Azərbaycan dilinin inkişaf perspektivi: funksional imkanlardan rəqəmsal gələcəyə

Şrifti böyüt:
Çap et

“Xalq qəzeti”nin 16-17 sentyabr 2026-cı il tarixli saylarında AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Nadir Məmmədlinin “Azərbaycan dilinin 2040-cı ilədək inkişaf perspektivləri: çağırışlar və hədəflər” adlı məqaləsi dərc olunub. Məqalənin dərcindən bir gün əvvəl, sentyabrın 15-də, AMEA-nın Humanitar Elmlər Bölməsinin Elmi şurasında professor Nadir Məmmədlinin eyni mövzuda elmi məruzəsi dinlənilib. Məruzənin məzmunu və qəzetdə dərc olunan yazının istiqamətləri göstərir ki, burada ayrı-ayrı aktual məsələlərin təqdimindən daha geniş – Azərbaycan dilinin 2040-cı ilədək inkişafına dair elmi-strateji baxış ortaya qoyulur.

Məqalədə Azərbaycan dilinin gələcək inkişafı yalnız onun qorunması və mövcud vəziyyətinin saxlanılması müstəvisində deyil, dəyişən ictimai, elmi və texnoloji mühitdə funksional imkanlarının genişləndirilməsi baxımından nəzərdən keçirilir. Dil qarşısında duran məsələlər elm və təhsil, rəqəmsallaşma, süni intellekt, korpuslar və digər dil resursları, sosial media, terminologiya, gənclərin dili və beynəlxalq informasiya məkanı kimi bir-biri ilə əlaqəli istiqamətlər üzrə təqdim olunur.

Azərbaycan dilinin milli varlıq, tarixi yaddaş, mənəvi dəyərlər və dövlətçiliklə bağlılığı yazının başlanğıcında əsas fonu müəyyənləşdirir. Lakin bu çərçivə dili yalnız qorunmalı mənəvi sərvət kimi təqdim etməklə məhdudlaşmır. Dilin inkişafı məsələsi onun cəmiyyət həyatının müxtəlif sahələrində nə dərəcədə fəal işlənməsi ilə əlaqələndirilir. Bu baxımdan dilin gücü onun yalnız daşıdığı milli-mədəni məzmunla deyil, həm də müasir kommunikasiya mühitində öz funksiyalarını nə qədər geniş həyata keçirə bilməsi ilə ölçülür.

Məqalədə bu yanaşma dilin inkişafı anlayışının özünü də genişləndirir. XXI əsrdə güclü dil elm və təhsil mühitində, internetdə, informasiya texnologiyalarında və süni intellekt sistemlərində işlək olan dildir. Deməli, dilin gələcəyindən danışarkən yalnız lüğət tərkibinin zənginləşməsi və ya ədəbi norma məsələləri ilə kifayətlənmək mümkün deyil. Dilin müxtəlif fəaliyyət sahələrində istifadəsini təmin edən funksional imkanlar bütöv bir sistem kimi nəzərdən keçirilməlidir.

Məqalədə bu funksional sistemin ən mühüm istiqamətlərindən biri kimi rəqəmsal mühit önə çəkilir. Rəqəmsallaşma və süni intellekt dil qarşısında əvvəlkindən fərqli tələblər yaradır. Müasir texnologiyanın Azərbaycan dilində mətn yaratması, dili tanıması və emal etməsi üçün, sadəcə, çoxlu sayda mətnin mövcudluğu kifayət etmir. Strukturlaşdırılmış, keyfiyyətli və müxtəlif dil məlumatlarının toplanması, sistemləşdirilməsi və texnoloji istifadəyə hazırlanması tələb olunur.

Süni intellekt sistemlərinin Azərbaycan dilini tanıması, emal etməsi və generasiya edə bilməsi üçün böyük həcmdə və sistemləşdirilmiş dil məlumatlarına ehtiyac olması məsələnin texnoloji tərəfini önə çəkir. Sadalanan elektron korpuslar, nitq nümunələri, leksik-qrammatik məlumatlar, terminoloji və dialektoloji bazalar, morfoloji və sintaktik resurslar, işarələnmiş mətnlər isə bir-birindən ayrı resurslar kimi deyil, vahid rəqəmsal dil infrastrukturunun komponentləri kimi düşünülə bilər. Belə infrastruktur dilin yalnız öyrənilməsi və təsviri üçün deyil, onun müasir texnologiyalar tərəfindən tanınması, emalı və generasiyası üçün də zəruri əsas yaradır.

Məqalədə bu rəqəmsal infrastrukturun əsas dayaqlarından biri kimi Azərbaycan dilinin Milli Korpusu önə çıxarılır. Milli Korpus dilin müxtəlif işlənmə sahələrini, üslublarını, janrlarını və zaman kəsiklərini əhatə edən sistemli dil məlumatı bazası kimi yalnız dilçilik tədqiqatları üçün deyil, lüğətçilik, terminologiya, dil tədrisi və dil texnologiyalarının inkişafı üçün də mühüm mənbəyə çevrilə bilər. Xüsusilə strukturlaşdırılmış və müxtəlif səviyyələrdə işarələnmiş korpus məlumatları Azərbaycan dilinin avtomatik tanınması, emalı və generasiyası ilə bağlı texnoloji həllərin yaradılması üçün zəruri məlumat təminatının formalaşmasına xidmət edə bilər.

