1932-ci ildə Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun bazasında
müstəqil Dil, Ədəbiyyat və İncəsənət İnstitutu, 1936-cı ildə birləşmiş
Ədəbiyyat və Dil İnstitutu yaradılmışdır. Azərbaycan Respublikasında
dilçilik sahəsində başlıca elmi-tədqiqat mərkəzi kimi tanınan Dilçilik
İnstitutu Azərbaycan Milli Elmlər Akademiyası ilə bir gündə — 1945-ci il
martın 27-də yaradılmış, həmin il mayın 21-də təsdiq edilmiş və İctimai
Elmlər Bölməsində yaradılmış dörd elmi tədqiqat institutundan biri
olmuşdur. 1973-cü ildə Dilçilik İnstitutuna görkəmli Azərbaycan şairi
Nəsiminin adı verilmişdir.
Fəaliyyətə başladığı zaman dörd şöbədən (Müasir Azərbaycan dili,
Azərbaycan dili tarixi, Azərbaycan dialektologiyası və Lüğətçilik
şöbələrindən) ibarət olan Dilçililik İnstitutunun ilk direktoru Miryusif
Mirbabayev olmuşdur . 1950-ci ildə Dilçilik İnstitutu Ədəbiyyat
İnstitutu ilə birləşdirilmiş, 1960-cı ildə İnstitutun direktoru akademik
M.Ş.Şirəliyev olmuşdur.
1969-cu ildə Dilçilik İnstitutu Ədəbiyyat İnstitutundan ayrılaraq
müstəqil fəaliyyətə başlamış və həmin ildən 1987-ci ilədək İnstituta
akademik M.Ş.Şirəliyev rəhbərlik etmişdir.
1988-ci ildə İnstitutun direktoru vəzifəsinə Azərbaycan MEA-nın
müxbir üzvü fıl.e.d., prof. Zərifə İsmayıl qızı Budaqova seçilmiş və iki
il müddətində bu zəngin tarixi olan elmi-tədqiqat müəssisəsinə rəhbərlik
etmişdir. 1990-2011-ci illərdə isə Dilçilik İnstitutunun direktoru
AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi, Dövlət mükafatı laureatı
fil.e.d., professor Ağamusa Ağası oğlu Axundov olmuşdur. 2012-2013-cü
illərdə İnstitutun direktoru vəzıfəsini fil.e.d., prof.Fəxrəddin Yadigar
oğlu Veysəlli icra etmişdir.
2013-2015-ci illərdə Dilçilik İnstitutuna görkəmli türkoloq-dilçi,
AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi, filologiya elmləri doktoru,
professor Tofiq İsmayıl oğlu Hacıyev rəhbərlik edib.
2015-2021-ci illərdə Nəsimi adına Dilçilik İnstitutuna filologiya üzrə
elmlər doktoru, akademik Möhsün Nağısoylu rəhbərlik edib.
2021-ci ildən AMEA Rəyasət Heyətinin qərarı ilə filologiya üzrə elmləri doktoru,
professor Nadir Məmmədli
rəhbərlik edir.
Azərbaycan dilçiliyinin formalaşması və inkişafı problemləri
üzərində işləyən İnstitut fəaliyyət göstərdiyi müddətdə 600-dan çox
monoqrafiya və kollektiv elmi-tədqiqat əsərləri, məcmuələr çap etdirmiş
və onların bir çoxu ölkədə, eləcə də xaricdə yüksək
qiymətləndirilmişdir.
Azərbaycan dilinin fundamental tədqiqatlarının mərkəzi, dilçilik problemlərinin aparıcı təşkilatçısı Milli Elmlər Akademiyasının Dilçilik İnstitutudur. Azərbaycan dilinin və dilçiliyinin inkişafına təkan verən “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan dilçiliyinin Avropa və dünya elminə inteqrasiyasına, ölkənin dilçi-alimlərinin beynəlxalq nüfuz qazanmasına yol açır. Dilçilərimizin əsas vəzifələri bu siyasi sənəddən irəli gələn məsələləri qısa müddətdə ləyaqətlə həyata keçirməkdir.
Azərbaycan dili və Azərbaycan dilçiliyinin dünya miqyasında
tanınması, bəşəri nüfuz qazanması öz şanlı keçmişindən qaynaqlanıb bu
günününü yaratmaqdan və gələcəyinə inamla addımlaya bilməkdən asılıdır.
Buna görə də dilimizin və dilçiliyimizin tarixinin dərindən
araşdırılması, müasir qloballaşma şəraitində Azərbaycan dilinin həyatın
bütün sahələrinə nüfuzetmə qabiliyyətinin gücləndirilməsi, dünya
dilçiliyinə inteqrasiya məqsədilə qədim dillər və mədəniyyətlərin
öyrənilməsi, psixolinqvistik, sosiolinqvistik və linqvokulturoloji
aspektdə intensiv tədqiqatların aparılması, eləcə də kompüter
dilçiliyinin inkişaf etdirilməsi institutumuzun qarşısında duran zəruri
məsələlərdir. Azərbaycan dilinin nüfuz dairəsinin daha da
genişləndirilməsi, tətbiq səviyyəsinin yüksəldilməsi, onun dövlət dili
funksiyasının tam şəkildə reallşdırılması üçün monitorinqlərin
keçirilməsi də institutun fəaliyyətində aparıcı istiqamətlərdəndir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
“Azər-baycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun
istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı
haqqında” sərəncamından irəli gələn vəzifələri həyata keçirmək məqsədi
ilə 2013-cü ilin noyabrında AMEA-nın İ.Nəsimi adına Dilçilik
İnstitutunda struktur dəyişiklikləri aparılmış, nəticədə bəzi şöbələr
bağlanmış və ya birləşdirilmiş, müasir elmi tələblərə uyğun bir sıra
yeni şöbələr yaradılmışdır.