• Otaq :
  • Əlaqə :
  • Mail :
SÜNİ İNTELLEKT VƏ KOMPÜTER DİLÇİLİYİ ŞÖBƏSİ

Kompüter dilçiliyi şöbəsi Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”na əsasən AMEA Dilçilik İnstitutunda aparılan struktur dəyişikliklər çərçivəsində 2013-cü ildə filologiya elmləri doktoru, professor Məsud Mahmudovun təklifi və rəhbərliyi ilə yaradılmışdır. 2014-2021-ci illərdə şöbəyə filologiya elmləri doktoru Kamilə Vəliyeva rəhbərlik etmişdir.

Şöbənin elmi-tədqiqat istiqaməti — Azərbaycan dilinin riyazi-statistik metodlar və kompüterlər vasitəsilə öyrənilməsi, süni intellekt və maşın tərcüməsi problemləri, statistik və elektron lüğətlərin tərtibi məsələləri, klassiklərin və abidələrin dilinin riyazi-statistik metodlarla tədqiqi, təbii dilin emalı, təhlil və sintez alqoritmlərinin tərtibi, korpus dilçiliyi, Azərbaycan dilinin milli korpusunun yaradılması, Azərbaycan dilinin internet məkanında geniş istifadəsinin təmin edilməsi üçün linqvistik-tətbiqi texnologiyaların hazırlanması hesab olunur.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” 2012-ci il 23 may tarixli 2236 nömrəli sərəncamı ölkədə dil siyasətinin uğurla həyata keçirilməsi ilə bağlı çox mühüm sənəddir. 2013-cü il aprelin 9-da imzalanmış digər sərəncam “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın icrası ilə bağlı Tədbirlər Planını əhatə edir. Həmin Tədbirlər Planının mühüm bəndlərindən biri “Azərbaycan dilinin dövlət dili kimi ümumi informasiya bazasının yaradılması”dır (6.4.1.).

Kompüter dilçiliyi şöbəsi Azərbaycan dilinin dövlət dili kimi ümumi informasiya bazasının yaradılması işlərini yekunlaşdırmış və İnformasiya bazası istifadəçilərə təqdim olunmuşdur. İnformasiya bazası altı blokdan - Ana səhifə, Azərbaycan dili haqqında ümumi məlumat, Qanunlar, Azərbaycan dilçiləri, Dilçilik kitabxanası və Əlaqə bloklarından ibarətdir. Ana səhifədə blokların adları və linklər göstərilmişdir. “Azərbaycan dili haqqında ümumi məlumat” blokunda Azərbaycan dilinin bütün sahələrini əhatə edən oçerk verilmişdir. Oçerk Azərbaycan dili haqqında ümumi məlumat, onun orfoqrafiyası, orfoepiyası, əlifbası, fonetikası, leksikası, morfologiyası, sintaksisi, frazeologiyası və s. barədə yığcam məlumatı əhatə edir. “Qanunlar” blokunda Azərbaycan dili ilə bağlı müxtəlif illərə aid qanun, sərəncam, qərar və s. toplanmışdır. Gələcəkdə bu blokda yeni sərəncam, fərman və digər bu qəbildən olan rəsmi sənədlərin toplanması nəzərdə tutulur. “Azərbaycan dilçiləri” blokunda AMEA-nın həqiqi və müxbir üzvləri, filologiya üzrə fəlsəfə və elmlər doktorları barədə üç dildə (Azərbaycan, rus və ingilis dillərində) yığcam anket məlumatı verilir. “Dilçilik kitabxanası” blokunda dilçiliklə bağlı müxtəlif tipli lüğətlər, monoqrafiya və dərsliklər, eləcə də fəlsəfə və elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiyaların avtoreferatlarının elektron variantları yerləşdirilmişdir. “Əlaqə” blokunda Nəsimi adına Dilçilik İnstitutu ilə əlaqə koordinatları əks olunmuşdur. Xüsusi olaraq İnformasiya bazası ilə əlaqə saxlamaq üçün elektron poçt ünvanı da göstərilmişdir.

Azərbaycan dilinin İnformasiya bazasının www. azerbaycandili.az saytı yaradılmış və qeydiyyatdan keçirilmişdir.