Milli Korpusun əhəmiyyəti yalnız elektron mətnlərin toplanması ilə məhdudlaşmır. Dilin real işlənmə vəziyyətini görmək, müxtəlif üslub və sahələr üzrə dəyişmələri izləmək, yeni söz və ifadələrin yayılmasını müəyyənləşdirmək, qrammatik və leksik xüsusiyyətləri faktiki material əsasında araşdırmaq üçün korpus mühüm tədqiqat vasitəsidir. Milli Korpus məsələsinin məqalədə ayrıca və strateji istiqamət kimi önə çəkilməsi bu sahənin son illərdə Dilçilik İnstitutunun elmi gündəliyində qazandığı xüsusi əhəmiyyəti də göstərir.

Məqalədə dil dəyişməsinin ən canlı müşahidə məkanlarından biri kimi sosial media da nəzərdən keçirilir. Burada yeni sözlər, ifadələr, ixtisarlar, sintaktik və üslubi modellər qısa müddətdə meydana çıxır və geniş yayıla bilir. Lakin işlənmə faktı ilə ədəbi norma arasında avtomatik bərabərlik yaratmaq mümkün deyil. Yeni dil vahidlərinin ədəbi dilə münasibətinin müəyyənləşdirilməsi üçün onların işlənmə tezliyi, funksional yayılma dairəsi, kommunikativ sabitliyi, dil sisteminə uyğunluğu və müxtəlif kommunikasiya sahələrində qəbul olunması kimi meyarların nəzərə alınması zərurəti ortaya çıxır.

Sosial media ilə bağlı məsələ əslində yalnız yeni dil vahidlərinin meydana çıxması və onların normaya münasibəti ilə məhdudlaşmır. Burada daha geniş problem – dildə baş verən dəyişmələrin sistemli şəkildə müşahidəsi və qiymətləndirilməsi – ortaya çıxır. Əgər yeni dil faktlarının meydana gəlməsi real istifadə materialı əsasında izlənilirsə, onların normativ statusunun müəyyənləşdirilməsi də təsadüfi müşahidələrdən deyil, sistemli məlumatlardan çıxış etməlidir. Bu isə yenidən korpus və monitorinq mexanizmlərinin əhəmiyyətini ön plana gətirir.

Məqalədə yeni anlayışların sürətlə meydana çıxdığı bir şəraitdə terminologiya da dilin funksional imkanlarının mühüm göstəricilərindən biri kimi təqdim olunur. Elm, texnologiya və digər sahələrdə yaranan yeni anlayışların Azərbaycan dilində dəqiq və sistemli ifadəsi yalnız ayrı-ayrı terminlərin yaradılması məsələsi deyil. Terminlərin toplanması, öyrənilməsi, müqayisəsi, ekspert qiymətləndirilməsindən keçirilməsi və sistemləşdirilməsi vahid yanaşma tələb edir. Bu baxımdan rəqəmsal terminoloji mühitin yaradılması terminoloji fəaliyyəti ayrı-ayrı təşəbbüslərdən sistemli informasiya resursuna çevirmək imkanına malikdir.

Terminologiyanın bu şəkildə qoyuluşu elmi dil məsələsi ilə təbii şəkildə birləşir. Azərbaycan dilinin elm və təhsil dili kimi tam funksional imkanlara malik olması üçün elmi mətnlərin, terminoloji sistemlərin və elmi yazı mədəniyyətinin inkişafı bir-birini tamamlamalıdır. Elmi dil yalnız elmi əsərlərin Azərbaycan dilində yazılması ilə məhdudlaşmır; burada biliklərin dəqiq ifadəsi, terminoloji ardıcıllıq, elmi üslubun imkanları və müxtəlif elm sahələrində dilin işləkliyi birlikdə nəzərə alınır.

Məqalədə dil dəyişməsinin başqa bir mühüm tərəfi də gənclərin dilində müşahidə olunan proseslərlə əlaqələndirilir. Gənclərin dili yeni kommunikasiya vasitələrinin, sosial medianın və dəyişən ictimai münasibətlərin təsiri ilə daha sürətli yenilənir. Bu dəyişiklikləri yalnız norma baxımından qiymətləndirmək əvəzinə, onların hansı dil proseslərini əks etdirdiyini sistemli şəkildə öyrənmək dilin gələcək inkişafını anlamaq baxımından əhəmiyyətlidir. Gənclərin dilinin korpus materialları əsasında araşdırılması həm yeni leksik və sintaktik meyilləri izləməyə, həm də dil resurslarının gələcək kommunikativ tələblərə uyğunlaşdırılmasına imkan verə bilər.

