərbaycanın coğrafi yer adlarının ingilis dilində verilməsində pərakəndəlik və müxtəlifvariantlılıq hökm sürmüşdür.
Kitab ölkə daxilində, eləcə də beynəlxalq istifadə üçün nəzərdə tutulan siyasi-iqtisadi, rəsmi-işgüzar sənədlərdə, dövlətlərarası yazışmalarda və diplomatik fəaliyyətdə, kartoqrafik və digər nəşrlərdə Azərbaycan Respublikasının ərazi vahidlərinin adlarının müasir Azərbaycan dilinin orfoqrafik normalarına uyğun yazılış formasının ingilis dilinə transliterasiyasında davam etməkdə olan müxtəlifvarianlılığı aradan qaldırmaqla bu prosesin unifikasiya edilməsində mühüm rol oynayacaq.
Kitab dövlət orqanları (qurumları), mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər, dilçilər, tərcüməçilər, tədqiqatçılar, ümumiyyətlə, geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Şrifti böyüt:
Çap et