AMEA Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşının məqaləsi Q1 kateqoriyalı Scopus jurnalında dərc olunub

Şrifti böyüt:
Çap et

Azərbaycan Milli Elmlər Akademiyasının İ.Nəsimi adına Dilçilik İnstitutunun Süni intellekt və kompüter dilçiliyi şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Könül Əzizağa qızı Həbibovanın “Machine Metaphorics in Techno-Modern Texts” (“Texnomüasir mətnlərdə maşın metaforikası”) adlı məqaləsi Scopus bazasında indekslənən, yüksək Q1 kvartilli nüfuza malik “Terra Linguistica” jurnalında dərc olunub .

Tədqiqatda texnoloji tərəqqi dövründə formalaşan bədii ədəbiyyatda “maşın metaforası” fenomeni kompleks şəkildə araşdırılır. Müəllif maşın (texnologiya) konseptli metaforaların yalnız bədii obraz və ya simvol kimi deyil, eyni zamanda mətnin strukturunu, narrativ quruluşunu və oxucu qavrayışını formalaşdıran konseptual mexanizm kimi təhlil edir. Məqalədə göstərilir ki, ədəbiyyatda maşın metaforikası həm süjet quruluşunda, həm də personajların təqdimində mühüm rol oynayır, eyni zamanda ideoloji və koqnitiv təsir vasitəsi kimi çıxış edir.

Araşdırmanın diqqətəlayiq cəhətlərindən biri onun fənlərarası yanaşma əsasında aparılmasıdır. Müəllif texnologiya fəlsəfəsi, media nəzəriyyəsi, diskurs təhlili və dilçilik metodlarını birləşdirərək maşın metaforikasının müxtəlif səviyyələrdə: leksik-semantik, sintaktik və praqmatik aspektlərdə necə reallaşdığını göstərir. Bu yanaşma nəticəsində müəyyən edilir ki, maşın metaforası müasir mətnlərdə yalnız estetik funksiya daşımır, həm də oxucu şüurunun formalaşmasına, reallığın qavranılmasına və ideoloji yönləndirilməsinə təsir göstərir.

Məqalədə əldə olunan nəticələr göstərir ki, texnoloji tərəqqinin təsiri ilə formalaşan ədəbiyyat oxucuya dünyanı daha çox alqoritmik və determinist model kimi təqdim edir. Bu isə müasir insanın şüurunda texnologiyanın rolunun artdığını və humanitar düşüncə ilə texnoloji rasionalizmin qarşılıqlı təsirini əks etdirir.

Qeyd edək ki, K.Ə. Həbibova uzun illərdir ki, diskurs təhlili, koqnitiv dilçilik və süni intellektin dilə təsiri kimi aktual istiqamətlər üzrə tədqiqatlar aparır. Onun beynəlxalq elmi jurnallarda mütəmadi dərc olunan məqalələri Azərbaycan dilçiliyinin qlobal elmi diskursa inteqrasiyasına mühüm töhfə verir. Alimin bu uğuru bir daha göstərir ki, AMEA-nın Dilçilik İnstitutu yalnız milli dil problemlərinin deyil, həm də qlobal elmi çağırışların öyrənilməsində fəal iştirak edir və Azərbaycan elmini beynəlxalq səviyyədə layiqincə təmsil edir.

Məqalə ilə buradan tanış olmaq olar.