Şöbənin digər uğuru qrant layihəsi ilə əlaqədardır. Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı fondunun kompleks elmi tədqiqat proqramları üzrə 2015-ci ildə elan olunmuş əsas qrant layihələri müsabiqəsində (EİF – KETP) – 2015-1(25)) İnstitutun təqdim etdiyi “Azərbaycan dilinin lüğət tərkibinin inkişafı, dilin normalarına əməl olunmasının ictimai monitorinqi və dilin verilənlər korpusunun hazırlanması üzrə inteqrasiya olunmuş elektron sistemin yaradılması” layihəsi qalib hesab olunmuşdur. Layihə AMEA Nəsimi adına Dilçilik və AMEA İdarəetmə Sistemləri İnstitutlarının bir qrup əməkdaşının iştirakı ilə, İnstitutun Kompüter dilçiliyi şöbəsinin müdiri, prof. Məsud Mahmudovun rəhbərliyi ilə reallaşdırılmışdır. Layihə çərçivəsində ən çox istifadə olunan lüğətlərin Azərbaycan dili portalında yerləşdirilməsi və ictimai monitorinqin nəticələri təhlil olunmaqla həmin lüğətlərin onlayn olaraq təkmilləşdirilməsi və yenilənməsi nəzərdə tutulur. Nəticə olaraq, Azərbaycan dilinin lüğət tərkibinin inkişafı, dilin normalarına əməl olunmasının ictimai monitorinqi və dilin verilənlər korpusunun hazırlanması üzrə inteqrasiya olunmuş elektron sistem və onun əsasında “Azərbaycan dilinin elektron lüğətlər korpusu” portalı yaradılmış və internetdə yerləşdirilmişdir (korpus.azerbaycandili.az). Portalın lüğətlər bölümündə ilkin olaraq aşağıdakı lüğətlərin mükəmməl elektron variantları yerləşdirilmişdir (Azərbaycan dilinin orfoqrafiya lüğəti (genişləndirilmiş və yenidən işlənmiş 6-cı nəşr. 110563 söz. Bakı, “Şərq- Qərb” Nəşriyyat evi, 2013, 839 s.); Azərbaycan dilinin izahlı lüğəti. Dörd cilddə (I cild – 744 s., II cild – 792 s., III cild – 672 s., IV cild – 712 s.). Bakı, “Şərq – Qərb”, 2006; Paşayev A., Bəşirova A. Azərbaycan şəxs adlarının izahlı lüğəti (16164 ad – 8328 kişi adı, 7836 qadın adı). Bakı, Mütərcim, 2011, 340 s., Azərbaycan dilinin ixtisarlar lüğəti (Azərbaycan və xarici dillərdəki ixtisarları əhatə etməklə).

İnteqrasiya olunmuş elektron lüğətlər sistemi Azərbaycan dilinin milli korpusunun leksikoqrafiya altkorpusunun yaradılması və təkmilləşdirilməsi yönündə ciddi addımlardan sayıla bilər. Azərbaycan dilinin milli korpusu zəngin elmi təcrübə, yüksək ixtisas hazırlığı, böyük səriştə və zəhmət tələb edən mükəmməl məlumat axtarışı sistemi kimi səciyyələndirilə bilər.

“Azərbaycan dilinin dövlət dili kimi ümumi informasiya bazasının yaradılması” mövzusu ilə əlaqədar işlər şöbədə mütəmadi olaraq davam etdirilir. Azərbaycan dilinin ümumi informasiya bazasına yeni materialların daxil edilməsi, daxil ediləcək materialın seçilməsi, yoxlanması və yerləşdirilməsi, azerbaycandili.az və korpus.azerbaycandili.az saytlarının təkmilləşdirilməsi və onlara texniki qulluqla bağlı işlər şöbə əməkdaşlarının diqqət mərkəzindədir.

Son illərdə şbədə korpus.azerbaycandili.az saytında təkmilləşdirilmə işləri aparılmış, ora konkordanslar bölümü əlavə edilmişdir. Həmin bölümə Mikayıl Müşfiqin və Hüseyn Cavidin əsərlərinin konkordanslarının yeni təkmilləşdirilmiş variantları və “Kitabi-Dədə Qorqud” dastanlarının yeni tərtib edilmiş konkordansı yerləşdirilmişdir.

