Ana dilimiz milli varlığımız və qürur mənbəyimizdir

Şrifti böyüt:
Çap et

Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biri də Azərbaycan dilinə dövlət dili statusunun verilməsi təşəbbüsü idi. 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan SSR Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyev 73-cü maddəni aşağıdakı redaksiyada verməyi təklif edib: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”. Heydər Əliyevin bu təşəbbüsü 1978-ci il aprelin 21-də qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında öz əksini tapıb. Ulu Öndər bununla gələcək müstəqil dövlətçiliyin milli rəmzlərindən birini məharətlə qoruyub. 1978-ci il Konstitusiyası, həqiqətən, Ulu Öndər Heydər Əliyevin öz dövləti, vətəni və xalqı qarşısında göstərdiyi böyük xidmət idi.

Bununla bağlı AMEA Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru filologiya elmləri doktoru, professor Nadir Məmmədlinin yazısını təqdim edir.

Müstəqilliyimiz bərpa olunduqdan sonra Azərbaycan dili cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatının bütün sahələrində daha geniş istifadə edilməyə başlanıb, onun dövlət dili kimi maneəsiz inkişafı üçün münbit zəmin yaranıb. Dilimizin kütləviliyi, inkişafı, qayda və tələbləri Ümummilli Lider Heydər Əliyev tərəfindən imzalanan 2001-ci il 18 iyun tarixli “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanda, eləcə də 2002-ci il 30 sentyabr tarixli “Azərbaycan Respublikasının dövlət dili haqqında” qanunda geniş şəkildə öz əksini tapıb.

Hazırda Azərbaycan dilinin özünəməxsus inkişaf qanunları ilə qrammatik quruluşu, zəngin söz fondu, geniş ifadə imkanları, mükəmməl əlifbası, yüksək səviyyəli yazı normaları var. Bu gün cəmiyyət həyatının bütün sahələrində Azərbaycan dilinin geniş işlədilməsi imkanları mövcuddur. Bütün bunlara dövlətçilik tariximizdə o qədər də asanlıqla nail olunmayıb. Müstəqil Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul olunan Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit edilib. Hər hansı bir dilin dövlət statusu alması, şübhəsiz ki, hər bir dövlətin formalaşması ilə bilavasitə bağlı olub.

Xalqımızın tarixində Azərbaycan dili XVI əsrdə Səfəvilər hakimiyyəti dövründə dövlət dili səviyyəsinə qalxsa da, milli dövlətçiliyin itirilməsi nəticəsində həmin ənənənin uzun müddət yaşadılması gerçəkləşməyib. Yalnız 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə Azərbaycan dilinin geniş tətbiq olunması yolunda böyük imkanlar açılıb. Bu sahədə bəzi addımlar atılsa da, gənc respublikanın ömrünün qısa olması Azərbaycan dilinin cəmiyyətdə dövlət dili kimi mövqelərinin tam bərqərar edilməsinə imkan verməyib.

Dahi şəxsiyyət çıxışlarının birində bu barədə deyib: “1921-ci ildə qəbul olunmuş ilk Azərbaycan Konstitusiyasında dövlət dili ilə bağlı heç bir maddə yoxdur. 1937-ci ildə də qəbul edilmiş Azərbaycan Konstitusiyasında dövlət dili haqqında heç bir maddə olmayıbdır... 1977-1978-ci illərdə biz yeni Konstitusiyanı qəbul edərkən bu, şübhəsiz ki, əsas məsələlərdən biri idi. Biz yeni Konstitusiyada Azərbaycan dövlət dilinin Azərbaycan dili olması barədə maddə hazırladıq… Mən həmin Konstitusiyanı hazırlayan komissiyanın sədri idim və bu işlərə rəhbərlik edirdim. 1978-ci ildə, səhv etmirəmsə, aprel ayında biz Konstitusiyanı qəbul etdik. Həmin Konstitusiyada yazıldı ki, Azərbaycanın dövlət dili Azərbaycan dilidir”.

Şübhəsiz ki, müstəqilliyin ən mühüm atributlarından biri dil məsələsidir. Hakimiyyətə gələn Xalq Cəbhəsi dövlət dilinin Azərbaycan dili yox, türk dili ilə əvəz olunmasını, beləliklə, tarixi həqiqətin “geri qaytarılması”na təşəbbüs etdi. Bütün dövlət strukturlarında, orta və ali məktəb dərsliklərində Azərbaycan kəlməsinin türk sözü ilə əvəz olunması ictimaiyyət tərəfindən narazılıqla qarşılandı. Məsələnin ciddiliyini nəzərə alan Ümummilli Lider bununla bağlı müzakirələr keçirdi və xalqımız 1995-ci il noyabrın 12-də referendum yolu ilə öz mövqeyini nümayiş etdirərək Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması müddəasına tərəfdar olduğunu bildirdi. Yeri gəlmişkən, elmi ictimaiyyətə məlumdur ki, obyektiv səbəblərə görə Azərbaycan və Türkiyə türklərinin minilliklər boyu paylaşdıqları türk dili sonralar müxtəlif yönümdə inkişaf edib. “Azərbaycan dili” anlayışı “Azərbaycan – türk dili” modelinin tərkib hissəsidir. Bu, ilk növbədə, türklərin tarix səhnəsində etnos diferensiasiyası ilə bağlıdır. Türk dili Azərbaycan dili anlayışını həm keçmişə bağlayıb, həm də gələcəyə gətirib çıxarıb. Türk dili bütün türk dilləri üçün ümumi ad olaraq, daha sonralar regional təzahürləri ilə adlandırılıb.