Bütün bu məsələlər sonda Azərbaycan dilinin beynəlxalq informasiya məkanındakı mövqeyi ilə əlaqələnir. Müasir dövrdə dilin informasiya məkanındakı imkanları yalnız onun daşıyıcılarının sayı ilə müəyyənləşmir. Rəqəmsal resursların mövcudluğu, internetdə keyfiyyətli məzmunun həcmi, elmi və informasiya platformalarında təmsilçilik, texnoloji sistemlərdə dilin işlənə bilməsi və başqa dillərdən tərcümə imkanları da bu mövqenin mühüm komponentlərinə çevrilir.

Məqalənin davamında bu ümumi inkişaf xətti elmi və institusional təminat məsələsi ilə əlaqələndirilir. Bu yanaşma yazının yalnız dilin müxtəlif istifadə sahələrinə dair təkliflər toplusu olmadığını, həm də 2040-cı ilədək olan perspektivi nəzərə alan elmi-strateji baxış olduğunu göstərir. Haqlı olaraq qeyd edilir ki, 2040 perspektivində dilin inkişafı yalnız ayrı-ayrı tədqiqat və layihələrin həyata keçirilməsi ilə məhdudlaşmamalı, onların vahid milli dil infrastrukturu çərçivəsində əlaqələndirilməsini də nəzərdə tutmalıdır. Bu baxımdan Dilçilik İnstitutunun missiyası ənənəvi dilçilik tədqiqatlarının hüdudlarını aşaraq müasir dil hadisələrinin sistemli öyrənilməsini, milli dil resurslarının yaradılmasının elmi-metodoloji əsaslarının müəyyənləşdirilməsini, müxtəlif qurumlar arasında elmi əlaqələndirməni və yaradılan resursların keyfiyyətinin ekspertizasını əhatə edən daha geniş funksional məzmun qazanır.

Belə bir missiya konkret elmi və tətbiqi istiqamətlərin vahid sistemdə birləşdirilməsini tələb edir. Azərbaycan dilinin Milli Korpusu, rəqəmsal dil resursları, elektron lüğətlər və terminoloji bazalar, dilin rəqəmsal monitorinqi, süni intellekt və avtomatik dil emalı üçün resursların hazırlanması, gənclərin dilinin və beynəlxalq informasiya məkanındakı mövqeyinin öyrənilməsi bu sistemin bir-birini tamamlayan istiqamətlərini təşkil edir. Burada əsas məsələ ayrı-ayrı resursların yaradılması deyil, onların elmi prinsiplər əsasında qarşılıqlı əlaqədə işləməsini təmin edən milli dil infrastrukturunun formalaşdırılmasıdır. Bu baxımdan Dilçilik İnstitutunun elmi potensialı dilin real inkişaf proseslərinin öyrənilməsi ilə yanaşı, həmin proseslərin rəqəmsal, elmi və texnoloji mühitlərdə təmin edilməsinə xidmət edən metodoloji bazanın formalaşdırılmasına yönəlir.

Beləliklə, 2040-cı ilə qədər Azərbaycan dilinin inkişaf perspektivləri haqqında düşüncə xətti yalnız dilin gələcəkdə necə qorunacağı sualı ətrafında qurulmur. Daha geniş və funksional bir məsələ ortaya çıxır: Azərbaycan dili dəyişən dünyada haralarda və hansı imkanlarla işləyəcək? Elm və təhsildə, rəqəmsal platformalarda, süni intellekt sistemlərində, sosial mediada, terminoloji informasiya mühitində və beynəlxalq informasiya dövriyyəsində dilin mövqeyi onun gələcək funksionallığının əsas göstəricilərindən biri kimi çıxış edir.

Bu istiqamətlər bir-birindən ayrı məsələlər deyil, vahid inkişaf məntiqinin qarşılıqlı bağlı mərhələləridir. Dilin qorunması və inkişafı real istifadənin sistemli şəkildə öyrənilməsini və resurslaşdırılmasını da zəruri edir. Bu resurslar, öz növbəsində, dilin müasir texnologiyalarda, o cümlədən süni intellekt sistemlərində işlənməsi üçün baza yaradır; rəqəmsal imkanların genişlənməsi isə Azərbaycan dilinin beynəlxalq informasiya məkanında daha fəal təmsil olunması üçün yeni şərait formalaşdırır. Beləliklə, dilin gələcək inkişaf perspektivi dilin qorunması və inkişafından real istifadənin müşahidəsinə, resurslaşdırmaya, texnoloji tətbiqə və beynəlxalq informasiya məkanına çıxışa doğru hərəkət edən vahid proses kimi təsəvvür olunur. Bu prosesdə dil siyasəti, dilçilik araşdırmaları, korpus və lüğətçilik fəaliyyəti, terminologiya, elmi dil, rəqəmsal resursların yaradılması və dil texnologiyalarının inkişafı bir-birini tamamlayan istiqamətlər kimi çıxış edir.

İlham TAHİROV,
filologiya elmləri doktoru, professor