Konkordans materialının təhlili nəticəsində Hüseyn Cavidin seçilmiş əsərlərinin beşcildliyində ümumi söz sayının 186864 (I cild – 30356, II cild - 44284, III cild – 42 558, IV cild – 19680, V cild – 49986), Mikayıl Müşfiqin əsərlərində 77106, “Kitabi-Dədə Qorqud” dastanlarında isə 31902 olduğu müəyyən edilmişdir.

Kompüter dilçiliyi şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Məsud Mahmudovdur.

Şöbənin əsasında ötən əsrin 70-ci illərində “nəzəriyyə-sınaq-tətbiq” prinsipi ilə təsərrüfat müqavilələri əsasında işləyən “Riyazi dilçilik” qrupu durur. Sonralar Riyazi dilçilik qrupu Nəzəri və tətbiqi dilçilik şöbəsinin tərkibinə daxil edilmişdir. Həmin illərdə qrup dilçiliyin yeni istiqamətləri, avtomatik və tezlik lüğətlərinin tərtibi, Azərbaycan dilinin mühəndis dilçiliyi metodları ilə tədqiqi, formal təhlil və maşın tərcüməsi sistemlərinin işlənib hazırlanması, mətnlərin kompüterdə yoxlanması (korrektor) sistemi və s. mövzularla bağlı nəzəri və tətbiqi işlər aparmışdır. Qrup üzvləri tərəfindən tarixi abidələrin dilinin kompüter tədqiqi çərçivəsində “Kitabi-Dədə Qorqud” dastanlarının və Məhəmməd Füzulinin Azərbaycan dilində olan nəzm əsərlərinin statistik təhlili aparılmışdır. AMEA Kibernetika və İnformasiya Texnologiyaları İnstitutları ilə birgə elmi tədqiqatlar aparılmış, azərbaycanca-ingiliscə, ingiliscə-azərbaycanca maşın tərcüməsi sisteminin hazırlanması ilə bağlı işlər görülmüşdür.

Məlum olduğu kimi, Azərbaycanda “2025-2028-ci illər üçün süni intellekt Strategiyası” təsdiqlənib. Bununla bağlı prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncamın imzalanmasından məqsəd Azərbaycanda süni intellektin inkişafını sürətləndirmək, bu sahədə tədqiqatların aparılmasını təşviq etmək, süni intellekt üzrə informasiya texnologiyalarının və onların idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsini, infrastrukturunun əlçatanlığını təmin etmək, habelə ixtisaslı kadr potensialını gücləndirməkdir.

Strategiyada nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqi və qiymətləndirilməsi nazirlər Kabinetinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən həyata keçiriləcək.

“2025-2028-ci illər üçün süni intellekt strategiyası”nda Azərbaycanda süni intellekt sahəsində istedad və bacarıqların təkmilləşdirilməsi məqsədilə “Süni İntellekt Akademiyası” yaradılması nəzərdə tutulmuşdur.

Strategiya çərçivəsində 2026-2027-ci illərdə Süni İntellekt Akademiyası çərçivəsində ən azı iki nüfuzlu universitetlə (dünya reytinqində ilk 10 pillədə qərarlaşan) süni intellektin tədrisi sahəsində əməkdaşlığın təmin edilməsi, süni intellekt sahəsində 500 mühəndisin yetişdirilməsi, üç min nəfərlik süni intellekt icmasının formalaşdırılması nəzərdə tutulur. Eləcə də Azərbaycanda süni intellekt laboratoriyasının yaradılmasına başlanılır. Hazırda “Azerbaijan İnternational Telecom (Azin Telecom)” laboratoriyanın qurulması məqsədilə avadanlıq və lisenziyalar almaq mərhələsindədir.

Göstərilənləri nəzərə alaraq, Respublikamızda “2025-2028-ci illər üçün süni intellekt strategiyası” çərçivəsində Nəsimi adına Dilçilik İnstitutunda mövcud “Kompüter dilçiliyi” şöbəsi bazasında 7 aprel 2025-ci ildə “Süni intellekt və kompüter dilçiliyi” şöbəsi yaradılmışdır.