Yuxarıda qeyd edilən iki günlük müzakirələrin davamında yekun nəticə belə oldu: 1) türk dili; 2) Azərbaycan türk dili və ya Azərbaycan türkcəsi; 3) Azərbaycan dili. Müzakirələrin 1995-ci il 5 noyabr tarixli yekun iclasında Ulu Öndər çıxışında dedi: “...1978-ci ildə qəbul edilmiş Konstitusiyada Azərbaycan dövlət dili Azərbaycan dili yazıldığına və on illər müddətində Azərbaycan dili həyatımızın hər yerində bərqərar olduğuna görə biz layihənin 23-cü maddəsində yazdıq ki, “Azərbaycanın dövlət dili Azərbaycan dilidir”. O, keçmişimizi, soy-kökümüzün ünvanını da doğru-düzgün göstərərək deyirdi: “Bizim keçmişimiz məlumdur, biz onu inkar etmirik, - yenə də deyirəm, biz türk mənşəli bir xalqıq. Bizim dilimiz türk dilləri qrupuna məxsus dildir. Ancaq o 23 dil kimi, bizim də öz dilimiz var”.

Beləliklə, müstəqil Azərbaycan Respublikasının 1995-ci il 12 noyabr referendumu ilə qəbul olunmuş Konstitusiyada Azərbaycan dili dövlət dili kimi təsbit olundu.

Ümummilli Lider Heydər Əliyev dövlət dili probleminin tarixi-fəlsəfi, hüquqi və milli-mənəvi konsepsiyaya əməl olunmaqla həllini gerçəkləşdirmək işinə böyük önəm verdi. Ulu Öndərin qarşıya qoyduğu bu vacib məsələ Azərbaycan dilçiləri tərəfindən sosiolinqvistik planda müvəffəqiyyətlə yerinə yetirildi. Akademik Ağamusa Axundov dövlət dilimizin adını Azərbaycan dili kimi tanınmasını (de-yurye, de-fakto) tarixilik və dövlətçilik baxımından demokratik tərzdə hərtərəfli əsaslandırdı. Bununla da, dilimizin adı və məzmunu həm siyasi, həm də elmi cəhətdən birmənalı şəkildə təsbit olundu.

Dahi şəxsiyyətin Azərbaycan dilinin inkişafındakı xidmətlərindən danışarkən bir məsələni də mütləq xatırlatmalıyıq. Bu, 1990-cı il sentyabrın 11-də əlifba komissiyasının yaradılması ilə bağlıdır. Təklif olunan əlifba Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 1991-ci il dekabrın 25-də keçirilən iclasında müzakirəyə çıxarılır və “Latın əlifbası əsaslı Azərbaycan əlifbasının islah edilməsi haqqında” Azərbaycan Respublikasının qanunu qəbul edilir. Yeni əlifbanın təsdiqindən sonra da müzakirələr səngimir. Lakin müxtəlif səbəblərdən 10 il latın qrafikalı yeni əlifba kirill əlifbası ilə paralel işlənir, yalnız Ulu Öndər Heydər Əliyevin 2001-ci il 18 iyun tarixli Fərmanından sonra bütün Azərbaycan ərazisində latın əlifbasına keçilir.

Bu məqamda qeyd etmək yerinə düşər ki, 2001-ci il avqustun 1-də Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi elan edilməsi ilə iki əlifbadan istifadəyə birdəfəlik son qoyuldu. Latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkəmizdə 2001-ci il avqust ayında bütövlükdə təmin edilməsi və yeni əlifbadan istifadəsi müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə oldu. Ölkəmizin tarixində ilk dəfə ana dili və onun əlifbasının şərəfinə ayrıca günün təsis olunması müstəqil dövlətimizin ana dilinə nə qədər ciddi yanaşdığını əks etdirən tarixi amildir.

Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə işlənib-hazırlanan və 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası, “Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanı dilimizin hüquqi statusunu, onun işlənməsi, qorunması və inkişafı üçün zəruri olan tədbirləri müəyyənləşdirib. Müstəqilliyimizin qazanılmasından sonra yaranmış tarixi şərait xalqımızın dünya xalqlarının ümumi yazı sisteminə qoşulması üçün yeni perspektivlər açdı və latın qrafikalı Azərbaycan əlifbasının bərpasını zəruri etdi. Bu isə müvafiq qanun qəbul olunması ilə nəticələndi.

Ana dilimizi qorumaq üçün böyük addımlar atan Ümummilli Liderin siyasi xətti Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir. Dövlətimizin başçısının 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamıma əsasən, davamlı şəkildə latın qrafikalı Azərbaycan əlifbası ilə çap olunacaq əsərlərin siyahısı hazırlandı. Bütün bunlarla yanaşı, həmin il yanvarın 14-də “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, eləcə də 2007-ci il dekabrın 30-da “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamlarla ana dilinin həyatımızın bütün sahələrində müfəssəl tətbiqi gerçəkləşib.

Müasir dövrün tələblərini və reallıqlarını nəzərə alan Azərbaycan Prezidentinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq etməsi milli və mənəvi varlığımızın güzgüsü olan ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından mühüm tarixi hadisədir. Prezident İlham Əliyevin “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 17 iyul tarixli Sərəncamı Azərbaycan dilinin inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Dövlətimizin başçısının 2018-ci il noyabrın 1-də imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı isə ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq edir. Dil quruculuğu ilə bağlı olan bu sənəd Azərbaycan dilinin milli-mənəvi, siyasi-hüquqi statusunun möhkəmlənməsi istiqamətində atılmış mühüm addımlardan biridir.