Mayın 7-də Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş “Heydər Əliyevin inkişaf strategiyası gənc alimlərin tədqiqatlarında” mövzusunda elmi konfrans keçirilib.
Tədbirdə AMEA Gənclər Akademiyasının İdarə Heyətinin üzvləri müxtəlif mövzular üzrə məruzələrlə çıxış ediblər.
AMEA Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi, AMEA Gənclər Akademiyasının Beynəlxalq Əməkdaşlıq Assosiasiyasının sədri, filologiya üzrə fəlsəfə doktoru Arzu İsgəndərzadə “Heydər Əliyev – İlham Əliyev epoxasında dövlət dili siyasəti” mövzusunda məruzə ilə çıxış edib.
Məruzədə Ümummilli Lider Heydər Əliyevin sovet dövründə Azərbaycan dilinin ictimai-siyasi nüfuzunun qorunması və genişləndirilməsi istiqamətində mühüm addımlar atdığı, həmçinin dilin dövlət dili statusunun təsbit olunması prosesində prinsipial mövqe sərgilədiyi qeyd olunub.
Məruzəçi bildirib ki, müstəqillik illərində ana dilinin dövlət dili kimi tətbiqi, ədəbi dil normalarının qorunması, latın qrafikalı əlifbaya keçid və dilin dövlətçilik ideologiyasının əsas sütunlarından birinə çevrilməsi Ulu Öndərin dil siyasətinin əsas istiqamətlərini təşkil edib.
Arzu İsgəndərzadə qeyd edib ki, Azərbaycan dili milli kimliyin, dövlətçilik təfəkkürünün və milli-mənəvi yaddaşın əsas dayaqlarından biridir. O vurğulayıb ki, bu strateji xətt Prezident İlham Əliyev tərəfindən müasir qlobal çağırışlara uyğun şəkildə uğurla davam etdirilir.
Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin həyata keçirdiyi dil siyasəti Azərbaycan dilinin qloballaşma şəraitində qorunması və inkişafı, ədəbi dil normalarının mühafizəsi, media və ictimai kommunikasiya mühitində dil məsuliyyətinin artırılması, eləcə də xaricdə yaşayan soydaşlarımızın ana dilinə bağlılığının gücləndirilməsi istiqamətində mühüm rol oynayır.
Qeyd olunub ki, Cənab Prezident İlham Əliyevin bu istiqamətdə səsləndirdiyi çağırışlar müasir dünyada dilin qlobal təsirlər qarşısında qorunması üçün strateji yanaşmanın nə qədər vacib olduğunu bir daha nümayiş etdirir. Bu yanaşma Azərbaycan dilinin yalnız mədəni dəyər deyil, həm də dövlətçiliyin mühüm ideoloji və mənəvi dayaqlarından biri kimi çıxış etdiyini təsdiqləyir.
Arzu İsgəndərzadə diqqətə çatdırıb ki, gənc alimlər tərəfindən bu siyasət qətiyyətlə dəstəklənir, ana dilinin qorunması və inkişafı milli təhlükəsizlik məsələsi kimi qəbul edilir. Bu konsepsiya həm milli qürur mənbəyi, həm də dövlətçiliyin davamlılığını təmin edən ali mənəvi məsuliyyət kimi dəyərləndirilir.
Bu gün Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dil siyasəti xətti Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün çağırışlarına uyğun şəkildə uğurla davam etdirilir və daha da möhkəmləndirilir.
Şrifti böyüt:
Çap et







