Qazaxıstanlı dilçi alimlər Dilçilik İnstitutunda qonaq olublar

Şrifti böyüt:
Çap et

Qazaxıstanın A.Baytursunov adına Dilçilik İnstitutunun Tətbiqi dilçilik şöbəsinin əməkdaşları: şöbə müdiri, filologiya elmləri doktoru Janabekova Ayman Abdildoyevna, həmin şöbənin elmi işçiləri Telegenova Güldən Bakıtkazıyevna, Mursal Aygerim, Kataxmetova Aktotı Kojaxmetkızı Azərbaycan Milli Elmlər Akademiyasının İ.Nəsimi adına Dilçilik İnstitutunun qonağı olublar. Səfər çərçivəsində qonaqlar İnstitutun Süni intellekt və kompüter dilçiliyi şöbəsinin fəaliyyəti ilə yaxından tanış olublar, milli dilin korpusunun hazırlanması ilə bağlı təcrübi bilik mübadiləsi aparıblar. Onlara şöbənin apardığı elmi-tədqiqat işləri, kompüter linqvistikası sahəsindəki layihələr və süni intellektə əsaslanan dil texnologiyaları haqqında ətraflı məlumat verilib.

Qazaxıstanlı alimlər institutun kitabxana fondu ilə də tanış olublar. Onlar burada saxlanılan zəngin dilçilik ədəbiyyatı və elmi resurslar haqqında məlumat alıblar, nadir nəşrlərlə maraqlanıblar.

Səfər çərçivəsində institutun müxtəlif şöbələrinin əməkdaşları ilə qarşılıqlı tanışlıq və fikir mübadiləsi də baş tutub. Qonaqlar Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli ilə də görüşüblər. Görüşdə türk dilləri sahəsində elmi əməkdaşlıq, müştərək layihələr və gələcəkdə ortaq tədqiqat istiqamətləri müzakirə olunub.

Görüş hər iki tərəf üçün məhsuldar elmi təmas və beynəlxalq əməkdaşlığın inkişafı baxımından mühüm addım kimi dəyərləndirilib.