Xədicə Heydərovanın “Nəsiminin dilində işlənən onomastik vahidlərin
izahlı lüğəti (dini-təsəvvüfi və poetik onomastikon)” adlı əsəri işıq üzü
görmüşdür. Lüğət böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin
anadilli şeirlərində işlənən onomastik vahidləri əks etdirir. Müasir Azərbaycan
lüğətçiliyində ilk dəfə olaraq əsər tematik prinsiplə tərtib edilmişdir. Burada
mistik şairin dilində işlənən onimlər onun əqidəsinə, dünyabaxışına uyğun
şəkildə qruplaşdırılaraq sistemləşdirilmişdir. X.Heydərova əsəri 5 fəslə
ayırmışdır:
I fəsil. Mifonimlər
II fəsil. Antroponimlər
III fəsil. Toponimlər
IV fəsil. Ktematonimlər
V fəsil. Periferik onimlər
Nəsimi yaradıcılığında sistemli şəkildə onimlərin tədqiqatını aparan
X.Heydərova yuxarıda göstərilən bölgününün ardıcıllığını şairin əsərlərində
statistik göstəricilərin hesablanmasını həyata keçirərək müəyyənləşdirmisdir. Bu
tədqiqat əsasında məlum olmuşdur ki, Nəsimi yaradıcılığının ideoloji əsasını,
daha doğrusu, nüvəsini Allahın adları, Tanrının dərgahı, axirət, cənnətin qatları,
Merac gecəsi ilə bağlı varlıqların, məkanların adları və s. təşkil edir və bu
səbəbdən Heydərova lüğəti mifonimlərlə başlamış, ardından antroponimlər,
toponimlər, ktematonimləri vermişdir. Az sayda olan və ya heç bir onomastik
yarımşöbəyə daxil edilə bilməyən onomastik qrupları isə “Periferik onimlər”
fəslinə toplamışdır.
Lüğətdə bir çox elmi yeniliklər öz əksini tapmışdır. Azərbaycan
dilçiliyində ilk dəfə olaraq teonimlər – təkallahlılıq (əsmai-hüsnaya daxil olan;
daxil edilməsi mübahisəli olan Allahın ad və sifətləri; klassik ədəbiyyatda
şairlərin yaradıcı təxəyyülünün məhsulu olan və sufi terminologiyasına aid olan
onimlər) və çoxallahlılıqla bağlı onomastik vahidlər tədqiq edilmişdir. Burada
mifoekklezionimlər (mifik dini ibadət yerləri), mifoaqoronimlər (mifik meydan
və açıq sahələrin adları) və mifodrimonim (mifik bağ və cənnət bağlarının
adları), mifoktematonimlər (mifik mənəvi mədəniyyət əşyaları)
mifoxrematonimlər (mifik mədəniyyət əşyalarının adları), mifobiblionimlər
(Allahın qatında olan kitab) və mifoxrononimlər (mifik bayramların, əlamətdar
günlərin adları) kimi elmi yeniliklər öz əksini tapmışdır.
Əsər tematik prinsiplə tərtib edilmiş olsa da, lüğətin sonunda indeksləşmə
həyata keçirilmiş, əlifba sırası ilə düzülmüş baş sözlərin səhifələri verilmişdir.
Şrifti böyüt:
Çap et