Şöbənin lazımi şəkildə fəaliyyət göstərməsi üçün kadrlarla, müvafiq avadanlıqlarla və otaqla təmin olunması təkliflər sırasındadır.

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 14 aprel 2025-ci il tarixli sərəncamı ilə(№ 11/6) mövcüd Kompüter dilçiliyi şöbəsinin bazasında daxili \imkanlar və mövcud ştat vahidləri hesabına Süni intellekt və kompüter dilçiliyi şöbəsi yaradılmışdır.

Kompüter dilçiliyi əməkdaşlarının çap olunmuş mühüm əsərləri:
1. Махмудов М. А. Система автоматической переработки тюркского текста на лексико-морфологическом уровне. Баку: «Элм», 1991, 144 c.
2. Kitabi-Dədə Qorqud»un statistik təhlili (ilkin nəticələr) (K.Vəliyeva, M. Mahmudov, V. Pines, C. Rəhmanov, V. Sultanov). Bakı: «Elm», 1999, 248 s.
3. Azərbaycan qəzet dilinin tezlik lüğəti (K.Vəliyeva, M. Mahmudov, V. Pines). Bakı: «Nurlan», 2004, 264 s.
4. Azərbaycan dilinin əks əlifba lüğəti (M. Mahmudov, Ə.Fətullayev). Bakı: «Nurlan», 2004, 524 s.
5. Mahmudov M. Mətnin formal təhlili sistemi. Bakı: “ Elm”, 2002, 244 s.
6. Məhəmməd Füzulinin nəzm əsərlərinin əlifba-tezlik sözlüyü (K.Vəliyeva, M. Mahmudov, C. Rəhmanov, V. Sultanov). Bakı: «Elm», 2004, 548 s.
7. Azərbaycan dilinin tezlik lüğəti (söz kökləri), I cild (M. Mahmudov, Ə. Fətullayev, R. Fətullayev və b.). Bakı: «Elm», 2010, 464 s.
8. Mahmudov M. Ə. Kompüter dilçiliyi. Bakı: “Elm və təhsil”, 2013, 356 s.
9. Mahmudov M. Ə. Türk dillərinin milli korpusları. Bakı: “Elm və təhsil”, 2018, 392 s.
10. Mahmudov M.Ə. Süni intellektin linqvistik problemləri. Bakı: “Elm və təhsil”, 2024, 376 s.
11. Vəliyeva K. Mətnin avtomatik sintaktik təhlili və sintezi. Bakı, 1996.
12. Vəliyeva K., Məmmədova M. Mətnlərin avtomatik redaktəsi. Bakı: “Azərbaycan Universiteti Nəşriyyatı”, 2003, 80 s.
13. Mirzəliyeva M., Vəliyeva K. Maşın tərcüməsinin nəzəri problemləri. Bakı: “Elm və təhsil”, 2016, 120 s.
14. Vəliyeva K. Kompüter dilçiliyinə giriş. Bakı, 2018, 348 s.
15. Əliyeva N. Qrammatik səviyyədə dilin struktur modelləri. Bakı: “Nurlan”, 2007, 159 s.
16. Əliyeva N. (Rəcəbov Ə.). У.Д.Уитни- лингвист. Bakı: Nurlan, 2007, 158 s.
17. Əliyeva N. German filologiyasına giriş. Bakı: “BDU nəşr”, 2009, 160 s.
18. Əliyeva N. İngilis dilində sifət. Bakı: “Elm və təhsil”, 2010, 327 s.
19. Əliyeva N. Valentlik nəzəriyyəsi. Bakı: “Elm və təhsil”, 2015, 171 s.
20. Əliyeva N. Dilçilikdə valentlik. Bakı: “Elm və təhsil”, 2015, 303 s.
21. Mahmudova R. Milli dil korpuslarında dilin tədqiqi məsələləri. Bakı: “AMEA Nəsimi adına Dilçilik İnstitutu”, 2023, 90 s.
22. Həbibova K. Müasir Azərbaycan dilində elliptik cümlə. Bakı: Elm və təhsil, 2009, 192 s.
23. Həbibova K. Nitqdə manipulyasiya. Bakı: Elm və təhsil, 77 s.
24. Həbibova K. Virtual diskursun linqvistik xüsusiyyətləri. Bakı: Elm və təhsil, 2023, 110 s.